25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyində keçirilən kollegiya iclasında 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə edilib.
Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə aid nazirliklər və təşkilatlara tapşırıqlar verilib. Verilən tapşırıqlarla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tədbirlər planı hazırlanıb.
Kollegiya iclasında nazirliyin Maliyyə-iqtisadiyyat sektorunun baş mühasibi Asəf Musayevin məruzəsi dinlənilib, rayon mərkəzi xəstəxanalarının, dispanserlərin baş həkimləri çıxış ediblər. Qeyd olunub ki, 2016-2017-ci ilin payız-qış mövsümündə səhiyyə müəssisələrinin ahəngdar işini təmin etmək məqsədilə görüləcək işlər, onların icrası üçün dəqiq müddət və cavabdeh olan şəxslər müəyyənləşdirilib, qazanxanaların təhlükəsiz işləməsi üçün cavabdeh şəxslər təyin edilib.

Tədbirlər planına uyğun olaraq, Səhiyyə Nazirliyinə tabe olan tibb müəssisələrinin qazanxanalarında istilik sisteminin vəziyyəti yoxlanılıb, sistemdə olan nasazlıqların aradan qaldırılmasına başlanılıb. Müəyyənləşdirilib ki, cari qış mövsümündə 74 tibb müəssisəsi fərdi, 97 müəssisə mərkəzi istilik sistemi ilə, 42 müəssisə neft sobası, 10 müəssisə isə təbii qazla qızdırılacaqdır.
Tədbirlər planına uyğun olaraq, xəstəxanalarda elektrik xətlərinin, qaz, su təchizatı, kanalizasiya sistemlərinin, səhiyyə müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edən transformatorların, fərdi istilik sistemi ilə qızdırılan səhiyyə müəssisələrində qızdırıcıların vəziyyəti yerindəcə yoxlanılaraq nasazlıqların aradan qaldırılmasına başlanılıb.
Xəstəxana binalarının və həkim ambulatoriyalarının dam örtüklərinin vəziyyəti yoxlanılıb, yararsız şiferlərin sayı müəyyənləşdirilib, yenilərinin alınması üçün sifarişlər verilib, ehtiyac olan qədər pəncərə şüşəsi və polietilen alınması nəzərdə tutulub. Tibb müəssisələrində olan təcili yardım maşınları texniki baxışdan keçirilib, təmirə ehtiyacı olan maşınların təmirinə başlanılıb.
Kollegiya iclasında ucqar dağ kəndlərində həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin qışa hazırlıqla əlaqədar dərman təchizatının yaxşılaşdırılması, şəhər və rayon mərkəzlərində, o cümlədən qəsəbə və kəndlərdə əhaliyə keyfiyyətli xidmət göstərmək üçün alınacaq mal-materialların bölgü əsasında tibb müəssisələrinə paylanması üçün konkret vəzifələr müəyyənləşdirilib.

*  *  *

Tədbiri əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov açaraq bildirib ki, müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatının diqqət mərkəzində saxlanması, qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlərin görülməsi və hərbi hissələr üçün yun corabların toxunması işinin bu il də davam etdirilməsi istiqamətində tapşırıqlar verilib.
Nazir çıxışında vurğulayıb ki, 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrası ilə bağlı tədbirlər həyata keçirilib. Belə ki, Ahıllar evinin və bərpa mərkəzlərinin təminatına diqqət artırılıb, hərbi hissələr üçün yun corab və yun şərf toxunulması məqsədilə sağlamlıq imkanları məhdud 26 şəxslə müqavilə bağlanılıb və onlar tərəfindən toxunmuş 2500 cüt yun corab və 500 yun şərf hərbi hissələrə təhvil verilib.
Qeyd olunub ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxanaların istismarı üçün ixtisaslı kadrların hazırlanması məqsədilə təşkil olunan qazanxana maşinisti üzrə peşə kurslarını 222 nəfər bitirib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən 242 müəssisənin 396 qazanxana işçisi üçün maarifləndirmə işi aparılıb.
Həmçinin sosial xidmət göstərilən 96 tənha şəxs qış mövsümündə ehtiyaclarına uyğun olaraq geyim, qaz pilətəsi, dam örtüyü, soba borusu və sair zəruri vasitələrlə təmin edilib.
Qeyd olunub ki, 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tədbirlər planı hazırlanıb və aidiyyəti qurumların bu sahədə fəaliyyətləri müəyyənləşdirilib.
Sonra Dövlət Sosial Təminat Xidmətinin rəisi Murtuz Qasımov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Samir Seyidov, Dövlət Məşğulluq Xidmətinin rəisi Vüsal Süleymanlı payız-qış mövsümünə hazırlıqla bağlı məlumat veriblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR