25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən müşavirəni rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov açıb.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə də bir sıra tapşırıqlar verilib.
Rövşən Məmmədov qeyd edib ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun tabeliyində olan müəssisələr üzrə payız-qış mövsümünə hazırlıqla bağlı hazırda qarşımızda heç bir maneə yoxdur. Nazirliyin anbarında hər zaman qəza halları üçün müxtəlif diametrli kabellərin hər birindən 2 kilometr olmaqla ehtiyat saxlanılır. Xüsusilə əsas magistral xətlərdə istifadə olunan optik kabellər, müxtəlif optik çeviricilər, muftalar və qəza zamanı istifadə olunan digər zəruri avadanlıqların daim anbarda olmasına xüsusi diqqət yetirilir. Mövsümdən asılı olmayaraq, istismar edilən bütün elektron qurğuların ehtiyat hissələrinin və bloklarının olması nəzarətdə saxlanılır. Belə ki, ehtiyatda saxlanılan mal-material tükənmədən əlavə hissələrin alınması təmin edilir.

Bildirilib ki, əsas diqqət yönəldilən işlərdən biri də avadanlıqların qorunmasıdır. Bu məqsədlə bütün mümkün imkanlardan səmərəli istifadə olunur. Belə ki, artıq bir neçə ildir birbaşa ümumi elektrik şəbəkəsindən qidalanan avadanlıqlar gərginliyin ani artıb-azalmasına qarşı həssas ayırıcı gərginlik releləri ilə təchiz olunub. Telefon kabellərinin abunəçilərə paylanma nöqtələrinə ildırım və elektrikdən qoruma sistemi olan abunəçi qutuları və paylama şkafları qoyulur. Eyni zamanda muxtar respublikada həyata keçirilən geniş abadlıq və quruculuq işlərinin tərkib hissəsi olan kənd mərkəzlərinin tikilməsi və avtomat telefon stansiyalarının stabil elektrik və istilik sistemi təmin edilmiş müasir binalara köçürülməsi sayəsində son illər avadanlıqların xüsusi hallar istisna olmaqla sıradan çıxmasının qarşısı alınıb.
Hazırda muxtar respublika üzrə mövcud 175 avtomat telefon stansiyasından 140-ı, 165 poçt bölməsindən 141-i yeni binalarda yerləşir. İstilik sistemi olmayan iş yerləri isə qışda standart elektrik qızdırıcıları, yaxud sobalarla qızdırılır. Bütün generator və akkumulyatorlara mərkəzləşmiş qaydada xidmət olunur. Hazırda bütün generator və akkumulyatorlar saz vəziyyətdədir.
Qeyd olunub ki, 2016-2017-ci ilin payız-qış mövsümündə də muxtar respublikanın poçt, telekommunikasiya, radio-televiziya yayımı və internet sahəsinin dayanıqlı və keyfiyyətli işi təmin ediləcəkdir.
Müşavirədə nazirliyin Telekommunikasiya şöbəsinin rəisi Vidadi Naibovun, Poçt rabitə şöbəsinin rəisi Şahin Məmmədovun, İqtisadiyyat və mühasibat uçotu şöbəsinin rəisi Vaqif Səfərovun, Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin rəis əvəzi Elşən Fətullayevin və “Azərkosmos” Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin direktoru Məmmədqulu Quliyevin çıxışları olub.

*  *  *

“Ötən payız-qış mövsümündə muxtar respublikaya idxal olunan qaz və elektrik cihazlarına uyğunluq sertifikatının alınması üçün müraciət əsasında zəruri olan sənədlər, yəni alqı-satqı müqaviləsi, mənşə sertifikatı, xarici uyğunluq sertifikatı və Azərbaycan dilində istifadə təlimatı təqdim edildikdən sonra təhlükəsizlik sistemlərinin mövcudluğuna baxış keçirilərək 4 halda qaz cihazlarına uyğunluq sertifikatı verilib. Standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verilməməsi üçün aidiyyəti qurumlarla birgə mütəmadi olaraq monitorinqlər keçirilib və maarifləndirmə işləri aparılıb. Monitorinqlər zamanı 77 ticarət obyektində kustar üsulla hazırlanan 91 ədəd qaz başlığı və 6 ədəd qaz sobası, xaricdən idxal olunmuş Azərbaycan dilində istifadə təlimatı, təhlükəsizlik qurğusu və keyfiyyətini təsdiqləyən uyğunluq sertifikatı olmayan 41 ədəd mətbəx üçün qaz pilətəsi və 6 ədəd qaz ocağı aşkar olunaraq satışdan çıxarılıb. Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyi ilə birlikdə aparılan nəzarət tədbirləri çərçivəsində birbaşa bu avadanlıqların satışını həyata keçirən 109 ticarət obyektinə təhlükəsizlik qurğuları olmayan cihazları idxal etməmələri üçün yazılı bildirişlər verilib. 2015-ci ildən başlayaraq qaz sobalarında təzyiq nizamlayıcıdan əlavə ikiqat təhlükəsizlik sistemi tətbiq olunub. Payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində təhlükə potensiallı obyektlərin istismarına dair qanunvericiliklə müəyyən edilmiş texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək məqsədilə komitə tərəfindən muxtar respublika ərazisində 647 dövlət və özəl müəssisədə istismarda olan 701 qazanxanada qaz və su xətləri üzərində olan 2543 manometr və 922 termometr olmaqla, ümumilikdə, 3465 ölçmə vasitəsinin düzgün işləməsi, saz vəziyyətdə olması yoxlanılıb və yoxlama nişanı ilə nişanlanıb”. Bu fikirləri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda komitə sədri Bəxtiyar İsmayılov mövzu ilə bağlı məruzəsində səsləndirib.
Məruzədə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə bir sıra aidiyyəti qurumlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də müvafiq tapşırıqlar verilib. Bu tapşırıqların qısa zamanda və yüksək keyfiyyətlə icrası qarşıda duran əsas vəzifələrdəndir. Bundan öncəki payız-qış mövsümündə görülən işlər, əldə olunan müsbət nəticələr, yaradılan əlverişli şərait yeni mövsümdə də işləri günün tələbləri səviyyəsində qurmağa imkan verir.
Bildirilib ki, müşavirədə muxtar respublika rəhbəri tərəfindən hər il payız-qış mövsümünə əvvəlcədən hazırlıq işlərinin görülməsinin mühüm əhəmiyyətə malik olduğunun vurğulanması, aidiyyəti təşkilatlarla yanaşı, komitənin üzərinə bir sıra vəzifələr qoyulması məsuliyyəti daha da artırır. Bu vəzifələr sırasında standarta uyğun olmayan və sənaye üsulu ilə hazır­lanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verilmə­məsi, bu barədə istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması da var. Verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə komitədə müvafiq icra qrupu yaradılıb və iş planı hazırlanıb. İş planına uyğun olaraq, payız-qış mövsümü üzrə nəzarət tədbirlərinin mütəmadi olaraq aid strukturlarla birgə ciddi qaydada həyata keçirilməsi təmin olunacaq və verilmiş tapşırıqlar vaxtında icra ediləcəkdir. Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birlikdə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verilmə­məsi üçün mütəmadi tədbirlər həyata keçiriləcəkdir. Adıçəkilən qurumların nümayəndələri ilə birlikdə bu qəbildən qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verilməməsi barədə istehlakçılar və sahibkarlar mütəmadi olaraq əvvəlcədən məlumatlandırılacaq, müvafiq bildirişlər təsərrüfat subyektlərinə təqdim olunacaqdır. Komitənin müvafiq şöbəsi tərəfindən noyabrın 15-dək dövlət müəssisələrinin və müraciət əsasında özəl müəssisələrin qazanxanalarında ölçmə vasitələrinin yoxlanılması həyata keçiriləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində keçirilən yığıncaqda müəssisənin direktoru Behruz Əzimov çıxış edərək bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinə də bir sıra tapşırıqlar verilib. Verilən tapşırıqların icrasına uyğun olaraq, müəssisə və təşkilatları vaxtında yanacaqla təmin etmək məqsədilə Bakı şəhərindən İran İslam Respublikası ərazisindən keçməklə və Bakı-Gürcüstan-Türkiyə yolu ilə Naxçıvan Muxtar Respublikasına yanacaq daşınması üçün ağırtonnajlı avtomaşınlar cəlb edilib. Cari ilin əvvəlindən 80649,5 ton dizel yanacağı, 19983,8 ton A-92 avtobenzini, 3514,3 ton bitum, 10943,4 ton mazut, 164,0 ton müxtəlif növ yağlar və 456, 3 ton maye qaz gətirilib. İlin sonunadək 29350 ton dizel yanacağı, 20061 ton A-92 avtobenzini, 16400 ton bitum və 1500 ton maye qaz gətiriləcək.
Qeyd olunub ki, yanacağın daşınması tələbata uyğun olaraq həyata keçirilir və yanacaq daşıyan avtomaşınların, müəssisədəki boru, nasos və digər avadanlıqların saz vəziyyətdə saxlanılması diqqət mərkəzindədir.
Vurğulanıb ki, 2016-cı ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bölgüsü əsasında və ayrılan vəsait hesabına payız-qış mövsümündə istilik sistemləri olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələri yerlərdə yanacaqla təmin edilib və növbəti mərhələ üçün lazımi tədbirlər görülür, yanacaq ehtiyatı yaradılır. Hazırda müəssisənin anbarlarında 2370 ton dizel yanacağı, 1554 ton A-92 avtobenzini, 1097 ton mazut və 68,0 ton maye qaz ehtiyatı var.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR