Mayın 25-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən 28 May Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu vəzifəsini icra edən Şahin Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən ətraflı bəhs etmiş, müstəqilliyin qazanılmasında xalqımızın üzləşdiyi çətinliklərdən və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, dahi şəxsiyyət xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz düşdüyü bəlalardan xilas olmuş, dövlət müstəqilliyimiz əbədi xarakter almışdır. Bu gün Azərbaycanda əldə olunan yüksək iqtisadi inkişaf və sabitlik dünya ölkələri ilə münasibətlərin genişləndirilməsinə imkan verir. Dost və qonşu dövlət olan İranla əlaqələrin inkişafı da bu mənada mühüm əhəmiyyət daşıyır. Son illər hər iki ölkə prezidentlərinin həyata keçirdiyi rəsmi səfərlər, imzalanan sənədlər, göstərilən qarşılıqlı dəstək əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də İranın yaxın vilayətləri arasında əlaqələr bir çox istiqamətdə uğurla inkişaf etdirilir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə və İslam dünyasında demokratik quruluşlu ilk respublika olduğunu bildirmiş, ölkəmizin 70 il Sovetlər Birliyinin tərkibində qaldığını və 1991-ci ildə yenidən müstəqillik qazandığını diqqətə çatdırmış, bu gün Cənubi Qafqazın inkişaf edən ölkəsinə çevrilən Azərbaycanla İran arasındakı əlaqələrdən danışmışdır.
İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti valisinin müavini Səid Şəbüstəri çıxış edərək 28 May Respublika Günü münasibətilə təbriklərini çatdırmış, İran-Azərbaycan əlaqələrinin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov öz çıxışında Azərbaycanın müstəqillik tarixi haqqında məlumat vermişdir.
Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafından, turizm potensialından və mədəni irsindən bəhs edən film nümayiş olunmuş, Azərbaycan xalq mahnıları səslənmiş, ziyafət verilmişdir.
Rəsmi qəbulda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu, ictimaiyyətin nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etmişlər.
“Şərq qapısı”