40 gündür aramızda olmayan bir şəhidimiz var. O şəhid ki ömrü boyu ölümün gözünə dik baxıb, Vətən yolunda hər an canından keçməyə hazır olub...
...Azərbaycanın mərd oğlu, baş leytenant Toğrul Məmmədovun ata ocağına – Babək rayonunun Şıxmahmud kəndinə gedirik. Həftədə bir neçə dəfə yanından ötüb keçdiyim kənd bu səfər gözümə ayrı görünür. Elə bil ki, öz şəhidi ilə qürurlanır. Deyir ki, bax suyumdan içən, bu torpaqda böyüyən Toğrul məni qoruyub, canından keçib, şəhid olub.
...Toğrul 1988-ci ildə ziyalı ailəsində dünyaya göz açmışdı. İlk təhsilini Şıxmahmud kənd tam orta məktəbində almışdı. Uşaqlıqdan vətənpərvərliyi ilə seçilən Toğrul 2002-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdu. 2005-2009-cu illərdə ali hərbi təhsil almışdı. Sonra təyinatla Ağdamda “N” hərbi hissədə xidmətə başlamışdı. Nümunəvi hərbi xidməti ilə seçilən Toğrul bir çox mükafatlara layiq görülmüşdü. 2014-cü ilin avqust ayında xidməti vəzifəsini yerinə yetirərkən yaralanan Toğrul bu il aprel döyüşlərində düşmənlə qəhrəmancasına vuruşmuşdu. İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində o, şəhidlik zirvəsinə ucaldı.
...Şəhid qardaşım Toğrul! Ata ocağında Azərbaycan bayrağı dalğalanır. Evinizdə hamının gözlərində hüznlə qarışıq bir qürur duyulur. Çünki şəhidliyin qüruru kədərindən böyükdür. Çünki şəhid adını qazanmaq üçün Vətəni, sadəcə, sevmək yetərli deyil. Onu canından çox sevməlisən, həm də hər bir qarışını sevməlisən. Daşını, qayasını sevməlisən, gülünü-çiçəyini sevməlisən. Onda üstündə gəzdiyin, suyunu içdiyin, çörəyini yediyin, havasını udduğun torpaq Vətən olur.
Şəhidlik, Vətən uğrunda ölmək Toğrul üçün böyük şərəf idi. Bu səbəbdən qaçmadı silahların qabağından. Bir gecədə yol aldı şəhidlik zirvəsinə, mübarizliyi ilə səs verdi Vətəninin səsinə – bunları qardaşın Üzeyir deyir. O, sənin bu Vətəni – Azərbaycanımızın hər bir qarışını necə sevdiyindən danışır. Gözləri dolur. Amma qürurlu olduğunu da duymaq çətin deyil. Nişanlı bacın isə səssizcə bir kənarda oturub. Ürəyindən nələr keçir görəsən? Qardaş itkisindən böyük ağrı olarmı? Özü də ata əvəzi olan qardaş... Dönüb bir də bacının üzünə baxıram. Bir məğrurluq görürəm.
Sən elə şəhidlik zirvəsinə ucalmaqla qardaş-bacına ən böyük mükafatı verdin. Sənin yoxluğun onlara ağır dərd olsa da, səninlə, şəhidliyinlə də bir o qədər qürur duyurlar. Divardan asılan şəklində lal-dinməz bizə baxırsan. Gözlərində düşmənə qarşı bir kin var. Öz-özümə “Nigaran qalma, qəhrəman”, – deyirəm. Sənin şəhidliyinin nuru bacı və qardaşının yoluna işıq salacaq. Sən torpaq uğrunda canından keçdin. Unutmaz bu torpaq, bu Vətən səni. Qarabağın azad olunmasına çox az qalıb, mənfur düşmən öz qanında boğulacaq, sənin və sənin kimi yüzlərlə şəhidimizin qanı yerdə qalmayacaq. Əgər siz olmasaydınız, yurd da olmazdı, Vətən də. Siz dövlətimiz üçün polad körpüsünüz, həm də sınmayan, əyilməyən, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü qədər ağır bir yükü dünənimizdən bu günümüzə ötürən qəhrəmanlıq körpüsü...
Yazdıqlarım Toğrul Məmmədovun bir insan, bir oğul və bir vətəndaş kimi etdiklərinin qarşısında çox azdır. Onun yaşadığı ömür kimi. Ancaq o, bu az ömrü əsl vətəndaş kimi yaşadı. Vətəndaş və şəhid kimi bu dünya ilə vidalaşdı. Mən də onun ata ocağıyla vidalaşıram. Ancaq bu qapıya, yəqin ki, yenə yolum düşəcək. Tək mənim yox, Toğrul kimi vətənpərvərləri sevən bütün insanların...
Sara Əzimova