Ordubad Rayon İcra Hakimiyyətində keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə məruzə edib. Bildirilib ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ölkənin aqrar sektorunda da islahatların keçirilməsi üçün ciddi addımlar atılıb. Bu məqsədlə, ilk növbədə, dünya təcrübəsi – xüsusilə keçid dövrü yaşamış ölkələrin təcrübəsi öyrənilib, ölkənin müxtəlif rayonlarında sınaqlar keçirilib. Ulu öndərin fərmanı ilə 1994-cü ilin dekabrında və 1995-ci ilin martında aqrar sektorda islahatların keçirilməsi, kolxoz və sovxozların islahatı üçün qanun layihələrinin hazırlanması və həyata keçirilməsi üzərində işləyən xüsusi komissiyalar yaradılıb.
“Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq icarəsi haqqında” qanunlar, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi də daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər normativ-hüquqi aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaradıb. Beləliklə, ümummilli lider Heydər Əliyevin hələ muxtar respublikamıza rəhbərlik etdiyi dövrdə bünövrəsini qoyduğu torpaq islahatları bütün ölkədə tətbiq edilib. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli Fərmanından sonra isə islahatların sürətlə həyata keçirilməsi prosesi başlanıb.
Qeyd olunub ki, ölkədə aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatları aparılıb, kənd təsərrüfatının inkişafı təmin olunub, kənd təsərrüfatı məhsullarının istehsalı artıb, istehsalçıların maddi rifah halı yüksəlib, istehsal şəraiti yaxşılaşıb, uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olmaq arzusu reallaşıb. Torpağa münasibətdə tarixi ədalət bərpa edilərək torpaqlar kəndliyə verilib və yeni torpaq-əkinçi münasibətlərinin formalaşması üçün real şərait yaradılıb.
Əhalinin artım tempi, əkinəyararlı torpaq sahələrinin məhdudluğu, ərzaq məhsulları ilə etibarlı təminatın möhkəmləndirilməsi zərurəti torpaq münasibətlərinin düzgün şəkildə tənzimlənməsi, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsini tələb edir. İmzalanmış fərman və sərəncamların, qəbul olunmuş dövlət proqramlarının icrası aqrar istehsalın inkişafında yeni mərhələ olmaqla yanaşı, bu sahənin inkişafında əvəzsiz rola malik olan torpaqdan düzgün və səmərəli istifadəni də günün tələbinə çevirib.
Vurğulanıb ki, muxtar respublikada mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 19 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb, 2015-ci il 16 iyul tarixli Fərmanı ilə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilib.
Qeyd olunub ki, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, istehsalat və məişət tullantıları, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, mülkiyyətdə istifadə olunan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi, torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi kimi hərəkətlərdən çəkinməlidirlər. Vətəndaşlar bilməlidirlər ki, qeyd olunan əməllərin törədilməsi torpaqlardan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişilməsinə və qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Tədbirdə komitənin Yerquruluşu, torpaq ehtiyatlarından istifadə və geodeziya, xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədovun “Torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması və mühafizəsi”, Daşınmaz əmlakın inventarlaşdırılmasına və qiymətləndirilməsinə nəzarət sektorunun müdiri Məcid Abdullayevin “Daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı qanunvericiliyin tələbləri” mövzularında çıxışları olub. Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin hazırladığı bukletlər paylanılıb.
Onu da qeyd edək ki, analoji tədbir bundan əvvəl Babək rayonunda keçirilib. Növbəti tədbir isə Şahbuz rayonunda təşkil ediləcəkdir.
Xəbərlər şöbəsi