25 Dekabr 2024, Çərşənbə

Dünəndən bu günə uzun bir yol gələn qədim Naxçıvan şəhərinin hər qarışı ulu tarixdən soraq verir. Bu izlər onun qalalarında, məqbərələrində, saraylarında və digər tarixi abidələrində qorunur, nəsildən-nəslə ötürülür. Şəhərsalma mədəniyyətinin beş min il tarixi olan qədim Naxçıvan şəhəri tarixin heç bir dönəmində yaşadığımız dövrdəki kimi abad, gözəl, füsunkar olmayıb. İnfrastrukturu müasir şəkildə yeniləşərək inkişafın yeni mərhələsinə qədəm qoyan bu şəhər indi ən müasir Avropa şəhərlərindən heç də fərqlənmir. Bu gün özünün çiçəklənmə dövrünü yaşayan paytaxtın yaraşığına həyata keçirilən tikinti-quruculuq, abadlıq, yaşıllaşdırma tədbirləri hesabına yeni gözəlliklər əlavə edilir. Təmizlik, səliqə-sahman, nizam-intizam şəhərin əsas atributlarına çevrilib.

Azərbaycanın ən gözəl şəhərləri içində özünəməxsus yeri olan bu qədim yurd yerində sistemli şəkildə aparılan işlər ümumi iqtisadi fəallığı daha da gücləndirib, investisiya cəlb­ediciliyi əhəmiyyətli dərəcədə yüksəlib. Müstəqil dövlətçiliyin təməli də bu şəhərdə qoyulub, düşmən təcavüzünə qarşı mübarizənin əsası da. Ən mühüm qərarlar bu şəhərdə çıraq işığında verilib. Elə bu fakt hər şeyi deyir.

Bu gün özünün intibah və çiçəklənmə dövrünü yaşayan, möhtəşəm şəkildə yenidən qurulan, gözəlləşən, gözlərimizin önündə günü-gündən dəyişən qədim Naxçıvan şəhəri baş tacımızdır, bəzəyimizdir. Doğma şəhərimiz uğurlu quruculuq və sosial-iqtisadi inkişaf yolu ilə inamla, qətiyyətlə addımlayır. Böyük öndər Heydər Əliyevlə başlayan bu yol Naxçıvanı daha işıqlı sabahlara aparır.
Naxçıvan şəhərində artıq daimi xarakter alan tərəqqi və inkişaf, heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın uğurlu icrası istiqamətində muxtar respublika rəhbəri tərəfindən reallaşdırılan ardıcıl və yorulmaz fəaliyyətin, məqsədyönlü və qətiyyətli mövqeyin, fədakar işin məntiqi nəticəsidir. İndi şəhərimiz tarixi abidələr, muzeylər, park və xiyabanlar, fəvvarələr, geniş, yaraşıqlı küçə və prospektləri ilə bura gələnləri heyrətdə qoyur.
Son illər Naxçıvan şəhərinin müasir tarixi intibah mərhələsi kimi yaddaşlara həkk olunub, tariximizə qızıl hərflərlə yazılıb. Bu dövrdə iqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına böyük qayğı göstərilib, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb. Tarixə, mədəniyyətə, təhsilə, səhiyyəyə və elmə qayğının yeni mərhələsi başlanıb, bütün sahələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi prioritet vəzifəyə çevrilib. Qədim Naxçıvan şəhərinin bütünlüklə yenidən qurulan geniş yollarıyla irəlilədikcə hər addımda gözoxşayan gözəlliklərə şahid olursan. Bu gözəlliklər yeni yaşayış massivləridir, hərtərəfli iş şəraiti yaradılan inzibati binalardır, gülzarlıqlardır, parklardır. Dünyaca məşhur Naxçıvan memarlıq məktəbinin milli ənənələri ilə müasir şəhərsalma mədəniyyətinin bütöv, yaradıcı vəhdəti hər addımda diqqəti çəkir. Şəhər sakinləri belə şəhərdə yaşamağın gözəlliyini görür, belə möhtəşəm quruculuq işlərini həyata keçirənlərə minnətdarlıq edirlər. Bu, faktdır: Naxçıvan şəhərinin sakinləri heç vaxt indiki qədər abad, güclü, hərtərəfli inkişafın şahidi olmayıblar. Sovetlər dönəmində, 70 il ərzində görülən işlər, abadlıq və quruculuq dövrünün yalnız bir ilinin kölgəsində qalıb. İndi şəhərin istənilən ünvanına yolumuz düşsə, müstəqilliyin bəhrələrini görə bilərik.
Keçilən yola nəzər saldıqda bir daha yəqin edərik ki, muxtar respublikanın paytaxtı daş-daş, kərpic-kərpic yenidən tikilib. İstər-istəməz düşünürsən: blokada və inkişaf... blokada və tərəqqi. Son illər muxtar respublikanın paytaxtında insan ağlına sığmayan dəyişikliklər baş verib. Bu da faktdır ki, Naxçıvan bu gün ən inkişaf etmiş şəhərlər sırasındadır. Ancaq o şəhərlərin keçdiyi inkişaf yolu ilə Naxçıvan şəhəri arasında bir fərq var. Onlar blokada şəraitinin çətinliklərini yaşamadan inkişafa nail olublar, bizim şəhərsə blokadada olan bir şəhər kimi bu inkişafa nail olub. Qurucu­luğun ahəngdar və davamlı olması sürətli sosial-iqtisadi inkişafın bariz ifadəsinə çevrilib. Nazirlik, komitə, idarə, müəssisə və təşkilatlar üçün yeni inzibati binaların tikilməsi illərlə şəraiti olmayan köhnə binalarda işləyən insanların həyatında yenilik yaradıb, onların muxtar respublikamızın inkişafı naminə fəaliyyətlərini gücləndirib. Yeni məktəb binalarının inşası, yaradılan hərtərəfli şərait, müasir texniki yeniliklərin tətbiqi tədrisin keyfiyyətini ildən-ilə yüksəldib. Artıq Naxçıvan enerji və ərzaq təhlükəsizliyi tam təmin olunan, onlarla təhsil, səhiyyə və mədəniyyət ocaqlarına ev sahibliyi edən, əhalisinin gəlirləri sürətlə artan, rifah halı günü-gündən yaxşılaşan, yüzlərlə iş yeri yaradılan, ən müasir emal, istehsal və xidmət sahələri istifadəyə verilən bir paytaxtdır. Doğrudan da, aparılan quruculuq işlərinin vüsəti o qədər sürətlidir ki, gələn qonaqlar gördüklərindən heyrət içində qalırlar. Həqiqətən də, bu şəhər tarixi keçmişi, təbiəti və tarixi abidələri, zəhmətkeş, fədakar, yurd, torpaq təəssübünü hər şeydən üstün tutan insanları ilə əsl möcüzələr diyarıdır.
Şəhərdə görülən işlərin həcmi, sözün həqiqi mənasında, hər birimizin qəlbini qürurla doldurur. Bu illərdə muxtar respublikada aparılan quruculuq, abadlıq işlərinin, iqtisadiyyatda, mədəni həyatda, insanların güzəranında baş verən dəyişik­liklərin kökündə Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, düzgün idarəetmə dayanır. Bu inkişaf, sözün əsl mənasında, dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanın hər bir guşəsində gedən quruculuğun, mənəvi-siyasi, iqtisadi intibahın, Azərbaycanı Azərbaycana qaytarmaq xəttinin tərkib hissəsi, konkret bir regionda əyani ifadəsidir.
Bəli, bütün çətinliklərə baxmayaraq, Naxçıvan şəhəri yaşayıb, inkişaf edib, çox qısa zamanda belə zirvəni fəth edib. Ulu öndərimizin müəyyənləşdirdiyi strateji hədəflər, inkişaf və tərəqqi proqramı uğurla həyata keçirilib, paytaxt şəhəri dahi rəhbərimizin arzuladığı, görmək istədiyi kimi qurulub. Ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli qayğısı və dəstəyi ilə muxtar respublika yeni hədəflərə doğru irəliləməkdə, Naxçıvanın daha parlaq gələcəyi üçün mühüm layihələr həyata keçirilməkdədir. Başımızın tacı saydığımız Naxçıvan şəhəri öz möhtəşəmliyi ilə dünyanın müxtəlif ölkə­lərindən gələn turistləri cəlb edir. Öz əməkləri ilə xəyalları reallığa çevirən naxçıvanlılar ölkə başçısını muxtar respublikaya hər səfərində yeni quruculuq ünvanları ilə sevindirirlər. Muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayan şəhərimizin tarixi qədim, keçmişi parlaq, mədəniyyəti zəngin olduğu qədər, uğurlu gələcəyini təmin etmək üçün güclü potensialı da vardır. Hazırda həmin potensialdan yüksək səmərəliliklə istifadə olunur, Naxçıvanda qədim tarixdən qalan nə varsa hamısına etibarlı varislik hissi ilə yanaşılır. Ona görə də qədim və günü-gündən cavanlaşan şəhərimizlə hər birimizin qürur hissi keçirməyə mənəvi haqqı var. Naxçıvana ilk dəfə yolu düşənlər də bu şəhərə təəccüblərini gizlədə bilmirlər. Türkiyə vətəndaşı Gülay Aras deyir ki, Sədərək rayonundan Naxçıvan şəhərinə qədər yolların abadlığına, yol kənarlarındakı səliqə-sahmana heyran olub. Paytaxt şəhərinin ecazkar mənzərələri isə onu, sözün həqiqi mənasında, əfsunlayıb. Geniş küçələr, yaraşıqlı binalar, bağ-bağçalar, firavan həyatdan xəbər verən evlər onda bu qədim oğuz-türk diyarı haqqında xoş təəssüratlar yaradıb. Elə ilk baxışdan onda bu şəhərə, onun üzügülər, qonaqpərvər insanlarına qarşı doğmalıq yaranıb. Ən böyük arzularından biri odur ki, nə vaxtsa onun bu şəhərin gözəl yaşayış binalarından birində eyvanı şəhərin gözəl mənzərələrinə doğru açılan evi olsun, heç olmasa ildə bir dəfə də olsa, bu şəhərdə, gözəl mənzillərdən birində yaşasın, istirahət etsin.
Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçən, Rusiya Federasiyasının Çita vilayətindən olan Marina İvanovanı isə şəhərin parlaq Günəş altında bərq vuran fəvvarələri valeh edib. Deyir ki, yaşadığım şəhərlə sizin paytaxt arasında uzun məsəfələr olduğu kimi, havasında, suyunda, insanların bir- birinə münasibətində, müasirliyində də böyük fərqlər var. Hər yer təmiz, səliqəlidir. Fəvvarələr isə başqa aləmdir. Bir neçə gün axşamlar şəhərin fəvvarələrlə bəzədilmiş meydanlarını gəzdim, insanlarla ünsiyyətdə oldum. Gördüm ki, bu şəhərin sakinləri öz paytaxtları ilə nə qədər fəxr edirlər. İmkan tapan kimi yenidən bu şəhərdən yolumu salacaq, onun artıq mənə doğma olan küçə və prospektlərini gəzəcəyəm.
İran İslam Respublikasının vətəndaşı, əslən Urmiya şəhərindən olan Rza Hikməti isə Naxçıvan şəhərində olan tarixi abidələrdən vəcdə gəlib. Deyir ki, bu abidələri tədqiq etmək, onları lap yaxından görmək çoxdankı arzusu olub. İndi o, şəhərdəki hər bir abidə, hər bir muzey haqqında ətraflı məlumata malikdir. Şəhərin dünəni və bu günü haqda da çox eşidib.
Qədimliyinə söykənməklə müasirləşən Naxçıvan bu gün çiçəklənən şəhərdir. Hər günü yeni uğurlarla yola salan bu şəhərin zəhmətkeş insanları belə bir məkanda yaşadıqları üçün özlərini xoşbəxt hesab edirlər. Gözəlliklərdən ilham alan bu şəhərin insanlarını indi işıq, qaz, su, yol və digər problemlər yox, ancaq və ancaq bütün bu görülən işlərə töhfə vermək, əmək sərf etmək düşündürür. Ata-babalarımızdan ərməğan qalan zənginlikləri bu günümüzə qədər qoruyub saxlayan şəhər sakinləri kökünə, milli-mənəvi dəyərlərinə sadiq olmaqla ənənələri yaşadıb qorumağı da müqəddəs vətəndaşlıq borcu hesab edirlər.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR