25 Dekabr 2024, Çərşənbə

Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə Culfa şəhərində torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə cinayət və inzibati məsuliyyət, valideynlərin hüquq və vəzifələri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə cinayət və inzibati məsuliyyət” mövzusunda çıxış edərək bildirib ki, torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası Konstitusiya və Azərbaycan Respublikasının müvafiq hüquqi-normativ sənədləri ilə tənzimlənir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Qeyd olunub ki, 30 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərin torpaq sahələrinin qorunmasında xüsusi yeri vardır. Belə ki, qeyd edilən qanun qüvvəyə minənədək Cinayət Məcəlləsinin 188-ci maddəsi “Torpaq üzərində mülkiyyət hüququnu pozma” adlanırdı və maddəyə əsasən, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə cinayət məsuliyyətinə səbəb olurdu. Cinayət Məcəlləsinə dəyişiklik edilərək 188-ci maddə yeni redaksiyada verilib və həmin maddə “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” adlandırılıb.

Torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə inzibati məsuliyyət haqqında danışan Əli Adıgözəlov vurğulayıb ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
Bildirilib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 9-cu fəslində torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan normalar var. 30 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə də bir sıra dəyişikliklər edilib. Belə ki, Məcəllənin 88-1-ci maddəsi yeni redaksiyada verilib. Əvvəlcə maddə “Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə edilməsi” adlanırdı. Dəyişiklikdən sonra adıçəkilən maddə “Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi” adlanır.
Sonra torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət haqqında ətraflı məlumat verilib.
Culfa rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Afət Kərimli çıxış edərək bildirib ki, valideynlərin hüquq və vəzifələri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci fəslində öz əksini tapıb. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
Vurğulanıb ki, valideynlər uşaqlarının hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR