Kənd sakinləri görülən işlər üçün minnətdarlıq edirlər
“Oba” toponimi dilimizdə geniş yayılmış ifadələrdəndir. Keçmiş zamanlardan bu günümüzədək yerli əhalinin, daha doğrusu, elatın yay və qış fəsillərində müvəqqəti yerləşdiyi əraziləri insanlarımız belə adlandırıb. Ancaq hər ərazi də oba adlandırılmayıb. Obanı, necə deyərlər, oba edən ətrafda su mənbələrinin olması, ərazinin heyvandarlıq, əkinçilik üçün əlverişliliyi və digər amillərdir. Obalar, adətən, müvəqqəti məskən yeri kimi qəbul edilsə də, belə ərazilərin sonradan daimi yaşayış məntəqəsinə çevrilməsi faktlarına da muxtar respublikamızda az rast gəlinməyib. Ən əsası bu kimi yerlərin kəndlərə çevrilməsi prosesində oba toponimi də qorunub saxlanılıb.
Tədqiqatçılara görə, Aşağı Uzunoba, Yuxarı Uzunoba, Mahmudoba kimi kəndlərin adının formalaşmasında məhz bu amil əhəmiyyətli rol oynayıb. Şahbuz rayonunun Kiçikoba kəndi də bu sırada istisna deyil. XX əsrin ortalarında salınan və ətraf kəndlərdən bura köçürülən əhalinin məskunlaşdığı yerə “Yenikənd” adı verilib, sonradan isə bu ad Kiçikoba ilə əvəzlənib. Mənası, adından da göründüyü kimi, “kiçik oba”, “kiçik kənd” deməkdir. Rayon mərkəzinə yaxın məsafədə yerləşən Kiçikoba kəndi Daylaqlı kənd inzibati ərazi dairəsində yerləşir. Ötən il Daylaqlıda genişhəcmli tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib.
Cari ildə isə Kiçikoba kəndinə bu quruculuq tədbirlərindən pay düşüb. Avqustun 29-da kənddə yeni sosial obyektlərin qapıları kənd sakinlərinin üzünə açılıb. Cəmi bir neçə ay bundan əvvəl tipik kənd mənzərəsini özündə əks etdirən Kiçikoba indi müasir yaşayış məntəqəsinə çevrilib. Belə ki, Kiçikoba-Daylaqlı kənd yolunun istifadəyə verilməsi sakinlərin hər iki kəndə rahat gediş-gəlişini təmin edib. Ümumilikdə, kənddaxili 4150 metr uzunluğunda yol genişləndirilərək asfalt örtük salınıb. Kəndin yuxarı hissəsində yerləşən yeni binalar isə əraziyə xüsusi gözəllik verir. Yaraşıqlı ikimərtəbəli kənd mərkəzinin binasında müxtəlif dövlət qurumlarında çalışanlar üçün rahat iş şəraiti yaradılıb. Mərkəzdə 4 mindən çox kitab fonduna malik kitabxana, baytarlıq məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, klub, iclas zalı və feldşer-mama məntəqəsi yerləşir. Feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb və məntəqə lazımi avadanlıqlarla təmin olunub. Xidmət mərkəzinin binası isə birmərtəbəlidir. Üç nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Yeni obyektlərin ətrafı abadlaşdırılıb, gülkarlıqlar salınıb, ağaclar əkilib.
Qeyd edək ki, hazırda Kiçikoba kəndinin 225 nəfər sakini var. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Arıçılıq da son illərdə maraq göstərilən sahələrdəndir. Kəndin suvarma və içməli su ilə təmin edilməsi burada sakinlərin rahatlığı ilə yanaşı, onların müxtəlif kənd təsərrüfatı məhsullarını əkib-becərmələrinə də imkan verir. Əhalinin sosial rifahının yaxşılaşdırılmasının nəticəsidir ki, hazırda kənddə 4 fərdi mənzil tikilir. Kəndin müasir yaşayış məntəqəsinə çevrilməsi burada yaşayan insanların hər birinin sevincinə səbəb olub. Bunu onlarla etdiyimiz söhbətdən də hiss etmək çətin deyildi. Kənd sakini Hökumə Nəcəfovanın dediklərindən:
– Bu yurd yerinin insanları hər zaman vətənpərvərliyi, dövlətçiliyimizə sədaqətləri ilə seçiliblər. 1993-cü ildə Murovdağda şəhid olmuş həmkəndlimiz Cavid Səfərovun keçdiyi döyüş yolu indi kəndimizin gəncləri üçün bir nümunədir. Sevinirik, eyni zamanda qürur hissi keçiririk ki, vətəndaşlarımızın hər biri dövlətimiz üçün qiymətlidir. Əgər bu gün rayonumuzun bütün kəndlərində sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılırsa, məişət problemlərimiz öz həllini tapırsa, ən əsası kəndli öz torpağına günü-gündən daha çox bağlanırsa, bunun üçün dövlətimizə minnətdar olmalıyıq.
– Kiçikoba kəndi rayon mərkəzinə yaxın olsa da, bu kəndin problemləri sovet dövründə o qədər də diqqət mərkəzində olmayıb, – bu sözləri isə kənd sakini Kamran Bağırov deyir. Həmsöhbətimiz bildirir ki, o dövrdə də, indi də əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı olub. İndi torpağı əkib-becərmək daha asan və qazanclıdır: – Torpağı əkmək üçün, ilk növbədə, su lazımdır, ikinci yerdə isə texniki imkanlar. Şükürlər olsun ki, indi kəndli üçün bunların hər ikisi var. Əgər zəhmət çəksən, bəhrəsini də görərsən.
Kənddaxili yolları göstərən kənd sakini sözünə davam edir: – Kiçikoba kəndi heç vaxt belə abad, gözəl olmayıb. Yollardan isə heç danışmağına dəyməzdi. Ancaq indi kəndin bütün daxili yolları abadlaşdırılıb, əhalinin rahatlığı təmin edilib. Ötən il Daylaqlı kəndində üçmərtəbəli məktəb binası, kənd və xidmət mərkəzləri tikilib istifadəyə verildi. Kənddə əhaliyə müxtəlif xidmətlərin göstərilməsi üçün hərtərəfli şərait yaradıldı. Ancaq buna baxmayaraq, Daylaqlı kəndinin yaxınlığında yerləşən Kiçikobada da bu il yeni sosial obyektlər tikildi. Artıq kiçikobalılar öz kəndlərində yerləşən kənd mərkəzinə üz tutmaqla onlar üçün yaradılmış hərtərəfli şəraitdən istifadə edə bilirlər. Bu fakt onun göstəricisidir ki, dövlətimiz vətəndaşlarımıza, xüsusilə kənddə yaşayan sakinlərə nə qədər böyük önəm verir, onların qayğısına qalır. Buna görə də dövlətimizə minnətdarıq. Çalışacağıq ki, yaradılanları, bizə əmanət edilən bu gözəlliyi qoruyub saxlayaq.
Digər kənd sakini Ayna Qasımova uzun illər dövlət qurumlarında çalışmasına baxmayaraq, kənd həyatına hər zaman bağlı olub. Kənddə görülən işləri yüksək qiymətləndirən bu ağbirçək qadın dövlətimizə minnətdarlıq etməyi də unutmur.
Şahsuvar Novruzov heyvandarlıqla məşğul olur. Əsasən, iribuynuzlu mal-qara saxlayan müsahibimiz deyir ki, bu kənddə yaşamaq heç zaman belə rahat olmayıb. Çətin günlərimiz çox olub. Təsəvvür edin ki, burada adicə ərzaq mağazası belə, olmayıb. Ehtiyacımız olan ərzaqlar üçün çox zaman rayon mərkəzinə üz tutmuşuq və ya qonşu Şahbuzkəndə getmişik. Ancaq bu da, bildiyiniz kimi, əlavə vaxt itkisi idi. Yeni xidmət mərkəzinin yaradılması bir çox zəruri ehtiyaclarımızın ödənilməsinə imkan verir. Bu işdə zəhməti olanlara öz minnətdarlığımızı bildiririk.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şahbuz rayonunun Kiçikoba kəndində yeni quruculuq obyektlərinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə deyib: “Kiçikoba kəndində aparılan quruculuq işləri və yaradılan şərait bir kəndin timsalında müasir Azərbaycan kəndinin inkişafını göstərir. Kənddə həyata keçirilən tədbirlər imkan verəcəkdir ki, sakinlər ölkəmizin inkişafına öz töhfələrini versinlər. Bunun üçün təsərrüfatlar genişləndirilməli, torpaqlar əkilməli, bol məhsul istehsal olunmalı, məskunlaşma artmalı, uşaqlar yaxşı təhsil almalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, kəndin abadlığı daha da artırılmalıdır”.
Bəli, Kiçikoba kəndində həyata keçirilən tədbirlər bu yurd yerinin hərtərəfli inkişafında yeni mərhələnin başlanğıcını qoyub. İnanırıq ki, bu başlanğıc torpağına bağlı kiçikobalıların gələcək fəaliyyətlərində yeni yollar açacaq, onları müstəqil Azərbaycanın inkişafı naminə daha böyük uğurlar qazanmağa sövq edəcəkdir.
Səbuhi Həsənov