25 Dekabr 2024, Çərşənbə

Dünya ölkələri artıq informasiya cəmiyyəti quruculuğu prosesinə qədəm qoyub. İnkişaf səviyyələrindən asılı olaraq, hər bir ölkə bu prosesdə müəyyən nailiyyətlər əldə edib. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) dövlətin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaqdır. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə, cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin direktoru Vüqar Rəsulova müraciət etdik.

– Bu gün cəmiyyətimiz elmi ədəbiyyatlarda “elektron hazırlıq (e-Readiness”) – informasiya cəmiyyətinə hazır­lıq, yəni ölkənin informasiya-kommunikasiya infrastrukturunun inkişafını, elektron iqtisadiyyatını, distant təhsilini, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarından istifadəni və İKT sahəsində dövlətin siyasətini əhatə edən meyarlarla qiymətləndirilən sosial iqtisadi inkişafın səviyyəsini qəbul etməyə hazırdırmı?
– Maraqlı və bir o qədər də əhəmiyyətli məsələyə toxundunuz. Hazırda dünyada gedən əksər proseslərə İKT-nin birbaşa təsiri vardır ki, bu yolla cəmiyyətimiz bir çox məqsədlərə daha sürətli nail olmaq imkanı əldə edib. İnformasiya cəmiyyətini formalaşdırmaq isə, həqiqətən də, mühüm məsələlərdən biri kimi əhəmiyyətlidir. Ancaq qeyd edim ki, bu cəmiyyəti yaratmaq üçün, ilk növbədə, internet sisteminin məkanlarda aktiv olması lazımdır. Muxtar respublikada bu sahədə bir çox işlər görülüb, internet sistemi ilə əlaqədar bir sıra addımlar atılıb. İnformasiya cəmiyyəti formalaşıbmı? – bəli, formalaşıb. Artıq bir cəmiyyət mövcuddur. Düşünürəm ki, artıq muxtar respublikada qəbul olunan sərəncam və qərarlar, həyata keçirilən bir çox tədbirlər informasiya cəmiyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Artıq formalaşan informasiya cəmiyyətini qəbul edən müəyyən təbəqə mövcuddur.
– Vüqar müəllim, son dövrlərdə “informasiya cəmiyyəti” anlayışından tez-tez istifadə olunur. Ancaq bu anlayış hələ də bəziləri üçün aydın deyil. Bəlkə, bu anlayışın mahiyyətini bir qədər açasınız?
– İnformasiya cəmiyyəti anlayışı 1960-cı illərin əvvəllərində Yaponiyada sosial elmlərin tədrisində istifadə olunmağa başlayıb və artıq 50 ildən çoxdur ki, elmi-nəzəri tədqiqat obyektinə çevrilib. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir informasiya-kommunikasiya texnologiyaları informasiyanın əldə edilməsi, emalı, saxlanması və ötürülməsi məqsədilə proqram-texniki vəsaitlərin, istehsalat proseslərinin və metodlarının məcmusudur. İnformasiya proseslərinə isə aiddir: informasiyanın axtarışı, seçimi, yaradılması, saxlanması, ötürülməsi, kodlaşdırılması, emalı və qorunması.
İnformasiya cəmiyyəti, başqa sözlə desək, cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi və bütövlükdə, ictimai həyatın demokratikləşməsi deməkdir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron hökumət və sair) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi aiddir.
– İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ümumdünya elektron məkanına daha sürətli inte­qrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və sair) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu barədə fikirləriniz oxucularımız üçün maraqlı olardı...
– Hazırda Naxçıvan Muxtar Respublikasında İKT bir çox sahəyə tətbiq edilir. İnformasiya texnologiyalarının inkişafı prioritet sahədir. Bu baxımdan xüsusilə son zamanlar muxtar respublikada distant təhsil sahəsində də əhəmiyyətli addımlar atılıb. Belə ki, muxtar respublikanın ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində elektron tədrisdən istifadə təmin edilib, təhsil müəssisələrində 5 minə yaxın kompüter, 650-dən çox elektron lövhə quraşdırılıb, sürətli internetə çıxış imkanı yaradılıb, distant təhsil şəbəkəsi qurulub. Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqların da təhsilə inteqrasiyası məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün audio və elektron kitabxana yaradılıb.
Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri üçün tələb olunan server və digər avadanlıqlar alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində qurulub. Hər iki sistem üçün proqram təminatı hazırlanıb. Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat Sistemi 2 terabaytlıq yaddaşa malikdir. Bu da daxil olan müraciətlərin və verilən cavabların uzun müddət arxivdə saxlanılmasına imkan yaradacaqdır. Muxtar respublikanın 76 təşkilatının internet saytında elektron müraciət bölməsi yenidən işlənib və sistemlə əlaqələndirilib. Bu da vətəndaş tərəfindən elektron hökumət portalı üzərindən göndərilən müraciətlərin eyni vaxtda elektron qeydiyyat sisteminə də daxil olmasına imkan verir. Təşkilat tərəfindən vətəndaşın müraciətinə 15 gündən gec cavab verildikdə sistem əməliyyatçını məlumatlandırır. Əməliyyatçı məlumatları digər elektron ünvanlara göndərmək, çap etmək, müqayisələr aparmaq, istənilən tarixdə göndərilən müraciətlərə yenidən baxmaq imkanına malikdir. Hər iş gününün sonunda bazaya daxil olan müraciətlər və verilən cavablar avtomatik olaraq arxivə göndərilir.
İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminin əsas və ehtiyat serverlərinin hər birinin tutumu 3 terabaytdır. Sistem lokal şəbəkə daxilində fəaliyyət göstərir. Buna görə də bütün sənədlər və yazışmalar Elektron Sənəd Dövriyyəsi Sisteminin serverində tam təhlükəsiz şəraitdə saxlanılır. Əməliyyatçı ona verilmiş şifrə vasitəsilə sistemə daxil olur. Bu zaman 30 dəqiqə ərzində kompüterdə heç bir əməliyyat aparılmadıqda sistem həmin istifadəçini avtomatik olaraq kənarlaşdırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da qeyd olunur: “Müasir iqtisadi şəraitdə elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir. Elektron ödəniş xidmətlərinin tətbiqi təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə xidmət edir”.
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamında deyilir: “Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır”.
Bu baxımdan da gələcəyin daha güclü təməllər üzərində qurulması üçün İKT və informasiya cəmiyyəti son dərəcə əhəmiyyətlidir. İKT-nin müxtəlif sahələrə tətbiqi üçün bu sahədə ixtisaslaşmış kadrlara ehtiyac vardır. İKT muxtar respublikada iqtisadiyyat, turizm, təhsil, biznes, alqı-satqı və digər bu kimi sahələrə yüksək təsir göstərib. İKT vasitəsilə biz virtual məkanda daha güclü təmsil olunuruq.
– Müsahibə üçün sağ olun.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR