XX əsrdə Azərbaycan xalqına öz dövlət müstəqilliyini iki dəfə bərqərar etmək nəsib olmuşdur. Təxminən bir əsrlik müstəmləkə həyatından sonra 1918-ci ildə elan edilən istiqlaliyyət cəmi 23 ay hökm sürsə də, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa ediləndə artıq 1970-1980-ci illərdə müstəqilliyin sosial-iqtisadi və maddi-mənəvi əsasları yaradılmışdı. Bu təməl xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə tariximizə qızıl hərflərlə yazılmış intibah mərhələsində qoyulmuşdu.
Hələ 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərkən öz sələfindən ictimai-siyasi həyatında anarxiya və hakimiyyətdaxili intriqaların baş alıb getdiyi, sosial-iqtisadi cəhətdən durğunluğun və dərin böhranın yaşandığı geridə qalmış aqrar ucqar kimi xarakterizə olunan bir respublikanın idarəçiliyini təhvil almışdı.
Ulu öndər Heydər Əliyev dövlət təhlükəsizliyi sistemində işlədiyi ilk gündən əldə etdiyi imkandan istifadə edib heç nədən qorxmadan, böyük vətənpərvərlik və uzaqgörənlik ruhunda öz doğma xalqına xidmət etmişdi. DTK-nın rəhbər strukturlarındakı fəaliyyəti dövründə bu orqanın azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərən ümummilli liderimiz Heydər Əliyev respublikaya rəhbərliyə başlayan kimi qısa müddətdə idarəçilik sistemini xeyli möhkəmlətmiş, sosial-iqtisadi tədbirlər həyata keçirmiş, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başlamışdır. Aparılan ardıcıl mübarizə nəticəsində qısa müddətdə Azərbaycanda əlverişli sosial-iqtisadi və mənəvi-siyasi şərait yaradılmışdır.
1970-1980-ci illərdə neft-qaz hasilatı sənayesinə və neftayırma zavodlarının yenidən qurulmasına 4 milyard manatdan çox vəsait qoyulmuşdur. Nəticədə, 1980-ci illərin sonunda Azərbaycan keçmiş SSRİ-də istehsal olunan neftçıxarma texnikasının üçdə iki hissəsini verir, neft maşınqayırma sahəsində ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu. 1969-1982-ci illərdə 213 iri sənaye müəssisəsi tikilmiş, sənaye məhsulu istehsalı 2,7 dəfə artaraq əvvəlki 50 ildə olduğu qədər – 101,5 milyard manatlıq məhsul istehsal edilmiş, Azərbaycan sənaye məhsulunun istehsal artımına görə SSRİ-də birinci yerə çıxmışdı. Bakı SSRİ-nin əsas sənaye mərkəzlərindən və beş böyük şəhərindən birinə çevrilmişdi. Azərbaycanın 120-dək müəssisəsində istehsal olunan 350 növ məhsul dünyanın 80 ölkəsinə satılırdı. İxracla idxal arasında 1,5-2 milyard manatlıq müsbət saldo yaranmışdı.
Meliorasiya və su təsərrüfatı kompleksinə qoyulan vəsaitin məbləği (2 milyard manat) əvvəlki 50 il ərzində bu sahəyə qoyulan vəsaitdən 2,5 dəfə çox olmuşdu. Kənd təsərrüfatının məcmu məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmiş, məhsul artımı 11,1 milyard manata çatmışdı. Bu dövrdə 7,7 min kilometr şose, 260 kilometr dəmir yolları çəkilmişdi. 1985-ci ildə Bakı limanından dünyanın 120 limanına gəmilər səfər edir, paytaxtdan respublikanın 12, SSRİ-nin 80 şəhərinə təyyarələr uçurdu. Bakı metropoliteninin 8 yeni stansiyası istismara verilmişdi.
1969-1982-ci illərdə 18,5 milyon kvadratmetr mənzil sahəsi (376,1 min yeni mənzil) istifadəyə verilmiş, 2,2 milyondan çox adam, yəni respublikanın hər üç sakinindən biri yeni evdə məskunlaşmışdı. 1970-1982-ci illərdə iqtisadiyyatın inkişafına 23,9 milyard manat vəsait qoyulmuşdu ki, bu da əvvəlki 50 ildəkindən 1,4 dəfə çox idi. Bu zaman milli gəlirin yalnız artım hissəsi 5 milyard 370 milyon manat təşkil etmiş, onun adambaşına düşən hissəsi 2 dəfə artmış, 633 min yeni iş yeri yaradılmışdı.
Məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə çatmış, 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, 6 yeni ali məktəb yaradılmışdı. 1970-80-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil alaraq yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmışdı. 1971-ci il iyul ayının 28-də Cəmşid Naxçıvanski adına hərbi məktəb açılmış, 1970-80-ci illərdə SSRİ-nin ali hərbi məktəblərində iki mindən çox azərbaycanlı zabit hazırlanmışdı. Qısa müddətdə SSRİ müdafiə sənayesinin Azərbaycanda on bir böyük zavodu tikilmişdi.
1970-1980-ci illərdə Azərbaycanda 1155 kitabxana, 1316 klub, 44 muzey, 50 min yerlik 111 kinoteatr istifadəyə verilmişdi. 1980-ci ilin sonunda respublikada artıq ümumi kitab fondu 31,7 milyon nüsxə olan 3858 kütləvi kitabxana, 3212 klub və mədəniyyət evi, 2300 kino qurğusu var idi. 21 min yerlik xəstəxana və poliklinikalar istifadəyə verilmişdi.
1978-ci il Konstitusiyasında Azərbaycan dilinin ali səviyyədə rəsmi dil statusu alması, oncildlik Azərbaycan Sovet Ensiklopediyasının, üçcildlik “Müasir Azərbaycan dili” dərsliyinin işıq üzü görməsi, “Türkologiya” jurnalının nəşrə başlaması, Azərbaycan ziyalılarının imperiyanın təqiblərindən qorunması, görkəmli elm, mədəniyyət və ədəbiyyat xadimlərinə dövlət mükafatlarının, fəxri adların verilməsi, onların yubileylərinin keçirilməsi, abidələrinin qoyulması, milli ruhlu tarixi filmlərin çəkilişi, mədəniyyət kollektivlərinin və rəssamların qastrol və sərgilərinin təşkili və sair bu kimi faktlar 1970-80-ci illərdə milli-mənəvi həyatın və milli özünüdərk prosesinin sürətli dirçəlişini səciyyələndirirdi.
Beləliklə, ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.
XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində beynəlxalq aləmdə yaranmış yeni tarixi şəraiti ingilis filosofu A.Toyubinin sözləri ilə ifadə etmək düzgün olardı: “Biz elə bir dövrdə yaşayırıq ki, tarix hamımıza meydan oxuyur”. Məhz bu məqamda ümummilli lider öz siyasi varlığının bütün nəhəngliyi ilə yenidən meydanda görünmüş, hamıdan fərqli olaraq tarixə meydan oxumağa başlamışdır. Müstəqillik ab-havasının duyulduğu bir vaxtda Azərbaycanı yenidən müstəmləkə həyatına sürükləməyə cəhd edənləri və müstəqilliyin ilk illərində ölkəmizi sosial-iqtisadi böhrana və ictimai-siyasi anarxiyaya düçar edən psevdodemokratları siyasi səhnədən xalqa arxalanaraq uzaqlaşdıran, tarixin arxivinə göndərən ulu öndər Heydər Əliyev özünün yaratdığı sosial-iqtisadi və mənəvi-siyasi potensial üzərində müstəqil Azərbaycan dövlətini ucaltmışdır.
1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iki gün sonra isə Naxçıvana qayıdan ulu öndər Azərbaycanın xilası yoluna muxtar respublikadan başlamışdır. Həmin il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Onun təşəbbüsü ilə qəbul edilən tarixi qərarlar müstəqil dövlətçiliyin məhz Heydər Əliyevin liderliyində qurula biləcəyinin sübutu idi. Ümummilli liderin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi böyük liderlik fəaliyyəti bu tarixi həqiqətin dəfələrlə təsdiq edilməsi faktları ilə zəngin olmuşdur. Yenicə müstəqillik əldə etmiş dövlətimizin dünya miqyasında təkləndiyi, xalqın müstəqilliyə olan ümidlərinin ölkə rəhbərliyi tərəfindən tamamilə məhv edildiyi bir dövrdə ulu öndər məhz Naxçıvanda müstəqillik atributlarını bərpa edirdi. Muxtar respublikanı blokadanın çətinliklərindən qurtarmaq, böyük mənada isə ölkəmizin beynəlxalq aləmlə əlaqələrini təmin etmək, müstəqilliyimizin gələcəyinə inam yaratmaq üçün Azərbaycanı qardaş Türkiyə ilə birləşdirən “Ümid körpüsü” salınmışdır. Paytaxt Bakıda ən müxtəlif antimilli siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda amansız mübarizənin getdiyi bir vaxtda ulu öndər Heydər Əliyev yeni tarixi zamanda xalqımızın yekdil dəstəyini qazanaraq Azərbaycan dövlətçiliyini quracaq, müstəqilliyin qarantı rolunda çıxış edə biləcək ümummilli siyasi təşkilatı – Yeni Azərbaycan Partiyasını yaratmışdır.
Belə bir vəziyyətdə obyektiv tarixi zərurətin diktəsi, ictimai-siyasi hadisələrin axarı və xalqın böyük təkidi nəticəsində 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı reallaşdı. Cəmi iki il ərzində sosial-iqtisadi böhranı aradan qaldırmağa, Azərbaycanı parçalanmaqdan xilas etməyə, vətəndaş müharibəsinə son qoymağa, nizami milli ordu yaratmağa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə etməyə, qeyri-qanuni silahlı birləşmələri tərk-silah edərək dayanıqlı ictimai-siyasi sabitlik yaratmağa nail olan ulu öndər 1996-cı ildən ölkədə böyük quruculuq işlərinə başlamışdır. 1993-2003-cü illər Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini təmin etmək üçün zəruri əsasların bərqərar olması, müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsi, demokratik dövlətin zəruri hüquqi bazasının yaradılması, iqtisadi islahatlara başlanılması, birinci özəlləşdirmə proqramının, torpaq islahatının başa çatdırılması, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin, beynəlxalq iqtisadi münasibətlərə inteqrasiyanın əsaslarının yaradılması dövrü olmuşdur. Bunların hamısının əsasında isə dahi öndərin uğurla hazırlayıb həyata keçirdiyi yeni neft strategiyası və yaxşı işlənib hazırlanmış çoxvektorlu xarici siyasət dayanırdı.
Azərbaycanda demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun memarı ulu öndər Heydər Əliyevdir. Ölkəmiz qısa müddətdə bütün insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edildiyi müasir dövlətə çevrilmişdir. 1998-ci il fevralın 10-da bütün Şərq xalqlarının tarixində ilk dəfə olaraq məhz Azərbaycanda ölüm hökmü ləğv edilmiş, həmin il aprelin 6-da isə mətbuat üzərində senzura aradan qaldırılmışdır.
ABŞ dövlət xadimi, məşhur politoloq Z.Bjezinski deyirdi: “Heydər Əliyev XX əsrin ən görkəmli siyasətçilərindən biridir. Siyasi hədəfləri düzgün seçməsi və böyük ruh yüksəkliyi ilə rəhbərlik etməsi Heydər Əliyevi tarixi şəxsiyyətlərdən Corc Vaşinqton və Avraam Linkolnla, müasir dövlət xadimlərindən isə Çörçill, Ruzvelt və Şarl de Qolla bir sıraya çıxarır. Onun uzaqgörənliyi və fitri qabiliyyəti, fəhmi və qətiyyəti olmasaydı, Azərbaycan dövlətini yaratmaq da mümkün olmayacaqdı”.
Məhz ümummilli lider Heydər Əliyevin siyasi konsepsiyası və dövlətçilik nəzəriyyəsi Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını təşkil edərək onun özü tərəfindən yaradılan müstəqilliyin möhkəm təməlləri üzərində real həyata vəsiqə almış, ölkəmizin hərtərəfli inkişafı və əbədi istiqlaliyyəti üçün alternativsiz yola çevrilmişdir. 2003-cü ildən üzübəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu dövlətçilik yolu müasir, XXI əsr Azərbaycanının simasını müəyyən etmiş, ölkəmizin dünya dövlətləri arasında özünəməxsus yerini və beynəlxalq siyasətdə rolunu müəyyənləşdirmişdir.
2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,6 milyard ABŞ dolları idisə, indi bu rəqəm 50 milyard dollardan çoxdur. Azərbaycanda ümumdaxili məhsul istehsalı 2003-cü ildən ötən dövrdə 7 dəfədən çox artaraq 2015-ci ildə 54 milyard manatdan çox olmuşdur. Bu müddətdə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 170 milyard dolları ötmüş, 1,3 milyon iş yeri açılmışdır ki, bunun da bir milyondan çoxu daimi iş yeri olmuşdur. Ölkədə yoxsulluq və işsizlik səviyyəsinin on dəfə azalaraq 5 faizə düşməsi dövlətimizin sosialyönümlü siyasətinin başlıca nəticələrindəndir.
Azərbaycan regionda yalnız siyasi və iqtisadi baxımdan deyil, hərbi cəhətdən də ən güclü dövlətlərdən birinə çevrilmişdir. 2004-cü ildə Azərbaycanın dövlət büdcəsində müdafiə xərclərinə cəmi 180 milyon manat ayrılmışdısa, 2015-ci ildə bu rəqəm 21 dəfə artaraq 3,8 milyard manat təşkil etmişdir.
Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanaraq 2011-ci il oktyabr ayının 24-də BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi ölkəmizin uğurlu xarici siyasətinin kulminasiya nöqtəsi olmuşdur. 2013-cü il fevral ayının 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması, Avropa Olimpiya Komitəsi tərəfindən 2015-ci ilin iyun ayında Avropada ilk Olimpiya Oyunlarının Bakıda keçirilməsi tarixi hadisə və ölkəmizin böyük uğuru olmaqla yanaşı, həm də Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir.
Heç şübhəsiz ki, bütün bu nailiyyətlər Azərbaycanda ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasətinin davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinə, əbədiliyinə istiqamətlənmiş milli dövlətçilik nəzəriyyəsinin başlıca prinsiplərini Azərbaycan Prezidenti cənab İlham Əliyev belə müəyyənləşdirmişdir: “Biz bilirik nə istəyirik, biz bilirik hansı məqsədlərə doğru gedirik. Bizim siyasətimiz açıqdır, aydındır, atılan addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da gücləndirmək, dünyada Azərbaycanın mövqelərini möhkəmləndirməkdir. Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız Azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”.
Bu il 25-ci ildönümünü qeyd edəcəyimiz müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin şah əsəridir. Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır. Müstəqillik xalqımızın ən böyük sərvəti, ən böyük nemətidir. Bu müstəqilliyi isə bizə ulu öndərimiz bəxş etmişdir. Ona görə də nə qədər Azərbaycan var, Heydər Əliyev də var olacaqdır.
Elman CƏFƏRLİ
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru