25 Dekabr 2024, Çərşənbə

Mövsümə hazırlıqla bağlı görülən işlər belə deməyə əsas verir

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açıb. Bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclisin Sədri Daxili İşlər Nazirliyinə də müvafiq tapşırıqlar verib.

Nazir ötən payız-qış mövsümündə görülən işlər barədə məlumat verərək bildirib ki, muxtar respublikada elektrik enerjisindən və qazdan sayğacdankənar istifadə hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib. Yoxlamalar zamanı 84 fakt aşkar edilib, elektrik enerjisinə görə 26 min 960 manat, təbii qaza görə 22 min 470 manat olmaqla, ümumilikdə, 49 min 430 manat məbləğində cərimə tətbiq edilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları ilə birlikdə qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Muxtar respublikanın bitki və heyvanat aləminin qorunması ilə bağlı həyata keçirilən tədbirlər zamanı 5 fakt aşkar edilib, qanunsuz ovun qarşısı alınıb. Şəhərdaxili və şəhərlərarası xətdə işləyən 738 avtobus və mikroavtobusun texniki sazlığı yoxlanılıb.

Qeyd olunub ki, yol hərəkəti təhlükəsizliyini intensiv təşkil etmək, sürüşmələrin və yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün tədbirlər görülüb. Həyata keçirilən belə tədbirlər hesabına Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası, daxili işlər orqanları 2015-2016-cı ilin payız-qış mövsümündə heç bir problemlə üzləşməyiblər.
Bildirilib ki, 2016-2017-ci ilin payız-qış mövsümünə hazır­lıq çərçivəsində yuxarıda qeyd olunan tədbirlər təkrarən həyata keçiriləcək, texniki cəhətdən nasaz avtomobillərin qış aylarında hərəkətinə məhdudiyyətlər qoyulacaq, belə avtomobillərin aşkarlanması üçün reydlər təşkil ediləcək. Nazirliyin struktur qurumlarının inzibati binasının qazanxanalarında elektrik enerjisi, təbii qaz və su təchizatı sahəsində çatışmazlıqlar aradan qaldırılacaq. Buz bağlama ehtimalı daha çox olan yollarda qum tədarükü görüləcək. Qış aylarında sürüşmə ehtimalı daha çox olan yollarda yol-patrul xidmətlərinin sayı artırılacaq, avtomobil yollarının qar və buzdan təmizlənməsində iştirak edəcək texnikanın sayı müəyyənləşdiriləcək və onların texniki sazlığını təmin etmək üçün Nəqliyyat Nazirliyi ilə birgə tədbirlər həyata keçiriləcək. İdarə, müəssisə və təşkilatlarda gözətçi funksiyasını həyata keçirən əməkdaşlara mütəmadi nəzarət olunacaq, yolların kənarlarında, yaşayış məntəqələrində, meşə zolaqlarında qurumuş ağacların kəsilib hərbi hissələrə verilməsi işinə nəzarət artırılacaq, ağacların qanunsuz kəsilməsinin, qanunsuz ov edilməsinin qarşısı alınacaq.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında da bir sıra işlər görüldüyünü diqqətə çatdıran Əhməd Əhmədov bildirib ki, hərbi hissədə yaşayış binalarının və maddi-məişət obyektlərinin işıq, su, istilik, kanalizasiya sistemlərinin təmiri işləri aparılıb. Elektrik təsərrüfatının istismar vəziyyəti yoxlanılıb, elektrik xətləri qış mövsümündə yüklənməyə tam hazırlanıb, yanğınsöndürmə vasitələri qış mövsümünə uyğun olaraq təchiz olunub, onların saxlanma yerləri müəyyən edilib, yanğın sututarlarına və hidrantlara giriş-çıxış yolları təmir edilib. Qazanxanalarda cari təmir işləri aparılıb, istilik qazanxanaları, magistral istilik və su xətləri istismara tam hazır vəziyyətə gətirilib, qazanxanaların istismarı üçün ocaqçılar seçilib, onlar qazanxanalarda işləmək üçün vəsiqə ilə təmin ediliblər. Qış mövsümündə ərazilərin qardan təmizlənməsi üçün lazımi alətlər hazır­lanıb. Hərbi hissədə qış mövsümündə ərzaq təminatı üçün 3 aylıq ərzaq məhsulları və 18 ton meyvə qurusu tədarük edilib. Şəxsi heyət üçün isti geyim formaları hazırlanıb. Buna baxmayaraq, hərbi hissədə bir sıra işlər də görülməlidir. Belə ki, qış mövsümü üçün tələb olunan ehtiyatın yaradılması diqqətdə saxlanılmalıdır. Xüsusilə də yerli ərzaq məhsullarının tədarük olunması, yanacaq ehtiyatının artırılması üçün əlavə tədbirlər görülməli, əsgərlərin qış aylarında virus xəstəliklərin­dən qorunması üçün dərman ehtiyatı yaradılmalıdır.
Diqqətə çatdırılıb ki, daxili işlər orqanlarında sənaye üsulu ilə hazır­lanmayan qızdırıcı elektrik və qaz cihazlarından istifadə edilməməli və bu kimi cihazların digər idarə və təşkilatlarda istifadəsinin qarşısının alınması üçün reyd yoxlamaları keçirilməlidir. Qazanxanalara peşə məktəblərini bitirmiş şəxslər götürülməlidir.
Sonra nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev çıxış edərək payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən və görüləcək işlər barədə məlumat verib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR