Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə universitetin bir qrup tələbəsinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına növbəti səyahəti təşkil olunub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov belə tədbirlərin doğma yurdun fauna və florası ilə yaxından tanış olmaq, onu qorumaq və bu sahədəki bilikləri artırmaq baxımından zəruri olduğunu vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövqi Əliyev tələbələrə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı haqqında geniş məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il iyunun 16-da imzaladığı Sərəncamla Ordubad rayonunun inzibati ərazisinin 12 min 131 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. Dövlət başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa və Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42 min 797,4 hektara çatdırılıb. Həmin sərəncamla milli parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Milli parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27 min 870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Bu parkın ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən iqlimi var. Ərazinin torpaq örtüyü müxtəlifdir. Ərazidə, əsasən, boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılıb.
Qeyd olunub ki, 1990-cı illərdə quru torpaq sahələri olan ərazilər hazırda yaşıllıqlarla örtülüdür. Bu da muxtar respublikada bütün sahələrlə yanaşı, ekologiyanın da inkişafının göstəricisidir.
Sonra parkın Culfa rayonunun Boyəhməd kəndi ərazisindəki infrastruktur obyektləri və buradakı muzeylə tanışlıq olub. Tələbələrə buradakı bitki və heyvan növləri, eləcə də bölgənin “Qırmızı Kitab”a daxil edilən zəngin flora və fauna nümunələri, dərman bitkilərindən hazırlanan ekstraktlar, faydalı qazıntılar və o cümlədən nəsli kəsilməkdə olan heyvanlar haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Nərmin CABBAROVA