Şərur Rayon İcra Hakimiyyətində keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə məruzə ilə çıxış edib. Bildirilib ki, əhalinin artım tempi, əkinəyararlı torpaq sahələrinin məhdudluğu, ərzaq məhsulları ilə etibarlı təminatın möhkəmləndirilməsi zərurəti torpaq münasibətlərinin düzgün şəkildə tənzimlənməsi, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsini tələb edir. İmzalanmış fərman və sərəncamların, qəbul olunmuş dövlət proqramlarının icrası aqrar istehsalın inkişafında yeni mərhələ olmaqla yanaşı, bu sahənin inkişafında əvəzsiz rola malik olan torpaqdan düzgün və səmərəli istifadəni də günün tələbinə çevirib.
Qeyd olunub ki, muxtar respublikada mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 19 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb, 2015-ci il 16 iyun tarixli Fərmanı ilə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilib.
Torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədilə 2016-cı il 2 aprel tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Bu fərmanla “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilib.
Fərmana əsasən, muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi” yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcək.
Vurğulanıb ki, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, torpaqların istehsalat və məişət tullantıları, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi, torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi kimi hərəkətlərdən çəkinməlidirlər. Vətəndaşlar bilməlidirlər ki, qeyd olunan əməllərin törədilməsi torpaqlardan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə və qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Tədbirdə komitənin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin “Torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması və mühafizəsi”, baş məsləhətçi Tural Cəfərovun “Daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı qanunvericiliyin tələbləri” mövzularında çıxışları olub. Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin hazırladığı bukletlər paylanılıb.
Xəbərlər şöbəsi