Azərbaycan xalqı tarixdə dəfələrlə milli ayrı-seçkilik ucbatından haqsızlığa məruz qalsa da, özünün ali milli keyfiyyətlərinin tərkib hissəsi olan tolerantlıq, dözümlülük, multikulturalizm kimi yüksək dəyərlərini daim yaşadıb, bu keyfiyyətlərini itirməyib. Məhz bunun nəticəsidir ki, bəzi ölkələrin nüfuzlu ictimai, siyasi, elm xadimləri, müxtəlif dinlərin rəhbərləri və təmsilçiləri əldə etdiyimiz böyük nailiyyətləri, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və bu sahədəki zəngin təcrübəni öyrənmək, yaymaq, qlobal problemlərin həlli yollarında bizimlə əməkdaşlıq etmək üçün ölkəmizdə keçirilən beynəlxalq miqyaslı mötəbər tədbirlərdə yaxından iştirak edirlər.
Aqressiv təcavüzkarlıq siyasətini, irqçiliyi, faşizmi özünün dövlət siyasəti kimi qəbul edən Ermənistanın 25 ildir, blokada vəziyyətində saxladığı Naxçıvan Muxtar Respublikasında da multikulturalizm, tolerantlıq, dözümlülük kimi yüksək dəyərlər tarixin bütün dövrlərində yaşadılıb və bu gün də yaşadılmaqdadır. Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan qədim tarixə və zəngin mədəniyyətə malik olmaqla yanaşı, həm də Azərbaycan xalqının milli adət-ənənələrinin daim yaşadıldığı bir regiondur. Multikulturalizm isə xalqımızın adət-ənənələrinin tərkib hissəsidir. Naxçıvan tarixboyu Şərq və Qərb arasında müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu region kimi tanınıb, özünün multikultural ənənələrinə görə də diqqəti cəlb edib.
Bu gün muxtar respublikada İslami dəyərlərdən irəli gələn ənənələr yaşadılmaqla yanaşı, azsaylı xalqların nümayəndələrinin mədəni irsinin qorunmasına və dini azadlığına hörmətlə yanaşılır. Bunun ən bariz nümunələrindən biri Ordubad rayonunda yerləşən məbəddir. Abidə 1829-cu ildə rus əsgərləri tərəfindən inşa olunub. Uzun müddət rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Abidə şəhərin ən yüksək məkanlarından birində inşa edildiyinə görə ətraf ərazi buradan yaxşı görünür. Bu gün həmin abidə tam bərpa olunaraq qorunur. Məbədin bu günədək qorunub saxlanılması xalqımızın multikulturalizm, tolerantlıq dəyərlərini özünün yaşam tərzinə çevirməsinin ən bariz nümunələrindən biridir.
Onu da qeyd edək ki, sovet dövründə bir sıra tarixi abidələr, dini ibadətgah yerləri kimi Ordubad məbədi də müxtəlif məqsədlər üçün istifadə olunub. Bu tarixi abidə yolun tam ortasında ucaldıldığı üçün həmin illərdə zaman-zaman onun sökülməsi də gündəmə gəlib. Maraqlıdır ki, başqa xalqa və dinə məxsus olan məbədin sökülməsinə rayon ziyalıları ciddi etiraz ediblər və bu etirazlar nəzərə alınıb, məbədə toxunulmayıb.
Bu gün multikulturalizm dəyərlərinin yaşadıldığı muxtar respublikamızda siyasi, ideoloji, dini atmosfer aydın və şəffafdır. Milli-mənəvi dəyərlərə malik olan əhali tolerantlığı, dözümlülüyü özünün həyat tərzinə çevirib. Elə bu səbəbdəndir ki, bu gün muxtar respublikada ömrünü Naxçıvanla bağlayan, burada daimi yaşamağa qərar verən başqa millətlərin nümayəndələri də az deyil. Vaxtilə Almaniyadan, Rusiyadan, Ukraynadan, Şimali Qafqazdan və digər regionlardan gələrək muxtar respublikada yaşayan bu insanların qədim diyarda məskunlaşmasının səbəbi təkcə ailə həyatı qurduqları şəxslərin azərbaycanlı olması ilə bağlı deyil. Göstərilən böyük hörmət, diqqət və qayğı, yüksək münasibət də onların Naxçıvanı vətən seçmələrinə, buranı doğma yurdları kimi sevmələrinə səbəb olub. Onlardan biri əslən Almaniyadan olan Erika Əliyevadır. Böyük Vətən müharibəsi zamanı Əhəd adlı azərbaycanlı ilə ailə həyatı quran Erika xanım 1945-ci ildə müharibə başa çatandan sonra onunla birlikdə Naxçıvana gəlib. Gənc yaşlarından Naxçıvanda yaşayan bu alman əsilli qadın indi özünü əsl naxçıvanlı sayır. Üç övladı var. O, muxtar respublikanın tolerantlıq, multikulturalizm dəyərlərinin yaşadıldığı region kimi dünyaya nümunə təşkil etdiyini vurğulayır.
Rusiya Federasiyasının Sverdlovsk şəhərindən olan Tatyana Georgiyevna da bu qənaətdədir. O deyir: “Mən Sverdlovskda Politexnik Texnikumunda oxuyurdum. İsfəndiyar isə Sverdlovska işləməyə gəlmişdi və orada inşaatda çalışırdı. İlk tanışlığımız mən texnikumda oxuyarkən oldu və 1973-cü ildə evləndik. Rusiyadan kənarda heç yerdə olmamışdım. Doğrusunu desəm, valideynlərim də kənar bir yerə getməyimizə razı deyildilər. Ancaq sonda onların da razılığını aldıq və Azərbaycana gəldik. İlk gəldiyim zamanlar bir az çətinliyim oldu. O da, əsasən, dillə bağlı idi. Qısa müddətdə dili öyrəndim, amma danışmağa utanırdım. Sonra isə zamanla bu da aradan qalxdı”.
“Naxçıvana gəldikdən sonra sizi bura bağlayan ən çox nə oldu?” sualına isə belə cavab verir: “Əlbəttə ki, hər kəsin mənə mehriban münasibəti”.
Milliyyətcə ukraynalı olan Yekaterina Yakovleva da muxtar respublikanın sakini olmaqdan razılıqla danışır: “Mən Naxçıvanda yaşamağımdan çox razıyam. Çünki burada ailə dəyərləri, insanların bir-birinə qarşı münasibəti çox yüksəkdir. Naxçıvana gəldikdən sonra bir neçə dəfə Ukraynaya getmişəm, qohumları, yaxınları ziyarət etmişəm. Onlar da bura məni görməyə gəliblər. Hazırda da telefonla əlaqə saxlayırıq. Ancaq Naxçıvan mənim üçün indi daha da doğmalaşıb. Burada 2 oğul, 1 qız böyütmüşəm. Özümü Naxçıvanda xoşbəxt sayıram”.
Şahbuz şəhərindəki Ahıllar evində yaşayan yəhudi əsilli Violetta Çernışeva da naxçıvanlıların ona xoş münasibətindən ağızdolusu danışdı. Dedi ki, Bakıda anadan olsa da, ali təhsilini Rusiya Federasiyasının Pyatiqorsk şəhərində alıb. Həyat yoldaşı yəhudi olub. Sonra isə ondan ayrılıb. Tale onu Şahbuz rayonundakı Ahıllar evinə gətirib çıxarsa da, həyatın ona bəxş etdiyi sürprizlərə küsməyib. Müsahibimiz Naxçıvanda yaşamağın onun üçün çox rahat olduğunu bildirdi: “Buradakı insanların çoxu bir-birini tanıyır və hər kəs bir-birinə qarşı mehriban və qayğıkeşdir. Bəzən şəhərdə bir yerə gedərkən danışığıma görə buralı olmadığımı düşünüb mənə qarşı daha mehriban davranırlar, hər cür köməyi göstərirlər”.
Bu gün muxtar respublikamızın bütün bölgələrində xeyli sayda ailələr var ki, ailə üzvlərindən birini digər millətlərin nümayəndələri təşkil edir. Hər bir millətin nümayəndəsi bu gün Naxçıvanda rahat yaşayır, xoşbəxt həyat sürür.
Multikulturalizm hər zaman bəşəriyyətin sosial və mədəni inkişafının, intellektual və mənəvi tərəqqisinin universal bazası olub. Bu baza xalqların tarixi məsuliyyətinə, siyasətə, idarəçiliyə, mədəni mübadiləyə, qarşılıqlı zənginləşməyə böyük təsir göstərib. Hər zaman olduğu kimi, müasir dövrdə də müxtəlif mədəniyyət və sivilizasiyaların dialoqunda multikulturalizm böyük rol oynayır. Ona görə ki, bəşəriyyət fərqli mədəniyyət və dünyagörüşlərin qarşılıqlı anlaşmasını, birgəyaşayışını təmin edən başqa bir yol tapmayıb. Bu səbəbdən eyni ölkədə yaşayan müxtəlif xalqların tarixi, dini, sosial, mədəni hüquqlarına humanist dünyagörüşü ortaya qoyan multikulturalizm, eyni zamanda cəmiyyətin öz daxilində ənənəvi dəyərlərin yaşadılmasına töhfəsini verən önəmli amildir. Bu gün Naxçıvan Muxtar Respublikasında da məhz bu dəyərlər yaşadılır.
Rauf Əliyev