24 Dekabr 2024, Çərşənbə axşamı

YAP Şərur Rayon Təşkilatı 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev tariximizin parlaq səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində görülən işlərdən bəhs edib.
Vurğulanıb ki, xalqımız daim qəlbində azad yaşamaq, müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşadıb və bu yolda çətin mübarizələrdən keçib. Ötən əsrin əvvəllərində belə bir imkan yaranıb və 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul edib. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktının qəbulu ilə Xalq Cümhuriyyəti forması elan olunub. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilib, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilib. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirib.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddət ərzində Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq kimi prinsipləri özündə ehtiva edən İstiqlal Bəyannaməsi yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca istiqamətlərini dünyaya bildirib.
Tarixi təcrübə göstərir ki, müstəqilliyi qoruyub-saxlamaq bu qiymətli sərvəti əldə etməkdən qat-qat çətindir. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti xarici və daxili siyasət amilləri ilə izah olunan mürəkkəb bir şəraitdə fəaliyyət göstərib. Gənc Azərbaycan dövləti həm region ölkə­ləri, həm də Azərbaycanın daxili siyasi, etnik qüvvələri tərəfindən birmənalı qarşılanmayıb. Beynəlxalq aləmdə baş verən dəyişikliklər və cümhuriyyət rəhbərliyinin buraxdığı siyasi səhvlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti yalnız 23 ay yaşaya bilib.
Daha sonra ötən əsrin sonlarında müstəqilliyin yenidən bərpa olunması istiqamətində respublikamızda aparılan azadlıq mücadiləsi yolunda baş vermiş faciəli hadisələr, rastlaşdığımız maneələr, ciddi təhlükələr xatırladılaraq ümummilli lider Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi, sarsılmaz və əbədi olması istiqamətində gördüyü misilsiz xidmətlərdən ətraflı bəhs edilib, bugünkü irəliləyişə nail olmağımızın səbəbləri qeyd olunub.
YAP Şərur Rayon Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nüsrət Həsənov, şura üzvü Ramin Şükürov, ərazi ilk partiya təşkilat katibləri Ofeliya İbrahimova, Məhərrəm Rəhimov, Amin Əliyev və digərləri diskussiya şəklində keçən tədbirdə xalqımızın qeyd etdiyi bayramlar sırasında 28 May – Respublika Gününün böyük əhəmiyyət daşıdığını, azadlıq mücadiləmizin unudulmaz bir səhifə olduğunu vurğulayıb, 1991-ci ildə yenidən bərpa olunmuş müstəqilliyimizin möhkəmlənməsi, sarsılmaz, daimi və əbədi olması istiqamətində ulu öndərimiz Heydər Əliyev siyasətinin mahiyyətindən söz açıblar.

Elman Məmmədov

*     *     *

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında da Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq bildirib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti tariximizə böyük hadisə kimi daxil olub. Həmin dövrdə son dərəcə cəsarətli bir addım kimi qiymətləndirilən demokratik dövlət modelinin yaradılması – parlamentli respublikanın qurulması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı idi. Dövlət qurucu­luğu istiqamətində ilk günlərdən qəti tədbirlər görülməsinə başlanılıb. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
Vurğulanıb ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz xarakter alması isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Qadınlar Şurasının sədri Könül İsmayılovanın, təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elvin Məmməd­ovun məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, yarandığı gündən bəri demokratik idarəçilik prinsiplərinin bərqərar olması istiqamətində mühüm addımlar atan Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqin, müsəlman və Türk dünyasının tarixinə ilk parlamentli respublika kimi düşüb.
Diqqətə çatdırılıb ki, ümum­milli liderimiz Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr edib. 1990-cı il iyulun 22-də ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan müstəqillik mübarizəsi Azərbaycanın müstəqilliyinin əldə olunmasının əsasını qoyub. 1990-cı il noyabrın 17-də ulu öndərimizin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilib, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunub.
Vurğulanıb ki, ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə, 1993-cü il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi də müstəqil ölkəmizdə ilk dəfə Naxçıvanda qeyd edilib.
Dahi şəxsiyyətin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan düşdüyü bəlalardan xilas edilib, dövlət müstəqilliyimiz möhkəmləndirilib, cümhuriyyətçilik ideyaları bərqərar olunub. Xalqımızın böyük oğlunun 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ölkəmizdə geniş qeyd edilib.
Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət verir. Cümhuriyyət tariximizin 90 və 95 illik yubileyləri ölkəmizdə geniş qeyd olunub.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.

Muxtar Məmmədov

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR