Sentyabrın 6-da Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib. Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə təşkil edilən tədbiri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açaraq muxtar respublikada təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb.
Bildirilib ki, ənənəvi olaraq keçirilən təhsil yarmarkaları muxtar respublikamızda təhsilin keyfiyyət və kəmiyyətcə inkişaf etdirilməsinə öz təsirini göstərib. Gənc kadrların fəaliyyətinin nəticəsidir ki, ali və orta ixtisas məktəblərinə yüksək balla qəbul olunanların sayı ilbəil artır. Bu tədris ilində də təhsil müəssisələrinə gənc kadrların yerləşdirilməsi məqsədilə şəhər və rayonların təhsil şöbələri və məşğulluq mərkəzlərinin birgə fəaliyyəti nəticəsində muxtar respublika ərazisində yerləşən məktəblərin vakant yerləri ixtisaslar üzrə müəyyənləşdirilib. Muxtar respublikanın ayrı-ayrı təhsil müəssisələri üzrə boş yerlərin uçotu aparılıb. Müəyyən edilib ki, muxtar respublikada 18 Azərbaycan dili və ədəbiyyat, 42 ingilis dili, 32 riyaziyyat, 27 informatika, 32 tarix, 55 coğrafiya, 24 fizika, 35 kimya, 33 biologiya, 20 fiziki tərbiyə, 57 nəfər ibtidai sinif müəlliminə ehtiyac vardır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, təhsilin inkişafı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illərdə 200-dən çox təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunub. Hazırda bu sahədə işlər davam etdirilir. Muxtar respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında mühüm rol oynayır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslər təşkil edilir.
Vurğulanıb ki, məhdud fiziki imkanlıların təhsilə cəlbi üzrə distant təhsil mərkəzi yaradılıb, valideyn himayəsindən məhrum olan uşaqların, eləcə də ümumtəhsil müəssisələrində tədrisə cəlb edilən aztəminatlı, sağlamlıq imkanları məhdud uşaqların pulsuz məktəbli geyimləri və ləvazimatları ilə təminatı da diqqətdə saxlanılıb. 2016-2017-ci tədris ili üzrə bu kateqoriyadan olan 397 uşaq pulsuz məktəbli geyimi və ləvazimatları ilə təmin edilib. Muxtar respublikanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlər də dövlət qayğısı ilə əhatə olunub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Muxtar respublikada təhsil sahəsində aparılan dövlət siyasətinin nəticəsidir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda ilbəil artım tempi müşahidə olunub. 2015-2016-cı tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 338-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb ki, bu da ötən ilə nisbətən 25 nəfər, yaxud 8 faiz çox olub. Muxtar respublikanın ümumtəhsil müəssisələri ilə yanaşı, ali və orta ixtisas təhsili müəssisələrinin də maddi-texniki bazasının yaxşılaşdırılması, eləcə də ixtisaslı kadrların hazırlıq səviyyəsinin artırılması diqqətdə saxlanılır. Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamı ixtisaslı kadrların hazırlanmasında, onların aid təşkilatlarda müvafiq təcrübələr keçmələrində, eləcə də müvafiq işlə təmin olunmalarında mühüm mərhələ təşkil etməkdədir.
Rəhman Məmmədov bildirib ki, muxtar respublikada ümumtəhsil məktəblərinin pedaqoji kadrlara olan tələbatını ödəmək məqsədilə hər il təhsil yarmarkası keçirilir. Ümumtəhsil məktəbləri üzrə boş iş yerləri təhsil yarmarkalarında işaxtaranlara təqdim olunur. Təhsil işçiləri üçün muxtar respublikada bütün zəruri şərait yaradılıb. Ucqar kəndlərdə belə, müasir təhsil infrastrukturu formalaşıb. Kənd yerlərindəki təhsil müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib.
Rəhman Məmmədov gənc müəllimlərə göstərilən dövlət qayğısından gənclərin bəhrələnəcəklərinə, təhsil yarmarkasında fəal iştirak edəcəklərinə əminliyini ifadə edib, onlara yeni əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, cari ilin ötən dövrü ərzində təşkil edilmiş əmək yarmarkalarında, ümumilikdə, 352 nəfər peşə və ixtisasına uyğun işlə təmin olunub. Əmək yarmarkalarında gənclərin, qadınların, aztəminatlı və məhdud fiziki imkanlı şəxslərin işlə təmin olunması diqqət mərkəzində saxlanılır. 2016-cı ilin müvafiq dövrü ərzində təşkil edilmiş əmək yarmarkaları vasitəsilə işlə təmin olunanların 118 nəfərini gənclər, 42 nəfərini qadınlar, 19 nəfərini aztəminatlı şəxslər, 10 nəfərini isə məhdud fiziki imkanlı vətəndaşlar təşkil edib. Məşğulluq mərkəzləri tərəfindən tətil günlərində işləmək istəyən 33 nəfər tələbə xüsusi peşə hazırlığı tələb etməyən mövsümi işlərlə təmin olunub. Bu gün ümumtəhsil müəssisələrində vakant yerlərin tutulması üçün təşkil olunmuş əmək yarmarkası pedaqoji kadrların ixtisaslarına uyğun daimi işlə təmin edilmələrinə əlverişli imkanlar yaradır.
Sonra yarmarkaya gələnlər vakant iş yerləri ilə tanış olublar. Bu məşğulluq tədbirində 304 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi