Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Babək rayonunda dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilib.
Dövlət qulluqçularının etik davranış qaydaları, onların xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları mövzusunda keçirilən seminarı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Rəsulov giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb, rayonda dövlət qulluqçularının səmərəli fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib.
95 dövlət qulluqçusunun iştirak etdiyi seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın şöbə müdiri Ümid Qurbanov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifələrini səmərəli yerinə yetirməlidirlər. Onlar bütün hallarda hər bir şəxs üçün nümunə olmalıdırlar. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa, etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.
Sonra komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov “Dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları” mövzusunda çıxış edərək dövlət orqanlarında kargüzarlığın aparılması işi, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu və digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib, vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları haqqında danışıb.
Komissiyanın baş məsləhətçi-hüquqşünası Zaman Bağırov isə çıxışında inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilmə meyarları haqda danışıb. Bildirilib ki, komissiya qeyd olunan normanın Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib. Qaydalara əsasən, dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun tabe olduğu rəhbər tərəfindən həyata keçirilir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə görə yekun hesabat növbəti ilin mart ayının 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin meyarlara görə qiymətləndirilməsi məqsədilə hər ilin yanvar ayında dövlət qulluqçusu qarşısında təqvim ili ərzində icra etməli olduğu mühüm tapşırıqlar qoyulur. Dövlət qulluqçusunun xidməti fəaliyyəti peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər meyarlarına əsasən qiymətləndirilir.
Slaydlarla müşayiət olunan çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Səbuhi Hüseynov