25 Dekabr 2024, Çərşənbə

Cari ilin yeddi ayının nəticələri daha böyük uğurlardan xəbər verir

Şərur rayonunda aparılan tikinti-abadlıq və quruculuq işlərinin, həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin başa çatdırılması aylarla, həftələrlə, günlərlə yox, az qala saatlarla ölçülür. Bütün bu inkişaf, tərəqqi ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.
1969-1982-ci illərdə – ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın bütün bölgələri kimi, Şərur da sürətlə inkişaf edən rayonlar sırasında olmuşdu. O dövrdə Arpaçay dəryaçasının tikilib istifadəyə verilməsi ilə Şərur düzünə, Kəngərli çöllərinə, Sədərək torpaqlarına yeni həyat bəxş edildi. Rayon Azərbaycan miqyasında ən böyük üzüm və bunun müqabilində şərab istehsal edən bölgələrdən birinə çevrildi. Əhalinin gün-güzəranı, yaşayış tərzi də irəliyə doğru xeyli dəyişdi. Kəndlərdəki palçıq, uçuq daxmaların yerində mişardaşından gözəl və yaraşıqlı, ikimərtəbəli fərdi evlər tikildi. Dövlət səviyyəsində yaşayış məskənlərinin, xüsusən də kəndlərin sosial-iqtisadi problemlərinin həllinə xüsusi diqqət yetirildi. Kəndlərin əksəriyyətində müasirtipli, hər cür şəraiti olan iki-üçmərtəbəli təhsil ocaqları ucaldıldı, səhiyyə, mədəniyyət, ticarət, iaşə, məişət xidməti müəssisələri inşa olundu. İstehsalatda fərqlənən neçə-neçə əmək adamı yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görüldü.

Lakin ötən əsrin 90-cı illərindəki hərc-mərclik, xaos, özbaşınalıq, respublikaya təcrübəsiz, səriştəsiz adamların rəhbərlik etməsi nəticəsində digər bölgələrimiz kimi, Şərur rayonu da acınacaqlı günlərini yaşadı. Müttəfiq respublikalar arasında iqtisadi əlaqələrin kəsilməsi nəticəsində əksər müəssisələr fəaliyyətini dayandırdı, adamlar işsiz qaldı.
1993-cü ilin yayında ulu öndər respublikada hakimiyyətə qayıtdıqdan sonra Onun uzaqgörən siyasəti, gərgin əməyi sayəsində həyat addım-addım məcraya düşməyə başladı. Xüsusilə 1995-ci ildən, yəni ölkədə ictimai-siyasi sabitlik tam bərpa olunandan sonra bu rayonun da sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yeni inkişaf dövrü başlandı, muxtar respublika rəhbəri­nin tövsiyələrinə uyğun olaraq insan amili diqqət mərkəzinə çəkildi.
Beləcə, respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da çətinliklər artıq arxada qalıb. Bunun əsas səbəbi ondan ibarətdir ki, qarşıya qoyulan məqsədə çatmaq üçün bütün qüvvələr səfərbər edilib, iri infrastruktur layihələri hazırlanıb və reallaşdırılıb. Elə buradaca kiçik bir statistikaya ehtiyac var: 2016-cı ilin yanvar-iyul aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait bundan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz, tikinti təşkilatlarının yerinə yetirdikləri işin həcmi 1,9 faiz artıb. Yeddi ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 2,9 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5,3 faiz, informasiya və rabitə xidmətləri 2,4 faiz artıb, nəqliyyat sektorunda yük və sərnişin daşınmasından, bütövlükdə, 2 milyon 484 min manat gəlir əldə edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,4 faiz çoxalıb. İşçilərin orta aylıq əməkhaqqı 392,6 manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur. Cari ilin birinci yarısında 368 nəfər daimi işlə təmin olunub.
Bu gün Şərur nəhəng inşaat meydançasını xatırladır. Rayon mərkəzinin prospekt və küçələrində, kənd­lərdə təmir-tikinti, abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Aparılan abadlıq və quruculuq işləri yüksək zövqlə görülür, keyfiyyətə, müasirliyə xüsusi fikir verilir. Sözü­gedən dövrdə Oğlanqalada kənd mərkəzi, 576 yerlik tam orta məktəb, həkim ambulatoriyası, xidmət mərkəzi tikilib, Xanlıqlar kəndində “İmamzadə” tarixi abidəsi bərpa olunub, Aşağı Yaycı kəndində və Mahmudkənddə idman meydançaları istifadəyə verilib. Hazırda Arbatan, Çəmənli və Arpaçay kənd­lərində geniş quruculuq tədbirləri görülür, Şərur şəhərində 2 nömrəli tam orta məktəb binasının, Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün yataqxana korpusunun, içməli su və kanalizasiya şəbəkəsinin, “N” hərbi hissə üçün yeni obyektlərin tikintisi davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir edir. Cari ilin birinci yarısında rayonda 12 min 430 kvadratmetr fərdi yaşayış sahəsi istifadəyə verilib ki, bu da ötən ilin eyni dövründəkindən 0,7 faiz çoxdur.
Təhsil sahəsinin uğurları da qənaətləndiricidir. Rayonda aparılan yüksək səviyyəli tədrisin nəticəsidir ki, ötən dərs ilində orta məktəbləri bitirmiş 674 məzunun 3-ü qızıl, 2-si gümüş medala layiq görülüb. Məzunların 512 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 288 nəfəri uğurlu nəticə göstərib. Abituriyentlərdən 52 nəfərinin bal göstəricisi 500-700, o cümlədən 18 nəfərinin topladığı bal 600-700 arası olub.
Ali Məclis Sədrinin 8 fevral 2016-cı il tarixdə imzaladığı “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, cari ilin yeddi ayında istehsal olunan meyvə və tərəvəz məhsullarının həcmi müvafiq olaraq 1,2 və 1,3 faiz artıb. Rayon ərazisində 13 hektardan artıq yeni meyvə bağları salınıb, mövcud bağlarda bərpa işləri aparılıb.
Şərurlular işgüzardır, istiqanlıdır. Böyük əksəriyyət zəhmətə qatlaşan, halallığa tapınandır. Bəlkə də, elə buna görədir ki, Şərur çölləri, bağları bar-bərəkət bağlayır. Elin varı getdikcə çoxalır. Bu hesaba həyat, gün-güzəran ilbəil yaxşılaşır.
Şərurun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı sahədir. 2016-cı ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında 17 min 115 hektar sahədə əkin aparılıb. Bu il 7 min 637 hektar taxıl sahəsinin məhsulu biçilib, 24 min 117 ton məhsul toplanılıb. Rayonda az zəhmətlə daha çox gəlir gətirən qarğıdalı istehsalına maraq ildən-ilə artır. Yazda 1120 hektar sahədə qarğıdalı əkini aparılıb. Bu da ötən ildəkindən 624 hektar çoxdur. 760 hektar kartof sahəsindən istehsal olunan 9 min tonadək kartofun çox hissəsi soyuducu anbarlara yığılıb. Sahələrdə meyvə-tərəvəz məhsulları hələ tam yığılıb qurtarmayıb və bu iş davam etdirilir.
Cari ilin yeddi ayında rayonda ət, süd, yun və yumurta istehsalında da keçən ilin müvafiq dövrünə nisbətən artım müşahidə olunub.
Əlbəttə, cari ilin yeddi ayında Şərurda görülmüş bütün işləri bir qəzet məqaləsi ilə tam şəkildə, ətraflı təsvir və təhlil etmək imkan xaricindədir. Sadəcə olaraq, bütün bunları ümumiləşmiş şəkildə yeddi ayın uğurlu yekunu, növbəti ayların isə sağlam başlanğıcı adlandırmaq olar.

Bəli, Şərurda həyat qaynayır. Çəkilən zəhmət, axıdılan alın təri öz fərəhli bəhrələrini verir, daş üstə qoyulan hər daş gözoxşayan binaya çevrilir, əkilən hər ağac, hər gül kolu, abadlaşan hər küçə, yenidən qurulan hər park Şərurun gözəlliyinə yeni naxışlar vurur. Görülən işlərin miqyası və dinamizmi, adamların yüksək əhval-ruhiyyəsi, ümumi yüksəliş ab-havası diktə edir ki, əvvəlki dövlət proqramları kimi, növbəti illər üçün nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf proqramı da uğurla həyata keçiriləcəkdir. Yetər ki, məqsədin aydın, niyyətin xoş olsun. Bu aydın məqsəd, xoş niyyət isə şərurluların canında, qanındadır.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR