Şahbuz rayonunda quruculuq tədbirlərinin həcmi ildən-ilə genişlənir. Bu tədbirlər hesabına rayonun ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinin belə, siması tanınmaz dərəcədə dəyişilib, kəndlərdə kompleks quruculuq işləri görülüb. Cari ilin ötən dövrü ərzində Daylaqlı kəndində 120 şagird yerlik məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Kolanı kəndində isə 316 şagird yerlik məktəb binasının, Kiçikoba kəndində xidmət mərkəzinin və Şahbuz şəhərində elektrik şəbəkəsi üçün yeni binanın tikintisi aparılır.
Muxtar respublikamızda geniş vüsət alan tikinti-quruculuq tədbirləri bütün sahələri əhatə edir. Yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər bu tədbirlərin tərkib hissəsidir. Şahbuz rayonunda da yolların müasir tələblər səviyyəsində yenidən qurulması diqqətdə saxlanılıb. Cari ilin ötən dövründə Daylaqlı və Kiçikoba kəndlərində 2,8 kilometr uzunluğunda asfalt örtük salınıb, Yuxarı Qışlaq kənd avtomobil yolunun kənarında 15 metr uzunluğunda istinad divarı çəkilib, Külüs, Kükü, Güney Qışlaq, Ayrınc kənd yollarında, eləcə də Şahbuz-Batabat magistral yolunda cari təmir işləri aparılıb.
Xəbərlər şöbəsi