25 Dekabr 2024, Çərşənbə

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın qədim tarixi və zəngin mədəniyyəti xalqımızın özünəməxsus milli dəyərlər sisteminin formalaşmasında əhəmiyyətli rol oynayıb. Tarix elmi Naxçıvanın zənginliyini hələlik tam aça bilməsə də, bu zənginliyi öyrənmək də indiyədək müşkül iş olub. Əsrlərdir müxtəlif maraqların kəsişdiyi bu torpaq haqqında mənbələrdə yanlış fikirlər də yer alıb, reallığı əks etdirən faktlar da. Yalnız müstəqilliyimizin bərpasından sonrakı dövrdə bu istiqamətdə əsaslı addımlar atılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvan tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir” fikri bu addımların əsas istiqamətini təşkil edib.
Naxçıvanı öyrənən elmi sahə kimi Naxçıvanşünaslığın əsası 1996-cı ildə muxtar respublikada keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu ilə qoyulub. Məhz bundan sonra Naxçıvanın tədqiq və təbliğ edilməsini nəzərdə tutan ayrıca bir elmi mərkəzin – Naxçıvanşünaslıq Mərkəzinin yaradılması zərurətə çevrilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılıb, mərkəz üçün bina ayrılıb və əsaslı surətdə yenidən qurularaq Naxçıvanın muxtariyyət tarixinin 89-cu ildönümündə – 2013-cü il fevralın 9-da istifadəyə verilib. Fəaliyyət göstərdiyi ötən dövrdə mərkəz ölkə­nin ən mükəmməl elmi-tədqiqat müəssisələrindən birinə çevrilib. Mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilib. Qədim tarixə, zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malik Naxçıvan diyarında min illər ərzində yaranan, formalaşan ən qədim mədəniyyətlər, tarixin müxtəlif dövrlərinin yadigarı olan abidələr, qədimdən müasir dövrümüzədək tarix, ədəbi mühit, yaradıcılıq sahələri, ümumilikdə, xalqın yaratdığı və günümüzə qədər çatdırdığı milli dəyərlər sistemi, adət-ənənələr, son illər muxtar respublikanın sosial-iqtisadi inkişafı, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı kimi mühüm əhəmiyyət kəsb edən məsələlər haqqında kitab, jurnal və qəzetlər, xəritə və atlaslar, avtoreferatlar, video və fotomateriallar, sənədli filmlər Naxçıvanşünaslıq Mərkəzində toplanaraq sistemləşdirilib.
Məlumat üçün bildirək ki, son illərdə Naxçıvanın elmi mühitində həyata keçirilən tədbirlər Naxçıvanşünaslığın öyrənilməsi istiqamətində yeni imkanlar açıb, mərkəzin müxtəlif mənbələrlə zənginləşdirilməsində mühüm rol oynayıb. Belə ki, əldə olunan materiallar əsasında Naxçıvanşünaslığa aid mindən artıq monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsait­ləri yazılıb, “Naxçıvan Abidələri Ensiklo­pediyası”, ikicildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan tarixi atlası” və “Naxçıvan tarixi” çoxcildliyi nəşr edilib, onlarla sənədli film çəkilib.
Mərkəzdə olarkən öyrəndik ki, burada Biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Elmi-metodik, Xidmət, Komplektləşdirmə, Kitab­işləmə və kataloqlaşdırma şöbələri, skaner otağı, kitabsaxlayıcı fond, oxu və dövri mətbuat zalı, elektron oxu zalı, arxiv və sair yerləşir. Mərkəzin kitabsaxlayıcı fondunda 3000 nüsxədən artıq çap materialı vardır ki, bunların 2550 nüsxəsi kitab, qalanları isə qəzet və jurnal materiallarından ibarətdir. Mərkəzin kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunub, elektron kitabxana və elektron arxiv mənbələri zənginləşdirilib. Hazırda bura müraciət edən istifadəçilər onlara verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş edə bilərlər. Elektron köşk istifadəçilərə kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş imkanı yaradır. Oxu və dövri mətbuat zalında isə istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılıb. İstifadəçilər elektron kataloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan, sənədlərdən, əlyazmalardan, video və audio materiallardan, fotolardan və xəritələrdən istifadə edə bilərlər. Üç dildəki “www.e-merkez.alimeclis.az” internet saytı mərkəz ilə səmərəli informasiya mübadiləsi aparmağa imkan verir. Qeyd edək ki, mərkəzin kitabsaxlayıcı fondunda olan bütün kitabların elektron variantı və kataloqu yaradılaraq internet saytında yerləşdirilib. Ötən dövrdə mərkəzin elektron saytından 11 mindən artıq oxucu istifadə edib.
Naxçıvanşünaslıq Mərkəzində aidiyyəti materialların qorunub saxlanılması ilə yanaşı, onların gənc nəslə öyrədilməsi və təbliği də əsas vəzifələrdəndir. Bu məqsədlə ümumtəhsil məktəbləri şagirdlərinin, ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin iştirakı ilə Naxçıvanşünaslıq Mərkəzində açıq dərslər keçilir. Fəaliyyəti dövründə muxtar respublikadakı ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin, Naxçıvan Dövlət, “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Musiqi, Tibb, Dövlət Texniki kollecləri tələbələrinin iştirakı ilə Naxçıvanşünaslıq Mərkəzində “Muxtariyyətin 90 ili”, “Kənd təsərrüfatı ili”, “İnkişafın 20 ili”, “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı”, muxtar respublikanın sosial-iqtisadi inkişafı, tarixi abidələr, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti haqqında 213 açıq dərs və tədbir keçirilib, bu tədbirlərdə 4151 dinləyici iştirak edib.

Bəli, bu gün Naxçıvanşünaslığı elmi sahə kimi öyrənmək və təbliğ etmək mərkəzin qarşısında duran əsas vəzifələrdəndir. Ümumilikdə isə bu amil Azərbaycan tarixinin öyrənilməsinə, bu tarixin real faktlar əsasında təbliğinə yandırılan bir işıqdır. Buna görə də Naxçıvanşünaslıq bir elm sahəsi kimi Naxçıvanın dünəninin öyrənilməsində, bu gününün yazılmasında və gələcəyinin qurulmasında müstəsna əhəmiyyətə malikdir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR