Bu ilin ilk altı ayının nəticələri bunu bir daha təsdiq edir
Qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlılığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Belə bir şəraitdə ölkəmizlə heç bir quru yolu əlaqəsi olmayan, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikamızda mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.
Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Qeyd edək ki, muxtar respublikada iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər cari ilin ilk altı ayı ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.
İnkişafın ən mühüm göstəricilərindən biri, yəni istər mаddi istehsаl, istərsə də qeyri-mаddi хidmətlər sаhələrində iqtisаdi fəаliyyətin sоn nəticəsini хаrаkterizə edən amillərdən biri ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, quşçuluq, heyvandarlıq, balıqçılıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, bu ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 144 milyon 207 min manatdan çox olub ki, bu da bir il öncəki müvafiq göstəricini 2 faiz üstələyir. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artaraq 2568 manatı ötüb.
Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. Cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində mövcud layihələrin icrası davam etdirilib, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Cari ilin ilk altı ayı ərzində ümumi daxili məhsulun tərkibində ilk yeri 31,8 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 59,5 faiz təşkil edib.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvanda əsas prioritet sahələr hesab edilir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Müasir dövrdə ən aktual problemlərdən biri kəndlərdən şəhərlərə köçməyin kütləvi hal almasıdır. Naxçıvanda isə belə bir problem yoxdur. Ona görə ki, kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, yolların abadlaşdırılması, qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib.
Məlumat üçün bildirək ki, bu ilin məhsulu üçün muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılıb. Bu da 2015-ci ilin məhsulu üçün əkilmiş sahədən 112 hektar çoxdur.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu gün muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Hazırda Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub.
Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rol oynayır. Taxıl öz kaloriliyinə görə insanın ərzaq balansı rasionunun yarısını təşkil edir. Bu sahənin inkişafına qayğı, diqqət göstərmədən bir çox sahələrin inkişafı mümkün deyildir. Taxıl istehsalının artırılması blokada vəziyyətində yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Sevindirici haldır ki, bu sahə muxtar respublikada hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən dövr ərzində də muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2016-cı ilin məhsulu üçün əkilmiş 31 min 579 hektar sahədən 94 min 117 ton məhsul götürülüb.
Bu ilin məhsulu üçün muxtar respublikada 1758 hektar sahədə qarğıdalı əkini aparılıb ki, bu da bir il öncəki göstəricidən 676 hektar çoxdur. Qarğıdalı əkininin genişlənməsi muxtar respublikada dən ehtiyatlarının, həm də mal-qara üçün yaxşı yem bazasının yaradılmasına təkan verib.
Kartofçuluğun inkişafı da muxtar respublikada diqqət mərkəzindədir. Naxçıvanın torpaq-iqlim şəraiti də bu sahənin inkişafı üçün əlverişli şərait yaradıb. Son illər bu gəlirli təsərrüfat sahəsinin elmi metodologiya əsasında inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər kartofçuluğa marağı daha da artırıb, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılıb. 2016-cı ildə 3053 hektar sahədə kartof əkini aparılıb ki, bu da 2015-ci ildə əkilmiş sahədən 86 hektar çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradır. 2016-cı ilin yanvar-iyun aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətən 1 faiz, tərəvəz istehsalı isə 2,7 faiz artıb. Hazırda meyvə və tərəvəz yığımı davam edir. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə 2016-cı ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində Göycə festivalı keçirilib.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində 1 istixana təsərrüfatı yaradılıb, 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Tutumu 400 ton olan 2 soyuducu anbarın yaradılması və 1 istixana təsərrüfatının genişləndirilməsi hazırda davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 57 ədədi 2016-cı ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1742 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib. Bəhs olunan dövr ərzində 72 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 11 ədədi isə nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 4905,3 ton gübrə ilə təmin olunub.
Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması, eyni zamanda muxtar respublika əhalisinin əkinçilik və heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına və aqrar istehsal məhsullarının ixraca çıxışının təmin olunmasına, eləcə də bu sahədə rəqabətin daha da güclənməsinə şərait yaradır. Cari ilin ilk altı ayı ərzində kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilib, 6 heyvandarlıq təsərrüfatı yaradılıb, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 6 milyon 96 min 100 manat həcmində kreditlərin verilməsi təmin olunub. 1 iyul 2016-cı il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 118 min 152 baş, qoyun və keçilərin sayı 740 min 497 baş olub ki, bu da 1 iyul 2015-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,7 və 2,4 faiz üstələyib. Muxtar respublikada diri çəkidə 11294,8 ton ət, 47097,5 ton süd istehsal olunub. Bu da 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 1,6 və 1,7 faiz çoxdur.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 3 quşçuluq təsərrüfatının yaradılması hazırda davam etdirilir.
Cari ilin bəhs olunan dövründə kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 7 milyon 233 min 500 manat məbləğində kreditlərin verilməsi təmin edilib.
Ümumilikdə isə 2016-cı ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 5,6 faiz çox, yəni 117 milyon 544 min 900 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub.
Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkanlar yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıb. Naxçıvanda həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 13 milyon 32 min 600 manat təşkil edib. Bu kreditlərdən 9 milyon 414 min 600 manatı fərdi sahibkarlığın inkişafına, 3 milyon 618 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunub. Ümumilikdə, ötən dövr ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 20 milyon 410 min 900 manat həcmində kreditlərin verilməsi təmin olunub.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 365 növdə məhsul istehsal edilir. Bu məhsulların 120 növü ərzaq, 245 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır.
2016-cı ilin ilk altı ayı ərzində muxtar respublikada 1811 yeni iş yeri yaradılıb ki, bunun da 1768-i və ya 97,6 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq cari ilin ötən dövrü ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, traktorçu-maşınçı, xalçaçı, aşpaz köməkçisi peşələri və digər peşələr olmaqla, ümumilikdə, 164 nəfər peşə kurslarına, 24 nəfər isə ixtisasartırma kurslarına cəlb edilib. Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 12 məhkum qazanxana maşinisti, 10 məhkum isə daş üzərində oyma peşələri üzrə kurslara cəlb olunub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində cari ilin ötən dövrü ərzində 1167 nəfər müxtəlif peşələrə yiyələnib.
Yuxarıda sadalananlar Naxçıvan Muxtar Respublikasının bütün sahələrdə inkişafa nail olunmasının göstəriciləri, böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticələridir. Bu isə muxtar respublikanın şəhər və kəndlərinin simasını köklü şəkildə dəyişdirir. Hazırda Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin böyük uğurla davam etdirilməsi nəticəsində mümkün olub.
Rauf Əliyev