25 Dekabr 2024, Çərşənbə

Hər il avqust ayının 30-u Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd olunur. 

XX əsrin əvvəllərində baş verən siyasi proseslərin nəticəsi olaraq Osmanlı dövləti də Birinci Dünya müharibəsinə cəlb edilmiş, bu müharibədə müttəfiqi Almaniya ilə birlikdə Antanta dövlətlərinə məğlub olmuşdu. Müharibədən sonra qalib dövlətlərlə Türkiyə arasında bağlanan Mudros müqaviləsi faktiki olaraq bu dövləti parçalamağa və tarixin səhnəsindən silməyə xidmət edirdi.

Həmin müqavilənin 7-ci maddəsi Antanta dövlətlərinə onların təhlükəsizliyinə təhdid yaranacağı halda istədikləri bölgəni işğal etmək hüququ verirdi. Müttəfiqlər bu maddəni əsas götürərək Türkiyə torpaqlarını işğal etməyə başladılar. Müqavilədə Şərqi Anadoludakı 6 vilayətin onlara vəd olunmasını əsas tutan və işğalçı himayədarlarına arxalanan ermənilər hərəkətə keçərək yerli türk əhalisinə qarşı qanlı qırğınlar törətməyə başladılar. Bundan başqa, yunanlar da Egey dənizi ətrafındakı bölgələri zəbt etmək üçün işğalçılıq hərəkatını genişləndirdilər və 1919-cu ilin 15 mayında İzmiri ələ keçirdilər. Artıq 1919-cu ilin sonlarına qədər Türkiyənin, demək olar ki, bütün ərazisi işğala məruz qalmışdı. 1920-ci ildə imzalanmış Sevr müqaviləsi isə Türkiyənin bir dövlət kimi mövcudluğunu faktiki olaraq sual altına alırdı.
1919-cu ildə türk xalqı öz dövlətçiliyini qoruyub saxlamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə qalxdı. 1920-ci il aprelin 23-də Anadoluda Türkiyə Böyük Millət Məclisi təsis edilərək xalqın iradəsinə əsaslanan, xalqı təmsil edən hökumət quruldu. Bunun nəticəsi olaraq bütün cəbhələrdə düşmənlərə qarşı uğurlu hərbi əməliyyatlara başlanıldı. İlk qələbə sədası Şərq cəbhəsindən gəldi. Burada erməni quldur dəstələri üzərində qazanılan qələbə zəfər yürüşünün başlanğıcı oldu. 1921-ci ilin avqust-sentyabr aylarında Sakarya müharibəsində yunan qoşunlarının məğlub olmasıyla türk ordusu müdafiə mövqeyindən hücum mövqeyinə keçdi. Görkəmli dövlət xadimi, istedadlı hərbçi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil oldu. Bu zəfər türk xalqının 1919-cu ildə başladığı istiqlal mücadiləsinin hərb zirvəsi, minlərlə şəhid qanı ilə suvarılan Vətən torpağının düşmən tapdağından xilası idi. Qurtuluş savaşında Azərbaycan xalqı da qardaş Türkiyə xalqına dəstək oldu, onunla birgə döyüşlərdə iştirak edərək şəhidlər verdi.
Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Respublikası bu gün bölgənin ən qüdrətli dövlətlərindəndir. Türkiyə beynəlxalq və regional münasibətlərdə söz sahibinə çevrilmiş, müxtəlif siyasi və iqtisadi layihələrin reallaşmasına öz töhfəsini vermişdir. Böyük Atatürkün yolu ilə gedən Türkiyə dövləti beynəlxalq aləmdə Şərq və Qərb sivilizasiyalarının qovuşduğu nümunəvi və tolerant ölkə kimi tanınmaqdadır.
Böyük tarixi kökə malik olan Azərbaycan-Türkiyə əlaqələri hər il daha da möhkəmlənir. Bu əlaqələrin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Sovetlər Birliyinin dağılmasından sonra müstəqilliyini elan edən Azərbaycan Respublikasını tanıyan ilk ölkə Türkiyə Respublikası olmuşdur. Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsi və hərtərəfli inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin ikinci dəfə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra bu əlaqələr daha da dinamik xarakter almış, münasibətlər bütün sahələri əhatə etmişdir.
Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və digər böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb.
Azərbaycan və Türkiyə beynəlxalq və regional təşkilatlarda, o cümlədən Avropa Şurasında, İslam Konfransı Təşkilatında həmrəylik nümayiş etdirirlər. Ölkələrimiz arasında sosial-iqtisadi və mədəni sahələrdəki münasibətlər ən yüksək səviyyədədir. Türk iş adamlarının Azərbaycan iqtisadiyyatına, Azərbaycan iş adamlarının isə Türkiyə iqtisadiyyatına qoyduqları sərmayənin həcmi ildən-ilə artmaqdadır. Qardaş Türkiyə ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini müdafiə edir, Azərbaycan da, öz növbəsində, Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Naxçıvan Muxtar Respublikasının yeri və rolu danılmazdır. Naxçıvanla Türkiyə Respublikası arasındakı əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ulu öndərin Ali Məclisin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri muxtar respublika üçün uğurlu olmuş, Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzünə qarşı çıxaraq beynəlxalq Qars müqaviləsinə əsasən Türkiyə Respublikasının Naxçıvanın muxtariyyətinin qarantı olması barədə bəyanat vermişdir. Bundan başqa, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu ilin 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olmuşdur. Səfər çərçivəsində Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti, Baş naziri, xarici işlər naziri və Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanla Türkiyənin əlaqələrinin sarsılmaz olduğunu bildirərək demişdir:
Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvana daim diqqətlə yanaşıb. 2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfər etməsi, 2009-cu ildə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında iştirak üçün Naxçıvana gəlməsi, 2012-ci ildə Türkiyə Respublikası xarici işlər nazirinin Naxçıvanda keçirilən Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməsi qardaş ölkənin Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsidir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Bu əlaqələrin tərkib hissəsi kimi ordu quruculuğu sahəsindəki əməkdaşlıq da ilbəil genişləndirilir. Belə ki, 2014-cü ildə Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Həmçinin ötən il mayın 12-15-də Azərbaycan-Türkiyə silahlı qüvvələrinin birgə taktiki təlimlərinin bir mərhələsinin Naxçıvanda keçirilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər öz kökünü xalqlarımızın qədim tarixindən götürür. Odur ki, əlaqələrimiz getdikcə inkişaf edir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR