Son illər muxtar respublikada hər bir sahədə olduğu kimi, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində də xeyli işlər görülüb.
2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yeni yaradılan səyyari xidmət insanlara daha bir qayğının ifadəsidir. Səyyari xidmət üçün nazirliyə “Hundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verib.
Cari ildə də səyyari xidmət fəaliyyətini davam etdirir. Avqust ayının ötən dövrü ərzində Babək rayonunun Nehrəm, Nəhəcir, Qahab, Sirab, Kərimbəyli, Yarımca, Zeynəddin, Cəhri, Payız və Nəzərabad kəndlərində 291 şəxsiyyət vəsiqəsi, 63 sürücülük vəsiqəsi, 2 məhkumluq haqqında arayış verilib.
Avqust ayının 15-də səyyari xidmət Sədərək rayonunun Sədərək kəndində, dünən isə Heydərabad qəsəbəsində olub.
Xəbərlər şöbəsi