Cəbrayıl və Füzuli rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 23 il ötür. Hər iki rayon eyni tarixdə – 1993-cü il avqustun 23-də işğal edilib.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Ərazisi 1386 kvadratkilometr olan rayonda 1 şəhər, 1 şəhərtipli qəsəbə, 75 kənd olub. İşğaldan əvvəl rayonda 86 ümumtəhsil və 2 texniki-peşə məktəbi, 65 uşaq bağçası, 90 kitabxana, 79 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi.
Qeyd edək ki, bu rayon ermənilər üçün böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ilin avqustunda cəbhənin bütün istiqamətlərində əks-hücuma keçən düşmənlər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb Füzuli şəhərini işğal etdilər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəlilədilər. Məqsəd regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsinin ələ keçirilməsi idi. Horadizin işğalı ilə, eləcə də Əhmədbəyli kəndi istiqamətində “Dörd yol” deyilən əraziyə çıxmaqla düşmən o zaman işğal olunmamış Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını faktiki olaraq blokadaya salırdı. Horadiz qəsəbəsinin müdafiəsini Sərhəd Qoşunlarının burada yerləşən komendantlığı təşkil etmişdi. Bir neçə gün davam edən döyüşdən sonra qüvvələrin qeyri-bərabər olması səbəbindən sərhəd zastavası mövqelərini tərk edərək geri çəkilir. Ermənilər Horadiz qəsəbəsini və İranla sərhəddə yerləşən su anbarı üzərindəki körpünü tutur. Qəsəbədəki bütün inzibati və yaşayış binaları, neft bazası, dəmir yolu vağzalı yandırılır və qeyd etdiyimiz kimi, Horadizin işğalı ilə digər rayonlar faktiki olaraq blokadaya düşür. Araz boyunca Beyləqana doğru irəliləyən düşmən qüvvələri Arayatlı, Babı, Əhmədalılar, Kərimbəyli, Araz Yağlıvənd kəndlərini işğal edirlər. 1993-cü il noyabrın 7-də ermənilər 400 nəfərə yaxın canlı qüvvə, 30-a yaxın tank və zirehli transportyorun iştirakı ilə rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndinə hücuma keçir. Kəndin bir hissəsini işğal edən düşmən qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin ciddi müqaviməti ilə qarşılaşır. Bu kənddə yerləşən sərhəd zastavasının 30 nəfər şəxsi heyəti qəhrəmanlıq nümayiş etdirərək 2 gün ərzində düşmənin bütün hücumlarını dəf edir. Düşmən xeyli sayda canlı qüvvəsini bu döyüşlərdə itirir. Sərhədçilər də bir neçə şəhid verir. İki aya yaxın davam edən qanlı döyüşlər zamanı ermənilər Böyük Bəhmənli kəndinin bir hissəsini işğal etsələr də, kəndi tam ələ keçirə bilmirlər. Dekabr ayında yenidən hücum edən düşmən bu dəfə Daxili Qoşunların müqaviməti ilə qarşılaşır. Daxili Qoşunların 5 əsgəri düşmən tankı ilə qeyri-bərabər döyüşdə geri çəkilməyərək həlak olur. Düşmən də bir neçə texnikasını itirərək yenidən geri çəkilir. Ümummilli liderimiz Heydər Əliyevin orduda apardığı islahatlar nəticəsində, 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələri Araz çayı boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks-hücuma keçir. İki gün davam edən döyüşlərdə Azərbaycan Ordusu Horadiz qəsəbəsini və ətraf kəndləri düşməndən təmizləyir. Ermənilər bir neçə yüz nəfər canlı qüvvə itirir. Alxanlı istiqamətində hücum edən qüvvələrimiz isə Qaraxanbəyli, Qorqan kəndlərinədək irəliləməyə nail olur.
Bu uğursuzluqdan sonra düşmən atəşkəs sazişini imzalamağa məcbur olur və 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanır.
Qeyd edək ki, rayonun işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 20 kənd var. Bu qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 50 min nəfərdən çox məcburi köçkün məskunlaşıb.
Füzuli rayonu həm də təbii sərvətlər baxımından çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadratmetr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadratmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadratmetr olan Quruçay qum-çınqıl qarışığı yataqları var. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri müəssisə fəaliyyət göstərib. Füzulinin kənd təsərrüfatında əsas sahələr üzümçülük, taxılçılıq, ipəkçilik və heyvandarlıq olub. Füzuli rayonu ərazisində onlarla tarixi və dini abidələr yerləşir ki, onların da çoxunun ermənilər tərəfindən dağıdılmasına dair faktlar var. Belə abidələrdən ən məşhuru Azıx mağarasıdır.
Cəbrayıl rayonunun ərazisi isə 1050 kvadratkilometrdir. Erməni işğalı nəticəsində rayonda 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı düşmən tapdağı altında qalıb. Cəbrayıldan olan 60 mindən çox məcburi köçkün respublikamızın 58 rayonunda məskunlaşıb. İşğal olunmazdan əvvəl Cəbrayılın kənd təsərrüfatı, əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl rayonu tarixi-memarlıq və dini abidələrlə zəngindir. Tarixi abidələrə misal kimi XII əsrə aid məşhur Xudafərin körpülərini, Sultan Məcid hamamını, Diri dağındakı Qız qalasını, dini abidələrə isə bölgə əhalisinin and yeri olan Hacı Qaraman ziyarətgahını misal göstərmək olar. Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var. Rayonda yaşı 200-1600 olan 14 ədəd Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
Bəli, ötən əsrin sonlarında işğal olunan Füzuli və Cəbrayıl rayonları artıq 23 ildir, düşmən tapdağı altındadır. Ancaq xalqımız heç zaman bununla barışmayacaqdır. Artıq ötən dövr ərzində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusu sayılır. Bu gün Azərbaycan Ordusu qarşıda duran istənilən tapşırığı layiqincə və vaxtında yerinə yetirməyə hazırdır. Bir neçə ay bundan əvvəl ordumuzun yalnız təmas xəttində olan birləşmələrinin düşmənə verdiyi layiqli cavab hələ də erməni siyasi və hərbi rəhbərliyinin müzakirə mövzusu olaraq qalmaqdadır. Bu fakt isə onun göstəricisidir ki, Azərbaycan xalqı, Ali Baş Komandanın dəfələrlə dediyi kimi, münaqişəni sülh yolu ilə həll etmək istəyir. Ancaq bu, baş verməzsə, bütün məsuliyyət düşmən ölkənin rəhbərliyinin üzərinə düşür. Belə olan halda Silahlı Qüvvələrimiz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəkdir. O zaman nəinki Füzuli və Cəbrayıl rayonları, ümumilikdə, bütün işğal altında qalan torpaqlarımız özünün əsl sahibinə qovuşacaqdır. O gün isə uzaqda deyil.
Səbuhi Həsənov