Bəzən dünyanın xəritəsindəki sərhədlərə baxaraq çoxlu suallar haqqında düşünürsən. Görəsən, tarixboyu dövlətlər və ayrı-ayrı regionlar yaranarkən gedən mürəkkəb proseslər xalqların taleyinə öz təsirini necə göstərmişdir? Yaxud bunlar belə olmasaydı, indi bu qırmızı xətlər haradan keçərdi? Amma, hər halda, dünyada bir region haqqında danışarkən ərazinin havası, suyu, canlı təbiəti, təbii ehtiyatları ilə yanaşı, çox vaxt buradakı inkişafın mərhələləri, yerli əhalinin tarixi məşğuliyyət növləri, milli dəyərlərinə bağlılığı və dövlətçiliklə bağlı məsələlərin ön plana çəkildiyi suallarla rastlaşırsan. Deməli, okeanlar, dənizlər, iri çaylar, dağ silsilələri və digər təbii amillər planeti ayrı-ayrı regionlara böldüyü kimi, tarixi proseslər və müasir iqtisadi-mədəni inkişafın səviyyəsi də region anlayışına yeni baxışlar formalaşdırır.
Qeyd etdiyimiz kimi, region məfhumu genişdir və hər regionun coğrafiyasına görə özünəməxsus tədqiqat problemləri vardır. Məsələn, çoxlu sayda ölkəni özündə birləşdirən Avropa regionu, qarmaqarışıq Yaxın Şərq regionu və ya cəmisi üç ölkənin təmsil olunduğu Cənubi Qafqaz regionu və sair. Vahid dövlət tərkibindəki regionların tarixi keçmişinin, coğrafiyasının, təbii, iqlim və mineral ehtiyatlarının, turizm və rekreasiya potensialının, yerli əhalisinin məşğuliyyətinin, dil-ləhcə, məişət, mətbəx, hətta geyim fərqlərinin, iqtisadi inkişaf səviyyəsinin, eləcə də ona təsir edən amillərin öyrənilməsi müasir regionşünaslar qarşısında çoxlu sayda elmi problemlər qoyur. Cəmiyyətin inkişafının tələblərinə uyğun olaraq, bu məsələlərin hər birinin öyrənilib üzə çıxarılması isə, ümumilikdə, elmə və dünya mədəniyyətinə qazandırılan töhfələr olmaqla yanaşı, regional inkişafa da elmi prizmadan yanaşmanın metodoloji əsaslarından birini təşkil edir.
Son dövrlərdə dünyanın aparıcı mətbuat orqanlarının səhifələrindən tez-tez oxuduğumuz “Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Region iqtisadiyyatının 85 faizi Azərbaycanın payına düşür. Bu regionun ən güclü ordusu Azərbaycandadır. Azərbaycan Respublikası təkcə yaxın regionun deyil, Avropanın da enerji təhlükəsizliyində mühüm rol oynayır” kimi ifadələri bir daha xatırladaraq “region” haqqındakı fikirlərimizə davam edək. Belə bir qlobal miqyasda bu kimi fikirlər, əlbəttə ki, hər bir ölkənin müstəqil siyasət aparmaqla və qarşılıqlı əməkdaşlıq şəraitində əldə etdiyi bir region təsəvvürüdür. Bizimlə eyni regionu bölüşən təcavüzkar Ermənistan dövləti, bütövlükdə, Cənubi Qafqaz regionu haqqında risk, etibarsızlıq və yoxsulluq imici yaratdığı halda, Azərbaycan Respublikasının təkcə investisiya cazibədarlığı dünya qarşısında hər cür həqiqəti ortaya qoyur. Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, insan amilinə və onun regionlarının tarazlı inkişafına göstərilən diqqət də ölkəmizi öz regionunda haqqı olduğu mərtəbəyə yüksəltmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası isə regional tədqiqatlar baxımından özünəməxsusluğu ilə seçilir. Tarixən bu bölgə təkcə Azərbaycanda deyil, bütün dünyada tanınmış elm, sənət adamları, memarları, yazıçıları, şairləri, rəssamları, sərkərdələri və dövlət xadimləri ilə məşhurlaşmışdır. Naxçıvan tarixinin tədqiqatçıları burada baş vermiş hadisələrin təkcə Azərbaycanın deyil, yaxın region və hətta bütün dünya üçün əhəmiyyətli olduğunu artıq sübut etmişlər. Bəşər mədəniyyətinin, sivilizasiyanın doğulduğu yer kimi Naxçıvanın adı ən qədim mənbələrdə çəkilir. Hələ erkən orta əsrlərdən etibarən Şərqlə Qərb arasında körpü rolunu oynamağa başlayan Naxçıvan mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə indi də dünyanın diqqətindədir. Naxçıvana dünyanın dörd bir tərəfindən gələn səyyahlar bir anda özlərini sanki “Duaların Allaha çatdığı yer”də, “Əfsanələr diyarı”nda görmüşlər. Naxçıvandan dünyaya Antik dövrün ən strateji ixracat məhsulu olmuş duz ixrac edilərmiş. Hələ “xarici ticarət” anlayışının olmadığı bir dövrdə bu, Naxçıvanda yaranmış mədəniyyət nümunəsinin – etibarlı iqtisadi əməkdaşlığın çox güclü sübutu idi.
Tarixi ədalətsizlik nəticəsində Naxçıvanın Azərbaycandan ayrı salınması və daha sonra isə muxtariyyət statusu qazanması ona Azərbaycanın bir regionu kimi yanaşmanı daha da dərinləşdirmişdir. Təqribən, son yüz il ərzində gedən proseslər, keçmiş sovet dövründə və müstəqillik illərində Naxçıvanla bağlı baş verən hadisələr bu diyarın Azərbaycanın diqqət mərkəzində olan regionu olduğunu bir daha təsdiqləyir. Avropa və Asiya dəhlizindəki əhəmiyyəti ilə hələ çar dövründə önə çıxan, mühüm nəqliyyat və gömrük infrastrukturuna malik olan Naxçıvanın ozamankı iqtisadi inkişafı, əhalisinin həyat səviyyəsi buna cavab vermirdi. Eyni vəziyyət sovet dövründə də davam etmiş, keçən əsrin 70-ci illərinə qədər Naxçıvan sanki dünyanın bir küncünə qısılmış torpaq parçası kimi unudulmuş, yoxsul ucqar bir yeri xatırladırdı. Yalnız bu torpağın yetirməsi, xalqımızın dahi oğlu Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Naxçıvana xüsusi diqqət yetirilməyə başlanmışdır. Sənaye müəssisələri istifadəyə verilmiş, əhalinin rahat yaşayışı üçün normal şərait yaradılmışdır. Qısa müddətdə Naxçıvanda görülmüş işlər burada yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Bu dövrdə Naxçıvan üçün yaradılmış hər nə vardısa, gələcəkdə bu diyarı gözləyən daha çətin günlərin dayağı olacaqdı. Həmin günlər – ötən əsrin 90-cı illərinin əvvəlləri isə regionşünas alimlərin qeyd dəftərlərində təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın ən yeni tarixinin yazıldığı ilk səhifələr idi.
O vaxtdan 20 ildən çox bir dövr keçməkdədir. Əslində, qısa olsa da, bu, bir insanın formalaşması üçün kifayət qədər uzun bir dövrdür. Artıq universiteti bitirməkdə olan naxçıvanlı gənc bir vaxtlar həmin dövrləri ata-babasının xatirələrindən eşitsə də, indi oxuduğu elmi kitablar, qəzet və jurnallar, izlədiyi sənədli filmlər doğulub boya-başa çatdığı Naxçıvan haqqında ona hər gün yeni informasiyalar verir. Bunlar isə beşminillik şəhər mədəniyyətinə malik Naxçıvanın Azərbaycan tarixindəki tutduğu yer, müstəqillik dövründə bu torpağın sakinlərinin keçdiyi qəhrəmanlıq yolu, bitməz-tükənməz quruculuq həvəsi, hər cür yoxluğa rəğmən elmə, mədəniyyətə verilən diqqət və taleyin ən çətin sınaq anında daha da möhkəmlənən yurd sevgisi haqqında ən yüksək səviyyələrdə aparılan regional tədqiqatlarda sübuta yetirilmiş tutarlı faktlardır.
Deyirlər ki, tarix onu yazan insanların ayaq izləridir. Regional məsələlər çərçivəsində muxtar respublikamızın, ölkəmizin və xarici ölkə alimlərinin çoxlu dəyərli tədqiqatları işığında son onilliklərin salnaməsini vərəqlədikdə görürük ki, Naxçıvanın tarixi, onun mədəniyyəti, iqtisadi inkişaf və idarəçilik modeli hələ neçə on illər tədqiqatçılara mövzular verəcəkdir.
Əli Cabbarov