Qədim tarixə malik olan Azərbaycan hərb tarixində Naxçıvanın igid Kəngərli süvarilərinin öz yeri vardır. Çar Rusiyasında Azərbaycanın uzun illər hərb sənətindən kənarda saxlanmasına baxmayaraq, Kəngərli süvariləri Rusiyanın apardığı döyüşlərdə böyük cəsarət nümunəsinə çevriliblər.
Naxçıvanın Kəngərli tayfasının yetişdirdiyi 6 məşhur generalın göstərdiyi sərkərdəlik məharətləri ümumdünya hərb tarixində layiqli yer tutur. Kəngərli sərkərdələrinin həyat və fəaliyyətləri ilə bağlı hərtərəfli axtarışlarımız davam etməkdədir. Həmin axtarışlar nəticəsində məşhur sərkərdə I Ehsan xanın 1838-ci ilə aid xidmət kitabçası və onun hərbçi varisləri haqqında maraqlı sənədlər aşkar edilib. Bu sənədlər bir çox qaranlıq məsələləri aydınlaşdırmaqla bərabər, həm də hərb tariximizi zənginləşdirəcəkdir.
Yeni tapılan arxiv sənədlərindən biri general-mayor I Ehsan xanın 26 mart 1838-ci ildə tərtib edilən xidmət kitabçasıdır. Bu kitabçadakı qeydlərdən məlum olur ki, I Ehsan xan 22 yanvar 1843-cü ildə Zaqafqaziya müsəlman qoşunlarının hərbi yürüş atamanı təyin edilib və vəfatından sonra, yəni 3 mart 1846-cı ildə isə hərbçilərin siyahısından çıxarılıb. Daha sonra isə qeydlər aşağıdakılardır:
– Ehsan xan Kalbalı xan oğlunun 44 yaşı var (bu qeydə görə onun doğum tarixini dəqiq söyləmək olur: 1794-cü il – müəllif). Müsəlmandır, şiədir. Persiyanın nüfuzlu xanlarındandır. Farsca savadlıdır. Bu dildə oxumağı və yazmağı bacarır. Naxçıvan və Ordubad əyalətlərində daşınmaz əmlakı vardır, sahib olduğu torpaq ölçülməyib, təxminən, 60 danqa (danq ölçü vahididir – müəllif) bərabərdir.
Övladları vardır: qızı Sonabəyim 22 yaşında (1816), oğlanları İsmayıl xan 16 yaşında (1822), Kalbalı xan 14 yaşında (1824) və Cəfərqulu xan 11 yaşında (1827). Hamısı müsəlman və şiədirlər. (Buradaca qeyd edək ki, Ehsan xanın qızı Lalabəyim 1840-cı ildə anadan olduğundan bu siyahıya düşməyib. Rusiya Hərbi Nazirliyinin 19 avqust 1848-ci il məruzəsində Lalabəyimin 8 yaşı olduğu qeyd edilib – müəllif).
Ehsan xan 1827-ci ildən Rusiya təbəəsidir və hərbi xidmətdədir. İgidliyinə və hünərinə görə 30 noyabr 1827-ci ildə ona polkovnik hərbi rütbəsi verilib. 19 mart 1828-ci ildə isə Naxçıvan əyalətinin hakimi, yəni naibi təyin edilib. Hərbi xidmətdə fərqləndiyinə görə ona 9 noyabr 1837-ci ildə general-mayor rütbəsi verilib.
Həbsdə olmayıb və cərimə edilməyib. Ona görə də yuxarı hərbi rütbə almağa layiqdir (daha sonra Ehsan xanın Abbasabad qalasında, Ordubadda, Vənənddə və digər yerlərdə Rusiyanın apardığı döyüşlərdə iştirakından danışılır – müəllif). Naxçıvan əyalətinin naibi vəzifəsində olarkən general-feldmarşal knyaz Varşavskinin (qraf Paskeviç-İrəvanski) 14 yanvar 1830-cu il tarixli 47 nömrəli əmri ilə ona ildə 2200 gümüş pulla təqaüd təyin edilib. 26 may 1831-ci ildə 2-ci dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunub. 6 oktyabr 1837-ci ildə Rusiya çarının müsəlman Kəngərli polkuna baxışından sonra ona yüksək etimad göstərilib. Ona noyabr ayında general-mayor hərbi rütbəsi verilib.
Tapılan ikinci sənəd Hərbi Nazirliyin departamentdə poseleniyalar (I Aleksandrın dövründə general Araksayev tərəfindən həyata keçirilən qoşun təşkili üsulu, bu üsula görə bir sıra yerlərin kəndliləri əsgərliyə çağırılaraq hərbi mükəlləfiyyətlə bərabər, əkinçiliklə də məşğul olmalı idilər) haqqında məruzəsidir (18 iyul 1847-ci il).
Qeyri-nizami qoşunların manqası. Əmr №753. Sankt-Peterburq şəhəri. Əlahiddə Qafqaz Korpusunun baş komandanı xəbər verdi: General-mayor Ehsan xanın vəfatı ilə Kəngərli tayfası öz başçısını itirdi. Naxçıvan əyaləti Rusiya imperiyasına birləşdirildikdən sonra o, bu tayfanı idarə edirdi. Ehsan xanın atası I Kalbalı xan ruslarla əlaqə saxladığına görə Ağa Məhəmməd xan tərəfindən kor edilməsinə baxmayaraq, ömrünün sonuna kimi Naxçıvan əyalətini və Kəngərli tayfasını idarə etmişdi. Həmin illərdəki qanun-qaydaya uyğun olaraq hakimiyyət Kalbalı xandan sonra Ehsan xanın qardaşlarına keçmişdi. 1827-ci ildə Naxçıvan əyaləti bizim qoşunlarımız tərəfindən tutulandan sonra general-feldmarşal knyaz qraf Paskeviç-İrəvanski (Varşavski) Ehsan xanı Naxçıvanın naibi və Kəngərli tayfasının rəisi təyin etmişdi.
Mərhum Ehsan xanın göstərdiyi xidmətlər müqabilində general-adyutant knyaz Vorontsov ərizə verib aşağıdakıları xahiş etmişdir:
1. Mərhum general-mayor Ehsan xanın böyük oğlu, süvari ordusunun ştabs-kapitanı İsmayıl xanın Kəngərli tayfasına rəis təyin edilməsi haqqında. Ancaq bu təyinat Ehsan xana məxsus qaydada həyata keçirilsin. Kəngərli süvarilərinin hərbi xidmətə hazırlanması İsmayıl xanın iştirakı olmadan cəmiyyətin özü tərəfindən həyata keçirilsin.
Əlahəzrətin əmri ilə Əlahiddə Qafqaz Korpusunun keçmiş komandirinə 22 yanvar 1843-cü ildə elan edilmişdi ki, Kəngərlilər aşağıdakı qaydalar əsasında general-mayor Ehsan xana tabe edilsinlər:
1) General onlarla özünə tabe olan adamlar kimi davranmasın.
2) Heç kimə imtiyaz vermədən, ədalətlə və növbə ilə onların hərbi xidmətlərini təşkil etsin.
3) Xidmətə gedən Kəngərlilərin yaxşı geyindirilib saz silah və atla təmin edilməsinə nəzarət etsin.
4) Kəngərlilər arasında intizam hökm sürsün və kiçiklər böyüklərə tabe olsunlar.
Bununla belə general-mayor Ehsan xana Kəngərlilərdən öz məqsədi üçün istifadə etməsi qadağan edilmişdir. Özünün yanında ancaq 8 nəfərdən ibarət fəxri qarovul saxlaya bilər. Generala Kəngərlilərdən vergi almağı və itaətkarlıq göstərməyi tələb etməyə icazə verilmir. Kəngərlilərin hərbi xidmətə hazırlanması sərhəd mühafizə dəstəsinin rəisinə həvalə edilsin.
5) Kəndlərdə Kəngərlilərin daxili nizam-intizam qaydalarına nəzarət yerli mülki rəisə tapşırılsın. İddia ərizələri ilə bağlı, həmçinin digər mülki məsələlərdə onlar Naxçıvan əyalətinin digər sakinləri kimi imtiyaz daşıyırlar.
Sonra Əlahəzrətin 8 aprel 1844-cü il əmri ilə həmin rəisə tapşırılmışdır:
1) Kəngərli tayfası vergilərdən azad edilsin.
2) 200 Kəngərli süvarisi həmişə hazır vəziyyətdə olsun və onların yarısı sərhədlərin mühafizə olunmasında istifadə edilsin.
3) Birinci dəfə əvvəllərdə olduğu kimi süvarilərin lazımi əşyalarla təchiz olunması cəmiyyətin özünə həvalə edilsin. Əvvəllər bu məsələdə Ehsan xan iştirak etmişdi. Sonralar isə yerli rəhbərliyə tapşırılsın ki, süvarilərin təchiz edilməsinə ciddi nəzarət etsin.
4) Kəngərli süvarilərinə xidmət zamanı həmişə dövlət hesabına ərzaq, onların atları üçün yem 16 oktyabrdan 16 aprelədək verilsin.
2. İsmayıl xana əməkhaqqı rütbəsinə görə təyin edilsin.
Bütün bunlara knyaz Vorontsov əlavə edir:
– General-mayor Ehsan xan Kəngərli süvarilərinin rəisi vəzifəsini daşımaqla həm də Zaqafqaziya müsəlman qoşunlarının yürüş atamanı idi. Bu rütbə İsmayıl xana həvalə edilə bilməz.
– Hərbi yürüş atamanı vəzifəsinə hələlikdə münasib hərbçi olmadığından bir müddət fəaliyyətini dayandırsın.
Tapılan sənədlərdə məlumat verilir ki, İsmayıl xan gənc olduğundan ataman rütbəsini daşımağa icazə vermirlər. Həmin sənədlərdə qeyd edilir ki, ştabs-kapitan İsmayıl xan 8 il 2 ay hərbi xidmətdədir, 6 il 8 aydır ki, zabit rütbəsini daşıyır. Hərbi yürüşlərdə olmayıb. Məhkəmədə olmayıb və cərimələnməyib. Hərbi bacarığı yüksək qiymətləndirilir. İsmayıl xana verilən arayışda bildirilir ki, kameral siyahıya görə Kəngərli tayfası 1241 ailədən ibarətdir, 2634 nəfər kişidir. Bu tayfanın üzvləri Naxçıvan şəhərində və Naxçıvan qəzasının kəndlərində yaşayırlar. Kəngərlilər indi kasıb olduqlarından 200 nəfərdən çox atlını xidmət üçün hazırlaya bilmirlər.
Aşkar edilmiş arxiv sənədində Qafqaz canişininin yazdıqlarını Rusiya çarı I Nikolay təsdiqləyib: “Razıyam. 22 iyul 1847-ci il”.
Beləliklə, general-mayor Ehsan xanın böyük oğlu ştabs-kapitan İsmayıl xan Kəngərli tayfasının rəisi təyin edilir.
Daha sonra sənəddə bildirilir ki, Kəngərli tayfasının rəisliyi 22 yanvar 1843-cü ildəki əsaslarla verilsin. Həmçinin Kəngərli süvarilərinin təchizat məsələsi İsmayıl xanın iştirakı olmadan cəmiyyətin özü tərəfindən təşkil edilsin. Bu haqda 6 aprel 1844-cü ildə verilən əmri əsas götürsünlər.
Bu sənəddən aydın olur ki, İsmayıl xanın daşıdığı hərbi rütbəyə uyğun olaraq əməkhaqqı da təyin olunub. 27 iyul 1847-ci ildə Rusiyanın Hərbi Nazirliyinin əmri ilə yuxarıdakılar təsdiq edilib.
Gələcək yazılarımızda Rusiya Dövlət Hərbi-Tarix Arxivindən tapılan digər sənədləri də təqdim edəcəyik. Təqdim etdiyimiz iki sənəddə I Ehsan xanın sərkərdəlik məharəti və onun böyük oğlu İsmayıl xanın hərbi bacarığı real faktlarla öz təsdiqini tapır.
Musa QULİYEV
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru