13 ildir ki, muxtar respublikanın inzibati xəritəsində özünə yer alan Kəngərli rayonu ötən illərdə bu bölgəyə davamlı dövlət qayğısı hesabına müasir Azərbaycan rayonuna çevrilib. Kəngərli rayonunun bütün yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri aparılıb. Məktəb, səhiyyə, mədəniyyət müəssisələri və digər təşkilatlar üçün yeni binalar tikilərək istifadəyə verilib, yollar müasir standartlara uyğun olaraq yenidən qurulub. 2016-cı ilin ilk 7 ayında rayonda tikinti-quruculuq, abadlıq işləri davam etdirilib. Həyata keçirilən belə tədbirlər, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasında özünü göstərir. Bu isə hər bir Kəngərli sakininin qurub-yaratmaq əzmini artırır.
Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Füzuli Rzayev deyir ki, cari ilin ilk 7 ayı ərzində tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 4,8 faiz artıb.
Bəhs olunan dövrdə rayon mərkəzində abadlıq işləri aparılıb, yol kənarlarında işıqlandırma sistemi quraşdırılıb. Yurdçu kəndində 270 şagird yerlik tam orta məktəb üçün yeni bina, kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilib, kənd mərkəzində feldşer-mama məntəqəsi üçün otaqlar ayrılıb, müasir avadanlıqlarla təchiz olunub. Kənddaxili yollar yenidən qurulub. Bu yaşayış məntəqəsində yeni ATS quraşdırılıb və poçt şöbəsi yaradılıb. Quruculuq tədbirləri çərçivəsində 270 metr yeraltı optik xətt, 60 yeni abonentə telefon xətti çəkilib. Hazırda Qıvraq qəsəbə tam orta məktəbində və Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində təmir işləri, Qıvraq qəsəbəsində 222 yerlik uşaq bağçası üçün binanın inşası davam etdirilir.
Rayonda kənd təsərrüfatını inkişaf etdirmək üçün həyata keçirilən meliorativ tədbirlər cari ilin ötən dövründə də davam etdirilib. Belə ki, yaşıllıq və əkin sahələrinin suvarılması məqsədilə 8650 metr uzunluğunda yeni suvarma xətləri çəkilib, Qabıllı kəndində 1 subartezian quyusu istifadəyə verilib, Qıvraq qəsəbəsində suvarma məqsədilə 1 subartezian quyusu bərpa olunub. Qabıllı kəndində 900 metr, Şahtaxtı kəndində 2700 metr su xətti çəkilib, supaylayıcılar quraşdırılaraq kənd sakinlərinin istifadəsinə verilib. Bu tədbirlərin davamı kimi rayonun Böyükdüz və Xok kəndlərinin 107 hektar sahəsində qapalı suvarma şəbəkəsi qurulur.
Əhalinin elektrik enerjisindən səmərəli istifadəsini təmin etmək üçün yeni elektrik xətlərinin çəkilişi və bərpası davam etdirilib, 4,1 kilometr uzunluğunda elektrik verilişi xətləri yenilənib. Bir ədəd transformator əsaslı təmir edilib, 45 yeni mənzil elektrik enerjisi ilə təmin olunub.
Bəhs edilən dövrdə rayonun qəsəbə və kəndlərində 2397 abonentin qaz xəttinə və qazişlədici cihazlarına baxış keçirilib, 106 ədəd sayğac normal işləmədiyi üçün yenisi ilə əvəz edilib. 516 metr qaz xəttinin yeri dəyişdirilib, 420 metr dəmir boru polietilen boru ilə əvəz edilib, 597 metr yeni qaz xətti çəkilib, 89 yeni abonent təbii qazla təmin olunub.
“Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən, Naxçıvan memarlığının nadir incilərindən sayılan Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasına başlanılıb.
* * *
Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəhim Abtalıbov deyir ki, muxtar respublikamızda 2016-cı ilin “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması bu bölgədə də məsuliyyət hissini artırıb, qəbul edilmiş dövlət proqramlarının vaxtında icra olunması, nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması, sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə müsbət dinamikanın qorunub saxlanılması bu dövrdə də davam etdirilib.
Bölgədə kənd təsərrüfatının inkişafı üstün istiqamət verilən sahələrdən biridir. Aqrar sahədə həyata keçirilən tədbirlər öz bəhrəsini verib, 2016-cı ilin məhsulu üçün 6664 hektar sahədə əkin aparılıb. Strateji əhəmiyyətə malik taxılçılıq öz üstün mövqeyini qoruyub saxlayıb. Cari ilin məhsulu üçün əkilmiş 3965 hektar sahədə taxıl biçini uğurla başa çatıb. Orta məhsuldarlıq 29,2 sentner olub.
Muxtar respublikada ekoloji cəhətdən saf meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün əlverişli şərait vardır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” rayon sakinlərinin bu sahələrdə xeyli uğur qazanmasına imkan verib.
Rayonda istehsal olunan meyvə-tərəvəz məhsullarının rahat şəkildə satışını təmin etmək üçün məhsul istehsalçılarının rayon mərkəzində və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında iştirakları təmin olunub.
Bitkiçiliklə yanaşı, kənd təsərrüfatının digər gəlirli sahəsi olan heyvandarlıq da inkişaf etdirilib, heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün tədbirlər görülüb.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər kənd təsərrüfatının inkişafına təkan verib, ümumilikdə, 13 milyon 338 min manata yaxın məhsul istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.
Ekoloji tarazlığın qorunması məsələləri də diqqət mərkəzində saxlanılıb, 14,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 11 min 700 ağac və gül kolu əkilib.
* * *
Rayonun iqtisadi inkişafında özəl sektorun mühüm rolu vardır. Sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir ki, cari ilin ötən dövrü ərzində fəaliyyətin bu növü ilə məşğul olmaq istəyən daha 2 hüquqi və 84 fiziki şəxs qeydiyyata alınıb. Bu gün rayonda 24 sahibkarlıq subyekti fəaliyyət göstərir. Rayonun Qıvraq qəsəbəsində, Qarabağlar, Xok, Şahtaxtı, Qabıllı, Çalxanqala, Yurdçu, Böyükdüz kəndlərində yaradılmış həmin sahibkarlıq subyektlərində mebel, qapı-pəncərə, kərpic, çörək, tərəvəz məhsulları, sement və daş məhsulları istehsal olunur.
Sahibkarlığın inkişafı yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlamasına, iş yerlərinin açılmasına, əhalinin maddi rifah halının yaxşılaşmasına təsir göstərir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının tələbinə uyğun olaraq peşə hazırlığının təşkili üçün geniş imkanlar açıb.
Görülmüş işlər nəticəsində 2016-cı ilin ilk 6 ayı ərzində 108 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, 103 nəfər daimi işlə təmin edilib. Dörd nəfər müxtəlif peşə təlim kurslarına göndərilib. İki əmək yarmarkası keçirilib, 50 işaxtaran vətəndaş daimi işlə təmin edilib.
Maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təmin olunmasında nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş sistemlərinin geniş tətbiqi mühüm əhəmiyyətə malikdir. Bu baxımdan 2016-cı il martın 2-də təsdiq olunmuş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da nəzərdə tutulan tədbirlərin icrası maliyyə vəsaitləri dövriyyəsinin sürətlənməsinə, nağd pul kütləsinin daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azalmasına səbəb olub.
Ümumiyyətlə, bu tədbirlərin davamı kimi cari ilin iyul ayının əvvəlinədək rayonun ticarət və xidmət müəssisələrində 55 POS-terminaldan istifadə edilib ki, onlardan 8-i cari ilin ötən dövründə quraşdırılıb.
* * *
Rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Təhsil ocaqlarında 289 kompüter və 38 elektron lövhədən istifadə edilir. Pedaqoji kollektivlər vətənpərvər vətəndaşlar tərbiyə etmək üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. Tarixi, əlamətdar, bayram günlərində müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu da şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərir.
Ötən dərs ilində orta məktəblərdən 213 nəfər məzun olub. Onlardan 146-sı ali, 18 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmaq üçün sənəd təqdim edib, 86-sı ali, 18 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülüb. Rayonun pedaqoji kollektivləri qazanılan uğurları son hədd hesab etmirlər. Gələcəkdə daha yüksək uğurlara nail olmaq əzmi ilə çalışırlar.
Rayonun mədəniyyət işçiləri də göstərilən qayğıya əməli işlə cavab vermək əzmi ilə bütün imkanlardan istifadə etməyə səy göstərirlər. Bölgə sakinlərinin asudə vaxtlarının səmərəli təşkil olunması üçün müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Rayon mədəniyyət evinin “Kəngər” instrumental ansamblı, uşaqlardan və böyüklərdən ibarət yallı kollektivləri, qızlardan ibarət “Gülüm hey” folklor qrupu rayonun mədəni həyatında fəal iştirak edirlər.
* * *
Qarşıdan payız-qış mövsümü gəlir. Bununla bağlı rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə rayonun aidiyyəti təşkilatları qarşısında müəyyən vəzifələr qoyulub. Həmin vəzifələrin böyük bir qismi artıq öz həllini tapıb. Rayonun energetika, qaz, yol təsərrüfatları, rabitəçiləri qarşıdan gələn payız-qış mövsümünü uğurla başa vurmaq üçün bir sıra tədbirlər həyata keçiriblər. Qaz, elektrik xətlərində əsaslı və cari təmir işləri aparılıb, istismar müddəti başa çatan avadanlıqlar yeniləri ilə əvəz olunub. Texnikaların işlək vəziyyətə gətirilməsinə diqqət artırılıb. Təbii qazla qızdırılacaq binalara baxış keçirilib. Təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin qış mövsümündə heç bir problemlə üzləşməmələri üçün məqsədyönlü tədbirlər görülüb. Maye qaz və neft məhsullarından istifadə edilən müəssisələrdə lazımi yanacaq ehtiyatının yaradılması üçün həyata keçirilən tədbirlər davam etdirilir.
* * *
Kəngərli rayonu 2016-cı ilin ötən dövründə diqqətəlayiq uğurlar qazanıb. Bu uğurların qazanılmasında, təbii ki, başlıca amil hərtərəfli dövlət qayğısının dinamik xarakter almasıdır. Belə qayğı olan yerdə yüksək uğurlara nail olmaq heç də çətin deyil. Bölgə sakinləri “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili”ni müvəffəqiyyətlə başa vurmaq üçün yaradılan imkanlardan səmərəli istifadə edir, muxtar respublikanın iqtisadi qüdrətinin artmasına töhfələrini verirlər.
Muxtar Məmmədov