25 Dekabr 2024, Çərşənbə

Müşavirəni giriş sözü ilə açan fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Fövqəladə Hallar Nazirliyinə də bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlar, əsasən, qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılmasından,  elektrik enerjisi, təbii qazdan və neftdən istifadə ilə bağlı əhali arasında və təhsil müəssisələrində maarifləndirmə işini davam etdirməkdən, standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının, sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların istismarına yol verməməkdən ibarətdir. 

Nazir qeyd edib ki, 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilərək struktur qurumların inzibati binalarında, yataqxana və yeməkxanalarında, texniki qarajlarda, ehtiyat anbarlarında və hamam-camaşırxanalarda cari təmir işləri aparılıb, su-kanalizasiya xətlərində olan nasazlıqlar aradan qaldırılıb.

Mülki Müdafiə Alayında 3 aylıq ərzaq, əşya, yanacaq və köpük əmələgətirən maye ehtiyatları yaradılıb, 4 ədəd yanğınsöndürmə və 5 ədəd xüsusi təyinatlı avtomobillər təmir edilib. Hərbi hissənin yardımçı təsərrüfatından müxtəlif çeşidli meyvə və tərəvəz məhsulları tədarük edilərək əsgər normalarına uyğun şəxsi heyətin menyusuna əlavə edilib.
Muxtar respublikada istismarda olan 707 ədəd qazanxananın yanğın təhlükəsizliyinin vəziyyəti yoxlanılıb, bütün qazanxanalar qaz iyini aşkarlayan cihazlarla təchiz edilib. Ocaqçılar attestasiyadan keçirilib və ocaqçı sertifikatı olmayan 317 nəfər müvafiq peşə kurslarına cəlb edilib.
Muxtar respublika ərazisində yerləşən hərbi hissələrin qazanxanaları yoxlanılıb, qazla bağlı ortaya çıxa biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün hərbi qulluqçuların ailə üzvləri ilə maarifləndirici tədbirlər keçirilib.
Təbii qazla və dəm qazı ilə zəhərlənmələri aşkar etmək və nasazlıqları vaxtında aradan qaldırmaq məqsədilə Kanada istehsalı olan 11 ədəd dəm qazını aşkarlayan cihaz gətirilərək struktur qurumlara paylanıb.
Bildirilib ki, muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün gündəlik olaraq 75-80 nəfər əməkdaş cəlb olunmaqla yanğına qarşı reydlər keçirilib, əhali arasında maarifləndirmə işləri aparılıb. Reydlər zamanı 154 ədəd yanğın cəhətdən qorxulu olan elektrik xətti, 216 ədəd rezin borularla çəkilmiş qaz xətti və qeyri-standart qaz pilətələri, 78 ədəd nasaz suqızdırıcı istismardan çıxarılıb, 23 ot-saman tayasının yeri dəyişdirilib.
Təhsil Nazirliyi ilə birgə istilik sistemi olmayan 36 ümumtəhsil məktəbində müvafiq izahat işləri aparılıb.
Standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının, sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların istismarına yol verməmək məqsədilə 51 ticarət obyektinin rəhbərləri məlumatlandırılıb, aidiyyəti dövlət orqanlarının iştirakı ilə 77 ədəd kustar üsulla hazırlanmış qaz pilətəsi və başlığının satışı dayandırılıb.
Əhalinin yanğına qarşı maarifləndirilməsi üçün kütləvi informasiya vasitələrindən geniş istifadə edilib, 150 min nəfər yanğına qarşı təlimatlandırılıb.
Qeyd olunub ki, muxtar respublikanın yanğın-partlayış təhlükəli obyektlərində yaradılmış yanğın komandalarının peşə hazırlığı nəzarətdə saxlanılıb, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Dizayn Holdinq” Şirkətlər İttifaqının mebel fabriklərinə və Şahbuz Dövlət Təbiət Qoruğuna verilmiş yanğın avtomobilləri təmir edilib.
Əhalinin 2 qrup fərdi mühafizə vasitələri ilə təmin edilməsi məqsədilə Ordubad və Culfa rayonlarında 2 yaşayış binasının zirzəmisi əsaslı şəkildə təmir edilərək həmin zirzəmilərə rayonların əhalisinin sayı qədər əleyhqazlar yığılıb.
Mülki müdafiə təyinatlı 74 ədəd zirzəmidə dezinfeksiya işləri aparılıb, qeyri-qanuni tikilmiş saxlanclar və arakəsmələr sökülərək otaqlar məişət tullantılarından təmizlənib, köhnə su xətləri, nasoslar və dəmir su çənləri kəsilərək çıxarılıb, izolyasiyası pozulmuş elektrik naqilləri bərpa olunaraq binaların yanğın təhlükəsizliyi təmin edilib.
Sonra fövqəladə hallar nazirinin müavini, daxili xidmət polkovnik-leytenantı Nurlan Həsənov, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, polkovnik Baba Babayev, Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov, Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Şakir Ağalarov və başqaları payız-qış mövsümünə hazırlıqla bağlı ətraflı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR