Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin may ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 may tarixli qərarı ilə “Gömrük yığımlarının məbləğləri” təsdiq edilmişdir.
“Gömrük yığımlarının məbləğləri” Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir.
Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 may tarixli 51 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” təsdiq edilmişdir.
Bu Qaydalar Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, muxtar respublika ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə dövlət səhiyyə müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Göndərişlər onlara tibbi xidmət göstərən poliklinikalar, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları stasionar səhiyyə müəssisələri tərəfindən verilir.
Həmin tarixdə qəbul edilmiş 52 nömrəli qərarla isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 14 mart tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişikliklər edilmişdir.
Bundan başqa, 2016-cı ilin 18 may tarixində qəbul edilmiş 53 nömrəli digər bir qərarla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 20 aprel tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edilmişdir.
Həmin tarixdə qəbul edilmiş 54 nömrəli qərarla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 avqust tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda və 55 nömrəli qərarı ilə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 oktyabr tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilmişdir.
Qəbul edilmiş normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www. huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.