Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açan Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Dövlət Energetika Agentliyinə də bir sıra tapşırıqlar verilib.
Qeyd olunub ki, muxtar respublikada yay mövsümündə elektrik enerjisinə olan tələbat 80-85 meqavat, qış mövsümündə 45-50 meqavat təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin payız-qış mövsümündə elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün hazırlıq işlərinə xüsusi diqqət yetirilir, lazımi mal-material ehtiyatı yaradılır. Həmçinin elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılır, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Vurğulanıb ki, 2016-cı ilin ötən 7 ayında muxtar respublikanın şəhər və kəndlərində 1 ədəd 35/6 kilovoltluq, 23 ədəd 10/0,4 kilovoltluq yeni transformator yarımstansiyası quraşdırılıb, 26 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilib. Üç kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilib. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 61 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb. Təmir sexləri lazımi ehtiyat hissələri, dolaq, elektrotexniki kağız və materiallarla təmin edilib. Əsas avadanlıq və materialların birbaşa xarici ölkələrin istehsalçı müəssisə və təşkilatlarından alınması işləri davam etdirilir. Həmçinin muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Naxçıvan şəhərində vətəndaşların evlərində smartkarttipli sayğacların qoyulması işləri davam etdirilib, ötən yeddi ay ərzində 12400 ədəd belə sayğac quraşdırılıb.
Sərf olunan elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılıb, cari ilin yeddi ayında 6,9 faiz texniki itki nəzərə alınmaqla, işlədicilərə dəyəri 13 milyon 806 min manat təşkil edən 255 milyon 877 min kvt.saat elektrik enerjisi ötürülüb. Elektrik enerjisi satışından 13 milyon 710 min manat vəsait toplanıb, enerjinin dəyərinin ödənilməsi 99,3 faiz təşkil edib.
Sonra Arpaçay Su Elektrik Stansiyasının direktoru Əli Əsədov, Culfa və Kəngərli Rayon Elektrik şəbəkələrinin direktorları Səid Həşimov və İsmixan Nağıyev payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər haqqında məlumat veriblər.
* * *
“Naxçıvanqaz” İstehsalat Birliyində keçirilən tədbirdə birliyin direktoru Ramin İsmayılov məruzə edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədən irəli gələn vəzifələr və onların icrası ilə bağlı görüləcək işlər haqda danışıb.
Qeyd edilib ki, müşavirədən irəli gələn vəzifələr sırasında qaz təchizatı sistemində texniki baxış tədbirlərinin başa çatdırılması, mövcud nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi, yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi, Naxçıvan şəhərində mövcud sayğacların smartkarttipli sayğaclarla əvəzlənməsinin davam etdirilməsi, qaz təsərrüfatlarında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması və işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin edilməsi də var. Verilən tapşırıqların icrasını təmin etmək məqsədilə 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq işləri “Naxçıvanqaz” İstehsalat Birliyinin tədbirlər planına daxil edilib.
Bildirilib ki, Naxçıvan şəhəri üzrə smartkarttipli sayğacların müasir standartlara uyğun quraşdırılması və yeni qaz təchizatı müqavilələrinin hazırlanması işləri davam etdiriləcək, payız-qış mövsümündə təbii qazdan istifadə edən bütün obyektlərin, qazişlədici cihazların vaxtında sınaqdan keçirilməsi, istilik qazanxanalarının qazın qəbuluna hazır olması, istehlakçılarla birlikdə texniki baxışdan keçirilməsi təmin olunacaqdır. Yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi işləri gücləndiriləcəkdir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlıqlarına cəlb olunması işi davam etdiriləcəkdir. Hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə əsasən, ev, mənzil və qeyri-yaşayış obyektlərinin qazlaşdırılması işlərinin başa çatdırılması təmin olunacaq, sosial-inzibati obyektlərin qazlaşdırılmasına xüsusi nəzarət ediləcək, qaz şəbəkəsində yeri dəyişdirilməsi və yenidən çəkilməsi nəzərdə tutulan qaz xətləri üzrə işlərin həyata keçirilməsinə nəzarət gücləndiriləcək, yeni qaz xətləri çəkilərkən və ya bərpa işləri aparılarkən mövcud standartların tələblərinin gözlənilməsi diqqətdə saxlanılacaqdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi