25 Dekabr 2024, Çərşənbə

Məhəmmədağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtlı görkəmli maarifçi, publisist, alim, böyük şöhrətə malik milli ziyalı kimi tariximizə düşüb.
O, 1846-cı ildə qədim türk yurdu olan və “sahib-mənsəb ziyalılar yurdu”, “Naxçıvanın elm və mədəniyyət mədrəsəsi” kimi böyük şöhrət qazanmış Şahtaxtıda anadan olub. 1860-cı ildə Naxçıvan şəhər qəza ibtidai məktəbini bitirən Məhəmmədağa 14 yaşında ikən Tiflis klassik gimnaziyasında təhsilini davam etdirib. O, 1871-ci ildə Almaniyanın Leypsiq Universitetinin Tarix, fəlsəfə və hüquq fakültəsində ali təhsil alıb. 1873-1875-ci illərdə Parisdə yaşayıb, sonra Tiflisə qayıdıb. Xaricdə təhsil alan və Avropa mədəniyyətini mükəmməl öyrənən ilk görkəmli Azərbaycan ziyalılarından olan Məhəm­məd­ağa Şahtaxtlıya, təsadüfi deyildi ki, “ilk avropalı azərbaycanlı”, – deyə xitab edirdilər. Məhəmməd­ağa Şahtaxtlını hələ cavan vaxtlarından tanıyan böyük ədibimiz Cəlil Məmmədquluzadə “Xatiratım” əsərində belə yazırdı: “Məhəmmədağa Şahtaxtlı çoxdanın adamıdır… Qoca yazıçımız Şahtaxtının əyamındandır… “Şərqi-Rus” naşiri və baş mühərriri Məhəmmədağa Şahtaxtlı Naxçıvan şəhərinin yavıqlığında Araz kənarında məşhur bir qəsəbədəndir. Məşhur onunladır ki, bu qəsəbə bir çox sahib-mənsəb və ziyalıların vətəni olubdur”.

Dahi Mirzə Cəlil Məhəmməd­ağa Şahtaxtlı haqqında həm də onun millət yolundakı, mətbuat və əlifba islahatları sahəsindəki fəaliyyətindən iftixarla danışırdı. O, Məhəmmədağanın “cavanlıqda özünü təhsilə verib Şərq dillərini təhsil etməsindən”, “Avropa lisanlarını öyrənməsi və Avropada xeyli vaxt qalmasından”, “həvəsi və məşğələsinin yazıçılıq olmasından”, “Avropa və Rusiya qəzetlərində həmişə iştirak etməsindən”, “türkcə qəzet nəşr etməsindən”, “Şərqi-Rus”u çıxartmağa nail olmasından”, Azərbaycan maarifinə can-başla xidmət etməsindən bəhs edir. Hətta onun “qəzet məşqinə düşəndə atadanqalma mülkünün öz hissəsini satıb Tiflisdə qəzet nəşr etməsini” daha böyük qürurla xatırlayır. C.Məmmədquluzadə yazırdı: “Məhəmmədağanı mən cavan vaxtında bir dəfə də Naxçıvanda görmüşdüm. Min səkkiz yüz doxsan dörddəmi-beşdəmi, bilmədim, Məhəmmədağa nədən ötrüsə Naxçıvana gəlmişdi. Mənim o vaxt yazmış olduğum “Məhəmmədhəsən əminin hekayəsi” yoldaşlarımın arasında danışığa düşmüşdü. Və Məhəmmədağa təkid etdi və mən hekayəni apardım qoydum onun qabağına. O da başdan bir neçə vərəq oxudu və bəyəndi”.
Mirzə Cəlilin Məhəmmədağa ilə ilk görüşünü xatırladığı həmin vaxt, ədibin doğru xatırladığı kimi, 1894-cü il idi.
Şahtaxtlı haqqında sanballı əsər müəllifi olan akademik İsa Həbibbəyli yazır ki, “müşahidələrin göstərdiyi kimi, 1893-cü ildə Məhəmmədağa yenidən Türkiyəyə qayıtmış, ...1894-cü ildə Naxçıvana gəlmiş, ata yurdu Şahtaxtıda olmuşdur. O, bu səfəri zamanı bir çox naxçıvanlı ziyalılarla görüşmək, ünsiyyət yaratmaq imkanı əldə etmişdi”. Bəli, Məhəmmədağa Şahtaxtlı dövrünün mütərəqqi fikirli ziyalılarından olan və Azərbaycan siyasi publisistikasının banisi, naşir və “Qeyrət” mətbəəsinin sahibi, cəfakeş jurnalistdir. Məhəmmədağa həm də o şəxsiyyətlərdəndir ki, mənsub olduğu xalqının maariflənməsi yolunda öz ata mülkünü satıb qəzet və nəşriyyat işinə həsr etmiş, yuxarıda da deyildiyi kimi, “Şərqi­-Rus” qəzetini çap etdirmişdir.

O həm də ilk azərbaycanlı professor idi

Məhəmmədağa Şahtaxtlı Azərbaycan ictimai-mədəni və elmi fikir tarixində həm də ilk azərbaycanlı professor kimi böyük elm zirvəsi fəth etmişdir. Çoxşaxəli və hərtərəfli yaradıcılıq, fəaliyyət imkanlarına malik olan Məhəmmədağa Şahtaxtlı poliqlot alim kimi də tanınmışdır. O, ərəb və fars dilləri ilə yanaşı, rus, ingilis, fransız dillərini, ümumiyyətlə isə 7 xarici dili mükəmməl bilirdi. Məhəmmədağa o ziyalılardan idi ki, həm Avropa mədəniyyətini, dəyərlərini və biliklərini Azərbaycan reallığına gətirmişdi, həm də Azərbaycan reallıqlarını və dəyərlərini Avropada müvəffəqiyyətlə təmsil və təbliğ edirdi. Məhəmməd ağa Şahtaxtlı XX əsrin əvvəllərində, bütövlükdə, Şərq və Türk dünyasında ilk parlamentli, dünyəvi dəyərlərə malik Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına zəmin hazır­layan görkəmli maarifçi ziyalılardan idi. Ölkədə milli kadr hazır­lığı istiqamətində xeyli iş görən Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmiş Məhəmmədağa Şahtaxtlı bu ali təhsil ocağının ilk professorlarından biri olmuşdu. Bakı Dövlət Universitetində şərqşünas kimi çalışan Məhəmmədağa Şahtaxtlıya məhz bu sahədəki fəaliyyətinə görə universitetin Elmi Şurası tərəfindən professor elmi dərəcəsi verilmişdi.
M.Şahtaxtlı öz yaradıcılığında milli istiqlaliyyətə maneçilik törədən psixoloji-mənəvi, sosial-ictimai və başqa məsələləri təqdim və tənqid edən, milli oyanışa xidmət edən görkəmli maarifçilərdən biri idi. O, məqalələrində uca ideallara qarşı çıxan əngəlləri təhlil edir, onların aradan qaldırılması yollarını düşünürdü. “Hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar”, – deyən Məhəmmədağa Şahtaxtlı yaradıcılığında öz milləti haqqında narahat duyğu və problemləri əks etdirmiş, onların həlli istiqamətində mücadilə aparmışdır. Onun əlifba islahatı istiqamətindəki yorulmaz fəaliyyəti də xalqının inkişafına göstərilən xidmətlər sırasında olduqca qiymətlidir. Bu mənada, görkəmli alim Azərbaycan ictimai fikir tarixində həm də əlifba islahatçısı kimi şöhrət qazanmışdır.
Məhəmmədağa Şahtaxtlı Azərbaycan elmi, ədəbi və ictimai fikir tarixində daşıdığı mühüm xidmətlərə görə dövlət səviyyəsində şəxsiyyəti hörmətlə yad edilən və yaradıcılığı öyrənilən simalardan biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmmədağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” 2006-cı il 27 fevral tarixli Sərəncamı da görkəm­li ziyalının xidmətlərinə göstərilən dövlət qayğısı və ehtiramın bariz nümunəsidir. Məhz bu sərəncam işığında Naxçıvanda yaşayan elm adamları və ziyalılar tərəfindən Məhəmmədağa Şahtaxtlının həyat və yaradıcılığı yenidən araşdırma obyekti olmuş, ilk dəfə akademik İsa Həbibbəylinin tərtibçiliyi ilə “Seçilmiş əsərləri” çap olunmuşdur. Həmçinin Naxçıvan şəhərindəki Kitab evinə Məhəmmədağa Şahtaxtlının adının verilməsi bu görkəmli ziyalıya ehtiramın məntiqi ifadəsi­dir. “Naxçıvan” jurnalının xüsusi buraxılışının ona həsr olunması və AMEA Naxçıvan Bölməsində “Məhəmmədağa Şahtaxtlı: taleyi və sənəti” kitabının da dövlət qayğısı ilə çap olunması böyük ziyalının həyatı, fəaliyyəti və irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətlidir. Bu gün Şahtaxtinskilərin doğma dədə-baba yurdu olan Şahtaxtı kəndində kütləvi ziyarət yerinə çevrilən Şahtaxtinskilər muzeyi də Şahtaxtinskilərə dövlət səviyyəsində verilən qiyməti və göstərilən ehtiramı aydınlığı ilə təzahür etdirir.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin
böyük elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR