Bu gün muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sosial sahənin inkişafı üzrə aparılan tədbirlərin genişmiqyaslılığı rəsmi statistikanın da davamlı qaydada təkmilləşdirilməsi zərurətini yaradıb.
Məhz bu zərurət nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasında statistika işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 1 iyun 2016-cı il tarixdə Sərəncam imzalanıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində inzibati ərazi dairələri üçün aktual statistik göstəriciləri özündə əks etdirən və beş bölmədən ibarət təsərrüfatbaşına kitab təsdiq edilib. Hər bir təsərrüfatbaşına kitab səhifələnib və axırıncı səhifəsində səhifələrin ümumi sayı göstərilməklə qaytanlanıb və möhürlənib.
Təsərrüfatbaşına kitabın birinci bölməsində təsərrüfat üzvlərinin siyahısı, ikinci bölmədə təsərrüfatın xüsusi mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı, üçüncü bölmədə təsərrüfatın xüsusi mülkiyyətində və ya istifadəsində olan torpaq, dördüncü bölmədə təsərrüfatın xüsusi mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı texnikası, beşinci bölmədə isə təsərrüfata məxsus tikililər qeyd olunub. Təsərrüfatbaşına kitabın işlənilməsinə dair göstəriş hazırlanıb və işin normal aparılması üçün müvafiq izahlar verilib.
İyunun 10-da Sədərək Rayon İcra Hakimiyyətində təsərrüfatbaşına kitabın təqdimatı olub.
Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq rayonda həyata keçirilən quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən bəhs edib.
Tədbirdə Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov rəsmi statistikanın inkişafından və qarşıya qoyulmuş vəzifələrdən danışıb.
Komitə Aparatının Kənd təsərrüfatı statistikası şöbəsinin müdiri Məhərrəm Məmmədov slayd vasitəsilə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət nəzarəti, ərazi idarəetmə orqanları, deputatlarla və komitələrlə iş şöbəsinin məsləhətçisi Oruc Babayev iştirak edib.
İnzibati ərazi dairələrində yerinə yetiriləcək mühüm tədbirlər muxtar respublikada statistika işinin daha da təkmilləşdirilməsinə, sosial-iqtisadi inkişafı və cəmiyyətin bütün sahələrində baş verən dəyişiklikləri əks etdirən statistik göstəricilərin hazırlanmasına geniş imkanlar yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti