Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açan nəqliyyat naziri Mirsənani Seyidov bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Nəqliyyat Nazirliyinə də bir sıra tapşırıqlar verilib.
Nəqliyyat Nazirliyi artıq bu tapşırıqların icrasına başlayıb. Belə ki, ilkin olaraq ucqar dağ və sərhəd kəndlərinə işləyən marşrut avtobuslarının texniki müayinədən keçirilməsi işinə start verilib, bu məqsədlə nazirliyin payız-qış mövsümünə hazırlıq komissiyası Şərur rayonunun Havuş, Şahbulaq, Yuxarı Yaycı, Ordubad rayonunun Unus, Tivi, Parağa, Babək rayonunun Gərməçataq, Yuxarı Buzqov kimi ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə əlaqə saxlayıb, mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün onlara köməklik göstərilib.
Payız-qış mövsümündə sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması işi davam etdirilməkdədir. Şahbuz və Ordubad avtovağzallarında isə Naxçıvan-Bakı avtobus marşrutuna bilet satışı təşkil olunub.
Vurğulanıb ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində təsdiq olunmuş tədbirlər planı üzrə payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. Cəmiyyətin idarə və strukturlarında təsərrüfatın və kadrların payız-qış mövsümünə hazırlığı ilə bağlı qərargah yaradılıb və ötən ilin payız-qış mövsümündəki bütün işlər təhlil edilərək aşkar olunmuş nöqsan və çatışmazlıqlar nəzərə alınmaqla təsdiq edilmiş tədbirlər planı əsasında sahələr üzrə müəyyən işlər görülüb. Lokomotivlərin və sərnişin vaqonlarının payız-qış mövsümünə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri və 50 ton sürtkü yağı tədarük edilib, istilik sistemləri ilə işləyən vaqonların qış mövsümündə qızdırılması üçün 44 ton daş kömür ehtiyatı yaradılıb. Elektrovoz və teplovozlara baxış keçirilib. Onların, habelə sərnişin vaqonlarının cari təmiri aparılmaqdadır. Xidmət ərazisindəki yoldəyişdirici qurğulara, keçidlərə, süni qurğulara, yol yatağına baxış keçirilib, suötürücü kanallar, körpülər, küvetlər selbasar suxurlardan və daşlardan təmizlənib.
Nəqliyyat naziri Naxçıvan Beynəlxalq Hava Limanında da payız-qış mövsümü ilə əlaqədar hazırlıqlara başlanıldığını bildirərək deyib ki, işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışının həyata keçirilməsi, tələbata görə yanacaq və mal-material ehtiyatının yaradılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Hava limanının dünya standartlarına cavab verməsi burada qış mövsümünü yüksək səviyyədə başa vurmağa imkan yaradır.
“Naxavtoyol” Dövlət Şirkətində də qış mövsümü ilə əlaqədar müəyyən işlərin görülməyə başlanıldığı vurğulanıb. Bildirilib ki, mexanizatorlar isti paltarlarla təmin edilib, çətin hava şəraitində işləyəcək avtomaşınlar üçün zəncir tədarük olunub, payız-qış dövründə işlədiləcək avtomaşın və yol texnikaları saz vəziyyətə gətirilib. Bununla əlaqədar 12 ədəd avtoqreyder, 29 ədəd özüyükünüboşaldan avtomaşın, 8 ədəd buldozer, 1 ədəd qumsəpən avtomaşın, 3 ədəd ekskavator, 5 ədəd avtoyükləyici və 1 ədəd qartəmizləyən maşın qış mövsümündə işləmək üçün hazırlanıb. Asfalt yollarda işləyəcək avtoqreyderlərə asfalt-beton örtüyün dağılmaması üçün rezin bıçaqlar tədarük edilib.
Ucqar dağ kəndlərinə gediş-gəlişi təmin etmək üçün həmin kəndlərdə yolları tənzimləyən maşın-mexanizmlər ayrılıb. Bu yollarda aparılan yol əsasının bərkidilməsi işləri qış mövsümü ərzində hərəkətin fasiləsizliyini təmin etməyə xidmət edir.
Həmçinin avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü diqqət mərkəzində saxlanılır. Belə ki, qış mövsümünü uğurla başa çatdırmaq üçün Şorsu qumunun tədarükünə başlanılıb.
Sonra “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli, “Naxavtoyol” Dövlət Şirkətinin baş direktoru Bəhruz Əsgərov payız-qış mövsümünə hazırlıqla bağlı məlumat veriblər.
* * *
2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində müşavirə keçirilib. Müşavirəni kənd təsərrüfatı naziri Elşad Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyinə də bir sıra tapşırıqlar verilib. Tapşırıqların icrası ilə bağlı nazirlik Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə əlaqədar maarifləndirmə tədbirlərini həyata keçirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdır.
Qeyd olunub ki, son dövrlərdə muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində bir sıra layihələr həyata keçirilib. Belə ki, aparılan meliorasiya, irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının yaradılması, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaradıb. Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların 25 faiz artırılaraq 50 manata çatdırılması, istifadə olunan gübrələrin və herbisidlərin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara güclü stimul verib. Bildirilib ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 2017-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 31 min hektar sahədə şum aparılaraq taxıl əkilməsi nəzərdə tutulub. Bu işlərin mütəşəkkil və optimal müddətdə keçirilməsində kənd təsərrüfatı texnikasının sazlığının başlıca şərtlərdən olmasını nəzərə alaraq nazirliyin Texniki nəzarət və aqroservis sektoru tərəfindən texnikaların sazlığı vəziyyəti öyrənilib, lazım olan ehtiyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması üçün tədbirlər həyata keçirilib. Hazırda muxtar respublikada 1742 ədədi yeni olmaqla, 2837 ədəd kənd təsərrüfatı texnikası mövcuddur ki, onlardan 134 ədədi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarında, 2703 ədədi isə sahibkarların xüsusi mülkiyyətindədir. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 749 ədəd təkərli, 107 ədəd tırtıllı texnika, 75 ədəd taxılsəpən, 374 ədəd kotan, 52 ədəd çizel və şırımaçan, 23 ədəd toxumtəmizləyən, 290 ədəd lafet saz vəziyyətə gətirilib. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasında olan 6 ədəd, fiziki şəxslərdə olan 18 ədəd taxılsəpənə pulsuz şırımaçan aqreqatlar qoşulub. Cari ildə bütün taxıl sahələrinin şırım üsulu ilə əkilməsi nəzərdə tutulur.
Elşad Əliyev bildirib ki, toxumçuluq bitkiçilikdə vacib sahələrdən hesab edilir. Payızlıq taxıl əkininin aparılması üçün muxtar respublikaya 6500-7000 ton toxum tələb olunur. Tələb olunan toxum, əsasən, torpaq mülkiyyətçilərinin özlərində və toxumçuluq təsərrüfatlarında mövcuddur. Muxtar respublikada fəaliyyət göstərən 5 toxumçuluq təsərrüfatında 1500 tondan artıq toxum təmizlənib. Hazırda təmizlənmiş toxumlar dərmanlanaraq kisələrə yığılır.
Qeyd olunub ki, payızlıq taxıl əkini sahələrində siçanabənzər gəmiricilərlə mübarizə aparılması məqsədilə nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsində “Sink-fosfid” preparatı var və əvvəlki illərdə olduğu kimi, bu il də ehtiyac yarandığı təqdirdə mübarizə tədbirlərinin pulsuz aparılması nəzərdə tutulur.
Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Əyyub Abdullayev və Əsgər Həsənovun, “Araz” Elm-İstehsalat Birliyinin direktoru Bəhruz Bayramovun çıxışları olub.
* * *
Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar Gənclər və İdman Nazirliyində də kollegiya iclası keçirilib. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq nazirlik tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, nazirliyin strukturuna daxil olan idarələr və idman müəssisələrinin, idman obyektlərinin, olimpiya-idman komplekslərinin, uşaq-gənclər idman məktəblərinin payız-qış mövsümünə hazırlığı ilə bağlı verilmiş tapşırıqlara uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və tabeliyində olan müəssisələrin qazanxanalarında elektrik və istilik sistemi xətlərinin vəziyyəti yoxlanılıb. İlham Əliyev adına Olimpiya-İdman Kompleksi, Şərur Olimpiya-İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbi və Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində payız-qış mövsümündə gənclərin idmanla müntəzəm məşğul olması və kütləvi idman tədbirlərinin keçirilməsi üçün istilik, elektrik sistemi və su təchizatına nəzarət gücləndiriləcək. Həmçinin idman müəssisələrində yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərinin aparılması və idmançıların tibbi müayinədən keçirilməsi işləri nəzarətdə saxlanılacaq. Bundan başqa, payız-qış mövsümündə elektrik enerjisi, qaz, rabitə və digər xidmətlərdən düzgün istifadə olunması, israfçılığa yol verilməməsi təmin ediləcək.
Azad Cabbarov deyib ki, payız-qış mövsümünə hazırlığın əsas məsələsi kimi nazirliyin, o cümlədən tabeli və nazirliyin strukturuna daxil olan təşkilatların yerləşdiyi inzibati binaların mühafizəsinə ciddi nəzarət olunmalıdır.
Nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri yeniyetmə və gənclərin payız-qış mövsümündə də idmanla müntəzəm məşğul olmaları, idman yarışlarında iştirak etmələri üçün yaradılmış şəraitdən düzgün istifadə etməlidirlər. Kütləvi informasiya vasitələri ilə əlaqələr daim diqqət mərkəzində olmalı, keçirilən bütün tədbirlərin televiziya, qəzet və sosial şəbəkələrdə işıqlandırılması təmin edilməlidir.
Məruzə ətrafında müzakirələrdə Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov, İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbinin direktoru Faiq İsgəndərov, İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin direktoru Ramin Talıbov və Şərur Olimpiya-İdman Kompleksinin direktoru Rza Camalov çıxış ediblər.
* * *
2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən yığıncağı İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyahət İmanov yığıncaqda məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tabeli müəssisə və təşkilatlarla birlikdə bir sıra işlər görülüb. Belə ki, qarşıdan gələn mövsümə hazırlıq məqsədilə mərkəzləşdirilmiş və fərdi qazanxanalarda cari təmir işləri aparılıb, qazanlar ərpdən təmizlənib, sıradan çıxmış nasos və siyirtmələr yeniləri ilə əvəz edilib, elektrik, qaz və su xətlərinə baxış keçirilib, 3 yaşayış binasının daxili, 1 yaşayış binasının xarici istilik sistemi dəyişdirilib. Hazırda şəhərin bir neçə ünvanındakı qazanxanalarda təmir işləri aparılır, binaların daxili istilik xətləri yenilənir. Payız-qış mövsümündə Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana fəaliyyət göstərəcək. Mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə 62 yaşayış binasında 2 min 947 mənzil və 5 inzibati bina, fərdi qazanxanalar vasitəsilə 111 yaşayış binasında 4 min 687 mənzil və 26 inzibati bina istiliklə təmin olunacaq. Ümumilikdə, bu qış mövsümündə 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana vasitəsilə 173 yaşayış binası, eləcə də 7 min 634 mənzil, 31 inzibati bina istiliklə təmin ediləcək.
Bildirilib ki, qarşıdan gələn payız-qış mövsümündə təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fasiləsiz fəaliyyətini təmin etmək də əsas vəzifələrdən biridir. Bu mövsümdə Naxçıvan şəhərində 15 məktəb, 9 uşaq bağçası fərdi, 1 uşaq bağçası mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq. Yenidənqurma işləri davam etdirilən 3 və 13 nömrəli tam orta məktəb binaları payız-qış mövsümündə fərdi qazanxana vasitəsilə istiliklə təmin ediləcək. Yeni mövsümdə qazın verilişində fasilələrin yaranması ehtimalı nəzərə alınaraq mərkəzləşdirilmiş qazanxanaların mazutla, fərdi qazanxanaların isə dizel yanacağı ilə işləməsi üçün yanacaq və avadanlıq təminatı yüksək səviyyədədir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə də bir sıra işlər görülüb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vuraraq bildirib ki, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi, qarşıya çıxacaq problemlərin operativ surətdə aradan qaldırılması günün tələbidir və şəhər infrastrukturunun fəaliyyəti ilə əlaqədar olan hər bir təşkilat bu işdə məsuliyyət daşıdığını unutmamalı, işdə buraxılan nöqsanlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Bu sahədə ötən illərin təcrübəsinə əsaslanaraq demək olar ki, növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri də yüksək səviyyədə icra olunacaq.
Xəbərlər şöbəsi