24 Dekabr 2024, Çərşənbə axşamı

Bugünkü müstəqil Azərbaycan Respublikası, sürətlə inkişaf edən, çiçəklənən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli lider bütün həyatı boyunca vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Ona görə də qədirbilən naxçıvanlılar əvəzolunmaz liderin ölkəmiz naminə gördüyü bütün işləri heç vaxt unutmur, Onun dünyaya göz açdığı günü bayram əhval-ruhiyyəsində qeyd edirlər.
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Ali Məclisin Sədri və tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək ümummilli liderimizin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Muzeylə tanışlıqdan sonra Ali Məclisin Sədri ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: “Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin memarı, qurucusu, xilaskarı və əbədiyaşar lideridir. O insanlar tarixdə əbədi yaşayır ki, onun həyat və fəaliyyəti xalqına və dövlətinə həsr olunsun. Ulu öndər Heydər Əliyev belə görkəmli şəxsiyyət­lərdəndir. Ümummilli liderin ideyaları bu gün də yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyev dahi şəxsiyyətin yolunu, ideyalarını davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirmişdir”.
Naxçıvan yalnız qədim, antik mədəniyyəti ilə deyil, həm də müasirliyi ilə fərqlənir. Təsadüfi deyil ki, tarixilik və müasirliyin vəhdətində inkişaf edən Naxçıvan şəhərinə hər il on minlərlə turist gəlir. Bu səbəbdən də turistlərin istirahətinin mənalı təşkili və muxtar respublika paytaxtı ilə yaxından tanış olmaları diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.
Mayın 2-dən Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlayıb. “Təbriz” mehmanxanasının qarşısından hərəkətə başlayacaq turistlər 2 saat ərzində 14 kilometr məsafədə marşrut üzrə Naxçıvan şəhərinin tarixi abidələri, mədəniyyət obyektləri, görməli yerləri və müasir inkişafı ilə yaxından tanış olacaqlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf və davam etdirilir. Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan-İran əlaqələri bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlib. Son illər hər iki ölkə tərəfindən imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açıb. Bu gün İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında mövcud iqtisadi və ticarət əlaqələri inkişaf edir.
Mayın 4-də İran İslam Respublikasının Poldəşt Gömrük terminal kompleksinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Ali Məclisin Sədri İran İslam Respublikasında Poldəşt Gömrükxanasının istifadəyə verilməsinin dost və qonşu ölkələrimiz arasında əlaqələrin inkişafına dəyərli töhfə olduğunu bildirib, bu münasibətlə tədbir iştirakçılarını və istifadəçiləri təbrik edərək deyib: “Azərbaycan və İran qonşu və qardaş dövlətlərdir. Xalqımızı əsrlər boyu formalaşmış tarixi və müştərək dəyərlər birləşdirir. Bu dəyərlərin inkişafına daim mühüm əhəmiyyət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan-İran əlaqələrini mehriban qonşuluq və dostluq əlaqələri səviyyəsinə qaldırmışdır. Əlaqələrimizin daha da dərinləşməsində mühüm rolu olan Şahtaxtı-Poldəşt körpüsünün açılması da ulu öndər Heydər Əliyevin 1992-ci ildə Naxçıvanın rəhbəri kimi İrana rəsmi səfəri zamanı imzalanmış əməkdaşlıq protokolunda ayrıca bənd kimi öz əksini tapmış və 1992-ci il dekabr ayının 3-də ulu öndər Heydər Əliyevin və o zaman da Qərbi Azərbaycan Vilayətinin ostandarı olan Qurbanəli Səadətin iştirakı ilə Şahtaxtı-Poldəşt körpüsünün açılışı olmuşdur. Açılış tədbirində çıxış edən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bu keçid məntəqəsinin açılması İran-Azərbaycan əlaqələrinin genişlənməsinə xidmət edir. Mən arzu edirəm ki, daimi körpünün tikintisi də tezliklə başa çatdırılsın və beləliklə, bizim əlaqələrimiz daha da möhkəmlənsin”.
Qonşu ölkələrdən söz düşmüşkən, qardaş Türkiyə Respublikasının yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında münasibətlər də bu gün davamlı inkişaf edir, iqtisadi-ticarət, elmi, mədəniyyət əlaqələri güclənir.
Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Davut Haner, Ərzurum Vilayətinin valisi Əhməd Altıbarmak və Ağrı Vilayətinin valisi Musa İşın ilə görüşüb.
Son illər muxtar respublikada peşə təhsilinin inkişafı diqqət mərkəzində saxlanılır, peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası ilbəil möhkəmləndirilir. Ordubad Texniki-Peşə və Sürücülük Məktəbi üçün yeni kompleksin istifadəyə verilməsi də muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Mayın 5-də – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Ordubad Texniki-Peşə və Sürücülük Məktəb kompleksinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış tədbirində iştirak edib.
“Peşə məktəblərinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Çünki peşəsi olmayan gənc gələcəkdə heç nəyə müvəffəq ola bilməz”, – deyən Ali Məclisin Sədri bildirib ki, bu gün Azərbaycanda, eləcə də onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında qurulanlar, yaradılanlar, mövcud inkişaf ulu öndər Heydər Əliyev siyasətinə sədaqətin və bu yolun uğurla davam etdirilməsinin nəticəsidir. Ulu öndərimizin doğum günü ərəfəsində istifadəyə verilən Ordubad Texniki-Peşə və Sürücülük Məktəbi də dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsinin daha bir nümunəsidir. Ona görə də gənclərimiz bu yol üçün çalışmalı, bu yolun davamı üçün səy göstərməlidirlər. Hər bir gənc, ilk növbədə, yaxşı oxumalı, yaxşı peşə öyrənməli, ölkəsinə, Vətəninə, millətinə sədaqətlə xidmət etməlidir. Budur Heydər Əliyev yolu.
Bu gün əhalinin başqa təbəqələri ilə müqayisədə şəhid ailələrinin sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə daha çox ehtiyacı olduğunu nəzərə alan Azərbaycan dövləti onlara xüsusi diqqət və qayğı göstərir. Bu mənada, Naxçıvan Muxtar Respublikasında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının ailə üzvlərinin, əlil olmuş insanların, o cümlədən Böyük Vətən müharibəsi iştirakçılarının sosial-məişət qayğılarının həlli xüsusilə diqqət mərkəzində saxlanılır.
Mayın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu ilin aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunub.
Bu gün dünyada baş verən maliyyə böhranları və dünya bazarında neftdən tutmuş ərzağadək bütün məhsulların qiymətlərindəki qeyri-stabillik ərzaq təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirir. Sevindirici haldır ki, muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasını, sənaye və kənd təsərrüfatının bütün sahələrinin inkişafı məsələsini ön plana çıxarıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq olunması yerli istehsal müəssisələrinin fəaliyyətinin stimullaşdırılmasına, müəssisə və təşkilatların vaxtında ərzaq məhsulları ilə keyfiyyətli və davamlı təchizatına imkan verir.
Mayın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunacaq dövlət müəssisə və təşkilatlarının rəhbərləri və sahibkarlarla görüşüb.
1941-1945-ci illər müharibəsində bütün Azərbaycan xalqı kimi, naxçıvanlılar da böyük şücaətlər göstəriblər. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb, göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını orden və medallarla təltif olunub. Bu gün muxtar respublikada Böyük Vətən müharibəsində həlak olanların xatirəsi əziz tutulur.
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək Böyük Vətən müharibəsi veteranları ilə görüşüb, onları alman faşizmi üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbrik edib.
Özünün sürətli sosial-iqtisadi inkişafı ilə diqqətləri cəlb edən, beynəlxalq tədbirlərin keçirildiyi diyara çevrilən Naxçıvan Muxtar Respublikası həm də beynəlxalq idman yarışlarının məkanı kimi şöhrət qazanıb. Doğma yurdumuz bu gün dünyanın şahmat arenasında da özünün layiqli yerini tutub, dünyada həm də beynəlxalq şahmat festivallarının ev sahibi kimi tanınıb. Artıq altıncı dəfədir, Naxçıvanda hər ilin may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş beynəlxalq şahmat festivalı keçirilir. Hər il dünyanın müxtəlif ölkələrindən onlarla tanınmış şahmatçı yarışlarda iştirak etmək üçün Naxçıvana gəlir, azərbaycanlı qonaqpərvərliyinin gözəl Naxçıvan nümunəsini görürlər. Ona görə də qədim diyara gələn hər bir idmançı ikinci dəfə də bura gəlmək arzusu ilə yaşayır.
Mayın 10-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının açılışı olub.
Muxtar respublikada bu gün mədəniyyətin, incəsənətin inkişafına xüsusi diqqət yetirilir, görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilir, onların adı əbədiləşdirilir. Görkəmli rəssam, istedadlı fırça ustası, Azərbaycan milli rəsm sənətinin tanınmış simalarından biri Bəhruz Kəngərlinin irsinin öyrənilməsi, yaşadılması istiqamətində də tədbirlər görülüb. Mayın 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəm­li rəssamın abidəsi ucaldılıb. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iştirak edib.
Qədim Naxçıvan zəngin mədəniyyəti, çox­əsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırıblar. Naxçıvanda hər mövsümün öz meyvəsi vardır. Bu meyvələr içərisində öz dad-tamı ilə seçilən, yalnız Naxçıvanda bitən bir meyvə də vardır ki, o da göycədir. Naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının əməyinin bəhrəsi olan Naxçıvan göycəsinin tarixi 7-ci əsrə gedib çıxır. Bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında göycənin müxtəlif növləri yetişdirilir. Mayın 27-də Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Göycə festivalında bu barədə danışılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Göycə festivalında iştirak edib.
Hər bir xalqın ən qiymətli sərvəti onun sahib olduğu dövlət müstəqilliyidir. Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə edib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Şərqdə ilk dəfə demokratik dövlət quruluşunun əsası qoyulub. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın böyük dövlətçilik ənənələrinə malik olduğunu bütün dünyaya nümayiş etdirib. Ulu öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi zaman qəbul etdiyi tarixi qərarlar həqiqi dövlət müstəqilliyinin bünövrəsini yaratmaqla bərabər, həm də müasir, demokratik, dünyəvi dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvanda müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunub, bununla da, Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilib.
Mayın 28-də Naxçıvan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü – 28 May Respublika Günü münasibətilə gənclərin yürüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 28 May – Respublika Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Bir sıra beynəlxalq ekspertlərin fikrincə, regionda cərəyan edən proseslər fonunda bu gün Naxçıvan Muxtar Respublikasının strateji əhəmiyyəti daha da artıb. Muxtar respublikada əldə edilən iqtisadi nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı quruculuq işləri, islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər istər ayrı-ayrı fərdlərin, istərsə də ölkələrin diqqətini cəlb edir, böyük əks-səda yaradır. Bu baxımdan muxtar respublika ilə iqtisadi, mədəni, elmi əlaqələrin inkişafına maraq göstərən, inkişafın Naxçıvan modeli ilə yaxından tanış olmaq istəyən xarici ölkə diplomatlarının sayı durmadan artır. Ötən ay qədim diyara səfərə gələn çoxsaylı xarici ölkə diplomatları da məhz bu məsələləri gündəmə gətiriblər.
Mayın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu ilə, mayın 9-da İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderlə, mayın 13-də Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə, mayın 18-də isə Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vexlə görüşüb. Görüşlərdə qarşılıqlı, faydalı əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb, münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.

Göründüyü kimi, regional informasiya mərkəzinə çevrilən muxtar respublikada ötən ay da çox əhəmiyyətli hadisələrlə yadda qalıb. Muxtar respublika bir neçə dəfə nəinki respublika, hətta dünya ictimaiyyətini də maraqlandıran beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. Qlobal, planetar xarakterli amillərin həyatın, demək olar ki, bütün sahələrində – iqtisadi, sosial, siyasi, humanitar-mədəni və sair sahələrdə gedən proseslərə nüfuz etdiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər qədim diyarın gələcək inkişafı üçün də möhtəşəm zəmin hazırlayır. Bu gün görülən hər bir işin uzunmüddətli strateji inkişafın tərkib hissəsi olması, elmi əsaslara söykənməsi önümüzdəki illərdə daha böyük uğurlar əldə etməyə şərait yaradır.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR