Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Azərbaycan xalçaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Rahib Kərimov açıb. Bildirib ki, Azərbaycan xalçalarının böyük bir qolunu Naxçıvan xalçaları təşkil edir. Naxçıvan özünün memarlıq, incəsənət məktəbləri, köklü təhsil ənənələri ilə yanaşı, xalçaçılıq sənəti ilə də dünyada tanınıb. Vaxtilə evlərdə palaz, kilim, sumax, vərni, şəddə, zilli və cecim kimi xalça növləri toxunub, xalçatoxuma sənəti inkişaf etdirilib. Hal-hazırda bu sənət dövlətimizin dəstəyi ilə yaşadılır.
Naxçıvanda xalçaçılıq sənətinin tarixi haqda slaydların nümayiş etdirildiyi tədbirdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də dəyərini saxlamaqdadır. Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa bölgələrində daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi diqqəti cəlb edir.
Vurğulanıb ki, Azərbaycanda, o cümlədən Naxçıvanda istehsal edilən iriölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə olunub. Arxeoloji qazıntılar zamanı əldə edilən ibtidai gil cəhrələr və sümükdən hazırlanan iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiqləyir. Orta əsr müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər. Bu da xarakterikdir ki, Naxçıvan xalçalarındakı həndəsi və nəbati formalı naxışlara, mifoloji cizgilərə bu ərazidəki tarix və mədəniyyət abidələrində də rast gəlinir.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Naxçıvan Dövlət Xalça Muzeyində olublar.
Səbuhi Hüseynov