Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olmuşlar.
Məlumat verilmişdir ki, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmışdır. Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılan muzeydə arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsi ilə tanışlıq zamanı məlumat verilmişdir ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilmişdir. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar vermiş və bundan sonra məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmişdir. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Kompleksdə açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında isə məlumat verilmişdir ki, muxtar respublika ərazisindən tapılmış bu maddi-mədəniyyət nümunələri, əsasən, daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələrdən ibarətdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının kollektivi də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət etmişdir.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin kollektivləri Ədəbiyyat Muzeyində, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları Dövlət Bayrağı Muzeyində, İqtisadiyyat, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin kollektivləri Heydər Əliyev Muzeyində, Rabitə və Yeni Texnologiyalar, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin kollektivləri Cəlil Məmmədquluzadənin ev-muzeyində, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Xatirə Muzeyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kollektivləri Cəmşid Naxçıvanskinin ev-muzeyində olmuşlar.
Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Mərkəzi Seçki Komissiyası, Dövlət Sosial Müdafiə Fondu və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini, Dövlət Statistika, Meliorasiya və Su Təsərrüfatı komitələrinin, Televiziya və Radio Şurasının, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və “Şərq qapısı” qəzetinin əməkdaşları isə Bəhruz Kəngərli Muzeyini ziyarət etmiş, adıçəkilən muzeylərlə əyani tanış olmuşlar.
Mayın 21-də muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeyləri ziyarət etmişlər.
“Şərq qapısı”