25 Dekabr 2024, Çərşənbə

Avqust ayının nəticələri də belə deməyə əsas verir

Naxçıvan Muxtar Respublikasının əldə etdiyi ən böyük nailiyyətlərdən biri də hərbi təhlükəsizlik sisteminin mükəmməl şəkildə qurulmasıdır. Ölkəmizin əsas ərazisindən ayrı salınmış muxtar respublikanın təhlükəsizliyindən söz açarkən əvvəlcə düşmən ölkə ilə sərhədlərimizdəki hakim yüksəkliklərə diqqət yönəldilir. Dağlıq ərazilərdə etibarlı müdafiə sisteminin qurulması, burada Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlərin xidmət şəraitinin daim diqqətdə saxlanılması, maddi-texniki təminatın gündən-günə daha da yaxşılaşdırılması hər birimizdə qürur hissləri ilə bərabər, əminlik yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tez-tez muxtar respublikanın hakim yüksəkliklərində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə, buradakı vəziyyətlə tanış olur. Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri növbəti dəfə Ordubad rayonunda sərhəd və dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.
Ali Məclisin Sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib.
Sonra Ali Məclisin Sədri Culfa rayonunun Ləkətağ kəndində yerləşən hərbi hissəyə gəlib, əsgər və zabitlərlə görüşüb.
Bu gün heyvandarlıqla məşğul olan insanların yaylaqlarda məskən salmalarının bir səbəbi də ordumuza, əsgərlərimizə olan güvəndir. Uca dağların əhatəsində yerləşən Ordubad yaylaqlarında da hər il heyvandarlar məskən salır, obalar qurulur. Oba sakinləri rahat və təhlükəsiz şəraitdə təsərrüfatla məşğul olurlar. Onlar bilirlər ki, torpaqlarımız göz bəbəyi kimi qorunur. Bu gün xalqımızla ordumuz arasındakı birliyin bir nümunəsi də oba sakinləri ilə burada xidmət edən əsgərlər arasında yaranıb.

Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ordubad yaylaqlarına gəlib, oba sakinləri ilə görüşüb.
Hazırda cəmiyyətimizin bütün təbəqələri kimi, Azərbaycan Vətən Müharibəsi iştirakçıları da ölkənin ictimai-siyasi həyatında, abadlıq-quruculuq işlərində fəal iştirak edirlər. Şəhid ailələrinin və müharibə əlillərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onlara sosial xidmət göstərilməsi isə dövlətimizin daim diqqət mərkəzindədir.
Avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində sağlamlıq imkanları məhdud olan 4 nəfər Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər və Azərbaycan Vətən Müharibəsinin iştirakçısı olan iki nəfərə isə “Naz Lifan-320” markalı minik avtomobilləri təqdim edilib.
Ali Məclisin Sədri yeni mənzillə və avtomobillə təmin olunanlara təbriklərini çatdırıb, mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib, onlara firavan həyat arzulayıb.
Son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Hazırda Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni binanın, eləcə də 12 məktəb binasının tikintisi və əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. 2016-cı ilin məzunlarından 1538-i ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olunub. Bütövlükdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1737 məzun qəbul olub ki, bu da sənəd verənlərin 65 faizini təşkil edir.
Avqustun 22-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov gənclərə müraciət edərək deyib: “Gələcəkdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq müstəqil Azərbaycana ləyaqətlə xidmət etməlisiniz. Dünyagörüşünüzü inkişaf etdirməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməlisiniz. Bununla yanaşı həm də vətənpərvər olmalı, Vətən naminə çalışmalı, ümummilli liderimiz Heydər Əliyevin yoluna və ideyalarına sədaqət nümayiş etdirməlisiniz”.
Muxtar respublikamızda bütün sahələrdə inkişaf proseslərinin davamlı xarakter alması, qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması istiqamətində ardıcıl iş görülür. Qızmar yay günündə payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi, bununla bağlı müvafiq tapşırıqların verilməsi gələcəyimizin etibarlı əllərdə olduğunu bir daha sübut edir.
Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Ali Məclisin Sədri müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verib.
Hər il muxtar respublikanın kəndlərində geniş tikinti-quruculuq işləri aparılır, kəndlərdə şəhər rahatlığı yaradılır. Buna görə də bu gün muxtar respublikamızın kəndlərində məskunlaşanların sayı hər gün artmaqdadır. Şəhər və kənd həyat tərzləri arasında həmişə təzadlı müqayisə predmetləri olsa da, cəmiyyətin inkişafı ilə şəhər və kənd arasındakı fərq təzahürləri də yox olur və köhnədənqalma “kəndli” ifadəsi öz qüvvəsini itirir. Bu gün muxtar respublikada məhz belə bir ab-hava mövcuddur. Çünki bu gün bir ailənin sərbəst yaşayışı üçün paytaxt Naxçıvan şəhərində mövcud olan hər bir şərait ucqar dağ kəndlərində də yaradılıb. Həyata keçirilən tədbirlər çərçivəsində Şahbuz rayonunun Kiçikoba kəndində də yeni sosial obyektlər istifadəyə verilib.
Avqustun 29-da Kiçikoba-Daylaqlı kənd yolunun, kənd və xidmət mərkəzlərinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvanda elmimizin baş qərargahı vəzifəsini uğurla həyata keçirir. Məhz Ali Məclis Sədrinin göstərdiyi qayğı sayəsində bölmənin elmi-texniki təminatı sahəsində yüksək uğurlara nail olunub, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar istifadəyə verilib, dünya kitabxanaları ilə bilavasitə əlaqəni təmin edən elektron kitabxana qurulub, alim və tədqiqatçılar üçün hərtərəfli iş şəraiti yaradılıb. Bu sahədə görülən işlərin davamı olaraq bölmənin Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji Xidmət Mərkəzi istifadəyə verilib.
Mərkəzdə ölkəmizdə ilk dəfə tətbiq olunan ABŞ-ın istehsalı olan ən müasir seysmoloji avadanlıqlar və proqram təminatı quraşdırılıb. Yeni avadanlıqlar vasitəsilə muxtar respublikanın Heydərabad, Şahbuz, Babək və Ordubad seysmik məntəqələrindən alınan məlumatlar peyk vasitəsilə Bakıda quraşdırılmış qəbuledici sistemə və eyni zamanda internet vasitəsilə mərkəzdəki kompüterə daxil olur. Quraşdırılan yeni avadanlıqlar hesabına muxtar respublikanın ərazisində, ümumilikdə isə regionda seysmoloji aktivliyə tam nəzarət etmək mümkündür. Mərkəzin qarşısında duran əsas vəzifə muxtar respublika ərazisində seysmoloji dəyişiklikləri qeydə almaq, təhlil etmək və aidiyyəti üzrə məlumat verməkdən ibarətdir.
Ali Məclisin Sədri seysmoloji xidmət sahəsi üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini bildirib, kollektivi təbrik edib və onlara işlərində uğurlar arzulayıb.
Bu gün ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 25-ci ildönümünü sevinc hissləri ilə qeyd edirik. Çünki bu gün təkcə Naxçıvan Muxtar Respublikasını deyil, ümumilikdə, Azərbaycanı xilasa aparan yolun başlanğıc günüdür. Ümummilli liderin həyatı və fəaliyyətinin Naxçıvan dövrü faktiki olaraq Azərbaycanın dövlət müstəqilliyinin siyasi-ideoloji əsaslarının qoyulduğu, milli dövlətçilik prinsiplərinin bərpa olunduğu, müstəqil dövlətçilik konsepsiyasının ideya əsaslarının hazırlandığı dövr idi. Bu gün Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xəttin uğurla davam etdirilməsi, dövlət proqramlarının, infra­struktur layihələrinin reallaşdırılması bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Ötən ayın nəticələrinə əsaslanaraq deyə bilərik ki, Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar ardıcıl olaraq böyük inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanıb. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR