24 Dekabr 2024, Çərşənbə axşamı

1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya qrupu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən həmin tarix hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılmışdır. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilmişdir. 1976-1980-ci illər üçün Azərbaycanda Mülki Aviasiyanın inkişaf proqramı hazırlanmış, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün qalxma-enmə zolağı salınmış, hava limanları müasir radio və işıq texnikası vasitəsi ilə təchiz edilmişdir. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülmüşdür.

Azərbaycanın əsas ərazisindən təcrid olunmuş şəraitdə yaşayan Naxçıvanın nəqliyyat problemlərinin həllinə ümummilli liderimiz xüsusi diqqət yetirmiş, hələ 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. Ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi. Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirilmişdir. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirmişdi. Bunu nəzərə alan ulu öndər hava limanının yenidən qurulması barədə qərar qəbul edərək 2002-ci il avqustun 11-də bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirmişdir. 2002-ci ilin oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də muxtar respublikada aviasiya sahəsində kompleks tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılmış, 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilmişdir.
Son illər həyata keçirilən kom­pleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını müasir inkişaf mərhələsinə çıxarmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2014-cü ildə hava limanının yeni inzibati binası və 2015-ci ildə “Şərq Terminalı” istifadəyə verilmişdir. “Şərq Terminalı”nda Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Beynəlxalq Aviasiya Nəqliyyat Assosiasiyasının tələblərinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşların və aviasiya təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunmuşdur. “Şərq Terminalı”nın 1-ci mərtəbəsi uçuşa gedən sərnişinlərin qeydiyyatı və gələn sərnişinlərin çıxışı, baqajların alınması üçün nəzərdə tutulub. Binada əsas korpusa birləşdirilən keçid körpülər, teleskopik traplar, 2 ədəd eskalator və 2 lift quraşdırılmışdır. Kompleksin 2-ci mərtəbəsi isə uçuşa gedən sərnişinlərə xidmət edir. Bu mərtəbədə sərnişinlərin sərhəd nəzarəti, tranzit sərnişinlər üçün zal, aviasiya təhlükəsizliyi nəzarəti sahələri fəaliyyət göstərir. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni dizaynlı aerovağzalda sərnişinlərə xidmət yüksək tələblər səviyyəsində aparılır. Aerovağzal kompleksinin yenidənqurma işləri çərçivəsində “Qərb Terminalı”nda da tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Bu layihə illik sərnişin və yükdaşıma dövriyyəsinin artırılmasına tam şərait yaradacaqdır.
Müasir infrastrukturun yaradılması və xidmət sahələrinin genişləndirilməsi ixtisaslı kadrlara və mütəxəssislərə olan tələbatı da artırır. Hava limanında bu məsələ diqqətdə saxlanılır, müasir xidmət tələblərinə cavab verən gənclər işə götürülür, əməkdaşların peşəkarlıq səviyyəsi artırılır. Həmçinin daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava gəmilərinə texniki xidmət və başqa bu kimi sahələrin əməkdaşlarının Milli Aviasiya Akademiyasının Aviasiya personalının hazırlığı mərkəzində təşkil olunmuş ixtisasartırma kurslarında iştirakı təmin olunur.
Hava nəqliyyatı sisteminin inkişafına xüsusi diqqət göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin əsas məqsədi sərnişinlərin rahatlığını təmin etməkdir”. Naxçıvan Muxtar Respublikasında sərnişinlərə hava nəqliyyatı xidməti təşkil edilmiş, Ordubad və Şərur şəhərlərində yeni aviakassa binaları tikilib istifadəyə verilmişdir. Hər iki binada ən yeni texnoloji avadanlıqlar quraşdırılmış, qabaqcıl idarəetmə sistemi yaradılmış, sakinlərin rahatlığı təmin olunmuşdur.
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı və Gəncə şəhərlərinə, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Bundan sonra da uçuşların təhlükəsizliyinin təmin olunması və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR