Naxçıvan Dövlət Universitetinin nəzdindəki Heydər Əliyev Universitetinin “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” adlı növbəti məşğələsi keçirilib.
Məşğələni universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb, 15 iyunun ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın kökü qədimlərə gedən dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
Universitetin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” adlı məruzə ilə çıxış edib.
Qeyd olunub ki, hər bir xalqın minilliklər boyu formalaşmış dövlətçilik ənənələrinin praktik şəkildə gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradənin olması mühüm şərtdir. Ancaq mənən güclü, xalqına bağlı, vətənpərvər liderə malik olmayan xalqın real şansdan yetərincə yararlanması, milli iradəsini toplayaraq müstəqillik, azadlıq ideallarına qovuşması da mümkün deyildir. Yaranmış müəyyən əlverişli mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq hüququ qazanırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasındadır. Azərbaycanın ötən əsrin 90-cı illərində düşdüyü bəlalardan xilas olunması, itirilməkdə olan dövlət müstəqilliyimizin əbədi, dönməz xarakter alması ulu öndərimizin adı ilə bağlıdır.
Diqqətə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etdi. Xalq illər boyu ürəyində yaşatdığı, can atdığı istiqlala qovuşdu. Lakin çox keçmədi ki, ölkəmiz ağır sınaqlarla üzləşdi. Artıq Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması üçün təhlükə göz qabağında idi. 1991-1993-cü illərdə ölkəmizin yaşadığı anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız Heydər Əliyev kimi qətiyyətli, iradəli siyasi lider Azərbaycanı bu bəlalardan xilas edə, yenicə qazanılmış müstəqilliyimizi yaşada bilər.
Vurğulanıb ki, Azərbaycanı müstəqilliyə hazırlayan xalqımızın böyük oğlu Heydər Əliyev belə bir vəziyyəti kənardan seyr edə, xalqın çağırışına, tələbinə biganə qala bilməzdi. 1993-cü il iyun ayının 9-da ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin Bakıya qayıdışı respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı və 6 gün sonra Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə Azərbaycanda bütün sahələrdə əsaslı dönüş baş verdi. Dağılmış iqtisadiyyat bərpa olundu, yeni-yeni müəssisələr işə salındı, yeni iş yerləri yaradıldı, “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın milli sərvətləri xalqımızın rifah halının yaxşılaşdırılmasına yönəldildi. Ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, qanunların aliliyinə əsaslanan hüquqi-demokratik idarəçilik sistemi bərqərar oldu, qabaqcıl dünya təcrübəsinin ən yaxşı nailiyyətlərini özündə cəmləşdirən Konstitusiya qəbul edildi. Sosial-mədəni həyatın bütün sahələri əsl inkişafa qovuşdu.
Bildirilib ki, bu gün ölkə başçısı cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Bu səbəbdəndir ki, doğma Vətənimiz Azərbaycan inkişafın yeni müstəvisindədir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ölkəmizdə nail olunmuş böyük tərəqqinin daha geniş və parlaq müşahidə edildiyi məkandır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır. Bütün bunlar isə zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasət yolumuza daim işıq saçır, bizi zəfərlərə aparır.
Nərmin Cəfərova