Sədərək rayonunun Heydərabad qəsəbəsi ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan ilk yaşayış məntəqəsidir. İstər əhali, istərsə də ərazi baxımından muxtar respublikamızın ən kiçik rayon mərkəzi olan bu qəsəbəni digər bölgələrimizdən fərqləndirən cəhətlər, xüsusiyyətlər az deyil. Bunlar, ilk növbədə, onun yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Əvvəla, bura təkcə Naxçıvanın yox, bütöv məmləkətimizin ən ucqarda yerləşən torpaqlarından biridir: mənfur ermənilərlə həmsərhəddir.
Ümummilli liderimiz Heydər Əliyev 1978-ci il oktyabrın 15-də respublika rəhbəri kimi Naxçıvana səfər edərkən Sədərək kəndi ilə Ermənistan arasındakı boş ərazilərdə nümunəvi yaşayış qəsəbəsinin salınması barədə tapşırıq vermişdi. 1980-ci ilin əvvəlində salınmasına başlanan indiki Heydərabad qəsəbəsi həmin il 75 ailənin yurd yerinə, ocağına çevrilmişdi. Sonralar bu hadisəni xatırlayan ulu öndər deyirdi: “Mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bir qəsəbənin salınması haqqında tapşırıq verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, “bu, bizimdir”, “o bizimdir”, – deyirdilər”.
Heydərabad qəsəbəsi ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü nəticəsində tamamilə dağıdılaraq yaşayış üçün yararsız hala salındı. 1997-1998-ci illərdə burada tikinti-quruculuq, abadlıq işlərinə başlanıldı, həmin evlər bərpa olundu və yerli əhalinin təşəbbüsü əsasında ulu öndər Heydər Əliyevin 75 illik yubileyi şərəfinə yaşayış məskəninə Heydərabad adı verildi. Ümumiyyətlə, son 21 il ərzində qəsəbədə aparılan quruculuq işləri nəticəsində bura yeni görkəm alıb, əhalinin yaxşı yaşaması və işləməsi üçün hərtərəfli şərait yaradılıb. Ümummilli lider öz çıxışlarının birində Naxçıvana döndükdən sonra ilk gəldiyi yerin Sədərək olduğunu belə qeyd edib: “Mən 1990-cı ildə Naxçıvana gələndə yaşayış məntəqələrinə ilk gedişim Sədərək rayonu oldu. Yəqin ki, onu da xatırlayırsınız. Mən Naxçıvana gələndə 3-4 gün sonra Sədərəyə gəldim. Nə üçün Sədərəyə? Çünki bu bizim həm ucqar yaşayış məntəqəmizdir, rayonumuzdur, həm də ki, insanlar burada ermənilərin hücumlarından, onların atəşlərindən çox əziyyət çəkmişdilər”.
Bu gün Heydərabad qəsəbəsi ulu öndərin adına layiq şəkildə qurulub. Qəsəbə qorunur və günü-gündən inkişaf edir. Özü də yüksək səviyyədə – həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir. Yurda bağlılığı, onu daha gözəl görmək arzularının çin olmasını, muxtar respublika sakinlərinin yaxşı yaşamasının prioritet vəzifəyə çevrilməsinin nümunələrini qəsəbədə bütün çalarları ilə görmək mümkündür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu qədim yerin inkişafına davamlı qayğısının ifadəsi kimi imzaladığı “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 15 mart 2000-ci il tarixli Sərəncamı bölgənin yeni müstəvidə tərəqqisinə stimul oldu. Bu sərəncamdan sonra çox keçmədi ki, qəsəbə quruculuq meydanına çevrildi. Bununla da, insanların sabaha olan inamı bir daha yüksəldi. Sərəncamın icrası istiqamətində görülən işlər, həyata keçirilən digər məqsədyönlü tədbirlər sərhəd qalasının görkəmini tamamilə dəyişdi.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev Sədərək rayonuna xüsusi diqqət və qayğı göstərir. Qeyd edək ki, Prezident İlham Əliyev 2010-cu ildə Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsinin açılışında iştirak edib. Çıxışlarının birində dövlətimizin başçısı deyib: “...Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır. Siz düşmənlə üz-üzəsiniz, sərhəddəsiniz və vaxtilə buralar dağıdılmışdı. ...Sədərəklilər, bütün naxçıvanlılar Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşlar, qan tökmüşlər. Biz o illəri yaxşı xatırlayırıq və Azərbaycan torpaqları işğal altına düşəndən sonra erməni qəsbkarları, erməni millətçiləri gözlərini Naxçıvana da dikmişdilər, Naxçıvanı da işğal etməyə çalışırdılar. O vaxt ancaq naxçıvanlıların iradəsi və ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində naxçıvanlılar Naxçıvanı qorudular. Düşmənə imkan vermədilər ki, buraya soxulsunlar, düşməni yerinə oturtdular”.
İllər öncəki Heydərabad və bugünkü Heydərabad. Geridə qoyduğumuz illər qəsəbəyə nə bəxş edib? Bu gün necə yaşayır Heydərabad? İnsanları gün-güzəranlarını necə qurublar?
Heydərabadlılar suallarımı belə cavablandırdılar.
Teymur Quliyev – Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Sədərək Rayon Təşkilatının sədri:
– Əvvəlcə onu deyim ki, ulu öndərin adını daşıyan bir məkanda yaşamaq mənim üçün şərəfdir. Keçən əsrin 70-ci illərində ümummilli liderin təşəbbüsü ilə bu qəsəbənin yaradılması böyük əks-səda doğurdu. Bu xəbər ətrafında geniş müzakirələr aparıldı. Niyə məhz burada? Uzaqgörən siyasətçinin ermənilərin torpaq iddialarının qarşısını almaq üçün bu qərarı niyə verdiyini illər sonra anladıq. Mənfur ermənilər tərəfindən 1990-1993-cü illərdə Sədərəyə atılan top mərmiləri 500-dən artıq yaşayış evini, o cümlədən məktəb, xəstəxana, mədəniyyət evi, inzibati binaları dağıtdı. Ancaq ulu öndərin adını daşıyan bu qəsəbə qorundu və saxlandı. Ermənilərin bu qəsəbəni ələ keçirmək arzuları gözlərində qaldı. Güllə səsindən qulaq tutulan, həyət-bacaları, evləri dağılan Sədərəkdə 1993-cü ilin avqust ayında axırıncı döyüşdə düşmənlərimiz Naxçıvanın Qeyrət qalasını qoruyan qəhrəman, qeyrətli oğullarımıza bata bilməyəcəklərini yəqin edərək yerlərində oturdular. Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev digər bölgələrimiz kimi, Sədərəyin, o cümlədən tamamilə dağılmış Heydərabad qəsəbəsinin yenidən qurulmasına ardıcıl qayğı göstərdi. Son illərdə həyata keçirilən tədbirlər Heydərabadı gözəl, nümunəvi qəsəbəyə çevirib.
Asya İmamverdiyeva – Sədərək kənd tam orta məktəbinin gənc müəllimi:
– Bir gənc kimi mən də qürur duyuram ki, ulu öndərin adını daşıyan bir bölgədə yaşayıram. Burada istifadəyə verilən inzibati binalar, sosial obyektlər Heydərabad qəsəbəsinə xüsusi yaraşıq verir. Körpə balalarımızın təlim-tərbiyə almaları üçün tikilən gözəl, yaraşıqlı uşaq bağçasının binası qəsəbənin simasını daha da gözəlləşdirib. Heydərabadda, bütövlükdə Sədərək rayonunda qaz, işıq problemləri yoxdur. Bu gün rayonumuza, o cümlədən Heydərabad qəsəbəsinə qonaq gələnlər onun gözəlliyinə, təmiz və səliqəli saxlanılmasına olan heyranlıqlarını gizlətmirlər. Heydərabadın küçə, park və bağları tamamilə yenidən qurulub. Hara baxırsan yaşıllıqdır, gül-çiçəkdir. Qəsəbə sakinləri, idarə, müəssisə və təşkilatların işçiləri hər şənbə günü iməciliyə çıxır, təmizlik, abadlıq işləri ilə məşğul olurlar. Bu, artıq bir ənənə şəklini alıb.
Bu gün Heydərabad qəsəbəsi igid hərbçilərimizin hesabına göz bəbəyi kimi qorunur. Həmin hərbçilərdən biri – Hüseyn Abbasovla həmsöhbət oldum. Buradakı “N” hərbi hissədə qulluq etdiyi üçün qəsəbədə yaşayır. Bizimlə söhbətində bildirdi ki, peşəsi ilə əlaqədar Azərbaycanın bir çox bölgəsində yaşayıb. Çox yerlər görüb. Amma Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının ən ucqar nöqtəsində belə yaraşıqlı, gözəl, təmiz, abad bir qəsəbədə xidmət etdiyi üçün fəxr edir. Və əlavə edir:
– Axşamlar yaxınlıqda yerləşən parkda uşaqlarla gəzintiyə çıxıram. Hər tərəf al-əlvan, gül-çiçəkli, işıqlıdır. İş gününün sonunda bu cür istirahət etmək bütün yorğunluğumuzu çıxarır. İdmanı çox sevirəm. Xüsusən də futbol oynamağı. Heydərabad qəsəbəsində – düşmənin bir addımlığında yerləşən mini-futbol meydançasında vaxt tapdıqca qəsəbə, kənd sakinləri ilə futbol oynayırıq. Çox isti, səmimi münasibət saxlayırıq. Düşmənə gözdağı olan Heydərabad qəsəbəsində yanan bu çıraqban işıqlar, yüksələn sevinc səslərinə düşmən müvəqqəti məskunlaşdığı “yuvasından” həsrətlə baxır.
Bəli, sədərəklilər bu xoş günlər üçün ümummilli liderimiz Heydər Əliyevə borcludurlar. Bildirdilər ki, ulu öndərimiz Sədərəyin ən ağır illərində həm rayonu, həm də sədərəkliləri qoruyub, onlara mənəvi dayaq olub. Ulu öndərimizin sərhəd bölgəsinin ağır illərində dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinə tövsiyələrini verməsi təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qoruyub. Bu gündən sabaha ümidləri olmayan sədərəklilər də dahi şəxsiyyətin ətrafında sıx birləşiblər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanıblar. Bu gün firavan həyat tərzi məhz Heydər Əliyev ideyalarının işığı hesabına mümkün olub. Bu işıq isə indi daha da gur parlayır və heç zaman sönməyəcək.
Sara Əzimova