Elm və texnologiyanın yüksək inkişaf etdiyi XXI əsrin yenilikləri bəşəriyyət üçün nə qədər vacibdirsə, müasir dünyanın qarşı-qarşıya qaldığı ekoloji problemlərin sürətli həlli də o qədər lazımlıdır. Son dövrlərdə dünyanın müxtəlif ölkələrində təbii və texnogen dəyişikliklər səbəbindən ekoloji tarazlıq daha da pozulmuş və təbii ki, bəşəriyyət də bu acı nəticələrin dadını hiss etməkdədir. Buna görə də bu gün inkişaf etmiş ölkələrin əksəriyyətində diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri ekoloji tarazlığın sabit saxlanılması və davamlılığına nail olunması, meyvə, giləmeyvə, bəzək bağçılığının yaradılması və meşə sahələrinin genişləndirilməsidir.
Təbiət qayğı tələb edir, insanlardan isti münasibət istəyir. O, bu qayğını elə insanların özünə görə istəyir, onlara qaytarmaq üçün istəyir. Ağacı, yaşıllığı, meşəsi çox olan yaşayış məntəqələrindəki insanlar həmişə sağlam olur, çox yaşayır. Yaşıllığı zəngin olan yerlərdə uzunömürlü insanlar çox olur. Meşə, yaşıllıqlar olmayan yerdə çoxlu xəstəliklər hökmranlıq edir. İnsanları həm soyuqdan, həm istidən, həm də küləkdən qoruyur yaşıllıqlar. Təbiət insanın köməyi sayəsində daha da gözəlləşir, zənginləşir. İnsanlar təbiətin misilsiz nemətlərindən daim istifadə edir. Dahi insanlar həmişə təbiətə, yaşıllıqlara, meşələrə, bulaqlara, çaylara, dənizlərə təbabət sahəsi kimi baxıblar. Təbiətin misilsiz nemətlərindən daim istifadə edən insanlar təbiətə təbiət kimi öz səxavət əlini həmişə uzatmalıdır. Ana təbiətin keşiyində durmaq, təbii sərvətlərimizi qorumaq hər bir Vətən övladının müqəddəs borcudur. Təbiətin varlığı, onun saflığı, zənginliyi insanların sağlamlığı, firavanlığı, dincliyidir, ekoloji tarazlığın qorunmasıdır.
Son dövrlərdə dünya alimlərini düşündürən əsas məsələlərdən biri də yaşıl ərazilərin şəhərlər üzrə paylanılmasıdır. Çünki şəhərlər kütləvi yaşayış yerləri, buna görə də nəqliyyat vasitələrinin sıxlığı, fabrik və zavodların, sənaye komplekslərinin daha çox cəmləşdiyi ərazilər olduğundan bu məsələ daha da aktuallaşır. Bu gün dünyanın böyük meqapolislərindən tutmuş əhalisi 100 minin üzərində olan çoxsaylı şəhərlərin əksəriyyətində bu problemlə qarşılaşmaq mümkündür. Bu sırada yalnız o şəhərlərin bəxti gətirib ki, coğrafi və iqlim baxımından nisbətən əlverişli ərazidə yerləşir. Buna görə də istənilən şəhərdə yaşıllıq ərazilərinin çox olması həmin şəhərdə ekoloji tarazlığın normada saxlanılmasına şərait yaradır.
Hamımıza məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən Naxçıvanın blokadaya salınması bir sıra çətinliklərlə bərabər, muxtar respublikanın yaşıl örtüyünə də az ziyan vurmamışdı. Qışın sərt soyuqlarından qorunmaq üçün əhalinin üz tutduğu meşə və yaşıllıq massivləri təkcə rayon ərazilərini deyil, paytaxt Naxçıvan şəhərini də əhatə etmişdi. Həmin dövrdə digər bölgələrimizlə yanaşı, Naxçıvan şəhərindəki yaşıllıq ərazilərinin də müəyyən bir qismi məhv edilmiş, nəticədə, bəzən yaşı yüzdən çox olan ağaclar kəsilərək evlərin qızdırılmasına sərf olunmuşdu. Belə faktlara o dövrün mətbuat orqanlarının səhifələrində də rast gəlmək mümkündür. Ancaq Naxçıvanın blokada vəziyyətində bütün çətinliklərə mərdliklə sinə gərdiyi həmin dövrü indi hamılıqla xatirələrdə yaşadırıq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekoloji siyasətin muxtar respublikada uğurla davam etdirilməsi digər bölgələr ilə yanaşı, paytaxt Naxçıvan şəhərinin də yaşıllaşmasında, buna görə də ekoloji baxımdan daha təmiz şəhərə çevrilməsində əhəmiyyətli rol oynamışdır. Reallıq isə budur ki, Naxçıvan şəhəri indi təkcə sabitliyi, abadlığı, səliqə-sahmanı ilə deyil, həm də gözoxşayan yaşıllıqları ilə seçilir.
Əvvəlcə qeyd edək ki, Naxçıvan şəhəri yerləşdiyi coğrafi mövqeyə görə heç zaman kəskin ekoloji problemlərlə üz-üzə qalmayıb. Bu, ondan irəli gəlir ki, şəhərin cəmi bir neçə kilometrlərlə radiusunda dağlıq ərazilərin mövcudluğu buranın havasının təmiz olmasına, o cümlədən münbit iqlim qurşaqlarının kəsişməsinə mühüm təsir göstərir. Ərazinin sərt kontinental iqlimə malik olması yaşıllıq ərazilərinin yaradılmasına müəyyən çətinliklər törətsə də, insan əzmkarlığının nəticəsi artıq özünü çoxdan təsdiq edib. Nəzərə alaq ki, Sovetlər Birliyi dövründə şəhərin yaşıllaşdırılmasına o qədər də ciddi fikir verilməyib. Xüsusilə tikintisi aparılan obyektlərin sahəsi müəyyənləşdirilərkən ərazilər yaşıllıqlardan “təmizlənib”, əvəzində isə yeni tinglər əkilməyib və ya az əkilib. Ümumiyyətlə, həmin dövrdə yeni tikinti obyektləri istifadəyə verilərkən, bəzi istisnalar olmaqla, ətrafında yeni yaşıllıq sahələrinin yaradılması ənənəsi olmayıb. Ancaq indi əksinə, yeni istifadəyə verilən istənilən obyektin ətrafında həmin obyektin ərazisindən daha böyük sahənin yaşıllıq, o cümlədən gülkarlıq üçün ayrıldığının şahidi oluruq. Müasir dövrdə istənilən obyektin tikintisini bir-iki, uzağı dörd-beş ilə tamamlamaq mümkündür, lakin heç bir texnoloji yenilik yaşıllıqların əsas mənbəyi hesab edilən ağacların sürətlə böyüməsini təmin etmək gücündə deyil. Bu baxımdan yaşıllıqların salınması, yeni ağacların əkilməsi və böyüdülməsi müasir dövrdə strateji istiqamət kimi qəbul edilir. Yaşıllıqlardan söz düşmüşkən qeyd edək ki, Naxçıvan şəhərində hələ keçmiş zamanlardan kütləvi yaşıllıq sahələrinin qorunduğu ərazilər mövcuddur. Məsələn, şəhərimizdəki ən böyük yaşıllıq massivlərindən biri el arasında “Böyük bağ” adlanan ərazidir. Tarixi mənbələrə görə, bu bağ çar Rusiyası dövründə şəhərdə fəaliyyət göstərən qubernator tərəfindən salınıb. Hazırda burada hər iki əsrə şahidlik edən yüzlərlə meşə ağacları var. Şəhərin cənub-qərb istiqamətində yerləşən Əcəmi seyrəngahında da belə yaşlı ağaclara rast gəlmək mümkündür. Son illərdə hər iki ərazidə abadlaşdırma tədbirləri ilə yanaşı, yeni ağacların əkilməsinə də diqqət göstərilib. Bundan əlavə, şəhərin cənub hissəsində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini əhatə edən qala divarlarının aşağı səmtində yerləşən yaşıllıq sahəsi də buradakı yaşlı ağacları ilə diqqəti cəlb edir. Hər üç sahə Naxçıvan şəhərinin ən böyük yaşıllıq zolaqlarından sayılır. Ümumiyyətlə, ötən dövrdə şəhərin hər yerində – park və küçələrində, idarə, təşkilat və müəssisələrin ərazilərində yeni ağaclar əkilib, xüsusilə şəhər ətrafında yeni bağlar salınıb, meşə massivləri yaradılıb. Bu yaşıllaşdırma tədbirlərində on minlərlə ağac və gül kolları əkilib. Təkcə 2016-cı ilin ötən dövründə həyata keçirilən yaşıllaşdırma tədbirləri zamanı Naxçıvan şəhərinin ərazisində 300 ədəd meşə, 14 min 370 ədəd müxtəlif meyvə, 700 ədəd həmişəyaşıl ağac, 18 min 400 ədəd müxtəlif gül kolları, 65 ədəd dekorativ bitkilər əkilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan şəhəri ərazisində 6,5 hektar ərazidə meyvə bağı salınıb, 2 hektar meyvə bağında bərpa işləri aparılıb.
Təbii ki, ağacların əkilməsi işin bir tərəfidirsə, bu ağacların vaxtında suvarılması, onlara aqrotexniki qulluq göstərilməsi digər tərəfidir. Nəzərə alaq ki, muxtar respublikanın sərt kontinental iqlim şəraitində ağac əkmək, ona qulluq göstərmək çətin, məsuliyyətli və zəhmət tələb edən işdir. Buna görə də həmin yaşıllıqlara daim nəzarət edilir, su mənbəyi olmayan yaşıllıqların su ehtiyacı su maşınları ilə təmin olunur. Xüsusilə səhər və axşam saatlarında şəhərin park və küçələrində hər birimiz bu cür suvarılmanın şahidi oluruq. Məsələnin digər tərəfi ondan ibarətdir ki, yaşıllıqların salınması və qorunması təkcə bu sahəyə aidiyyəti olan orqanların fəaliyyəti ilə məhdudlaşmır. Hər həftənin şənbə günü təşkil olunan iməciliklərdə Naxçıvan şəhərində fəaliyyət göstərən bütün dövlət qurumlarının kollektivləri şəhər ərazisində onlar üçün ayrılmış yaşıllıq sahələrində ağaclara qulluq edir, onların böyüyüb boya-başa çatmasına əmək sərf edirlər. Qlobal istiləşmənin artdığı, iqlim dəyişikliklərinin daha çox müşahidə edildiyi müasir dövrdə belə tədbirlərin həyata keçirilməsi çox mühüm əhəmiyyət daşıyır.
Bəli, bu gün qədim Naxçıvan şəhəri təkcə qədimliyi, zəngin mədəniyyəti ilə deyil, həm də yaşıllıqları ilə fəxr edə bilər. Əgər yeni yaradılmış ünvanlar şəhərimizin simasına gözəllik bəxş edirsə, yaşıllıqlar da bu gözəllikdən zövq almağa şərait yaradır. Məhz bu tamlıq Naxçıvanı hər kəs üçün daha sevilən və cazibədar edir.
Səbuhi Həsənov