25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1991-ci il sen­tyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 25-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycanda dövlət quruculuğunun Naxçıvan mərhələsi” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli açıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Azərbaycanın qurtuluş tarixi Naxçıvandan başladı” mövzusunda çıxış edib. Bildirib ki, 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana qayıdan ulu öndər sen­tyabrın 30-da keçirilən seçkilərdə Azərbaycan və Naxçıvan parlament­lərinə deputat seçilib, məhz Onun sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında mühüm tarixi qərarlar qəbul edilib. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi 1991-1993-cü illər isə yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın çoxminillik dövlətçilik tarixində mühüm mərhələ oldu.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva “Müasir Naxçıvan ulu öndər Heydər Əliyev siyasətinin əsəridir” mövzusunda çıxışında bildirib ki, XX əsrdə, əsasən, aqrar region kimi tanınan Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində intensiv şəkildə sənayeləşən bölgəyə çevrilib. Bu gün muxtar respublikada dağ-mədən, yeyinti, yüngül, metallurgiya, maşınqayırma, tikinti, mebel və digər sənaye sahələri uğurla inkişaf etməkdədir. Hazırda muxtar respublika müəssisələrində istehsal olunan məhsulların növü 361-ə çatıb və 343 növdə məhsula оlan tələbat tamamilə yеrli istеhsal hеsabına ödənilir. Muxtar respublikanın ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib. Naxçıvan mühüm turizm mərkəzlərindən birinə çevrilməkdədir. Bütün bu nailiyyətlərə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin davam etdirilməsi sayəsində nail olunub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov “Ümummilli lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edib. Yeni Azərbaycan Partiyasının XX əsrin 90-cı illərinin əvvəllərində ölkə­mizdə cərəyan edən mürəkkəb ictimai-siyasi şəraitdə siyasi səhnəyə qədəm qoyduğunu qeyd edən Anar İbrahimov deyib ki, müstəqillik ərəfəsində və istiqlaliyyətin ilk illərində cəmiyyətdəki total xaosun səbəb olduğu vətəndaş itaətsizliyi, xüsusən keçmiş SSRİ-nin tənəzzülü prosesində Azərbaycana “miras” qoyulmuş ağrılı ərazi bütövlüyü problemi dövlət müstəqilliyimizin ilk illərinin səciyyəvi cəhətləri idi. Belə bir həll­edici şəraitdə Azərbaycan cəmiyyətində xalqımızın yekdil inamını qazanaraq ölkəni düşdüyü dərin siyasi böhrandan, fəlakət həddinə çatmış sosial-iqtisadi geriləmədən, uğursuz xarici siyasətin nəticəsi olan beynəlxalq aləmdəki təklənmədən xilas edəcək yeni, ümummilli siyasi qüvvənin yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevin rəhbərliyində yaranacağı labüd idi. Bu baxımdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi. 1992-ci il noyabrın 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin ayrı-ayrı bölgələrindən cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransı keçirilib.
Yeni Azərbaycan Partiyasının yaranması ulu öndərin 90-cı illərin əvvəllərində Naxçıvanda həyata keçirdiyi rəhbərlik fəaliyyəti ilə Azərbaycanı düçar olduğu ağır vəziyyətdən xilas etmək qüdrətinə malik yeganə siyasi lider olduğunu nümayiş etdirirdi. Partiya öz dahi liderinin rəhbərliyi ilə tezliklə müxalifət partiyasından iqtidar partiyasına çevrilib və 1993-cü ilin 15 iyunundan başlanan Milli Qurtuluş yolu ilə irəliləyərək Azərbaycanda müstəqil dövlətçiliyin qurulmasında ümummilli liderimizin əsas siyasi dayağına çevrilib.
Vurğulanıb ki, hazırda 670 mindən çox üzvü olan ölkənin bu nəhəng partiyasının ən mübariz təşkilatlarından biri də 8 rayon və şəhər təşkilatını, 501 ərazi ilk partiya təşkilatını əhatə edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatıdır. Bu gün onun sıralarında cəmləşən partiya üzvlərinin əsas hissəsini təşkil edən gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilib. 1992-ci ildə, partiyanın yarandığı ilk günlərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı öz ətrafında 1118 nəfəri birləşdirirdisə, hazırda muxtar respublikada partiya üzvlərinin sayı 51 min 908 nəfərdir ki, bu da muxtar respublikanın siyasi fəal əhalisinin, təxminən, 20 faizi deməkdir.
Anar İbrahimov Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyətə başlamasını ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsinin ən mühüm hadisələrindən biri adlandıraraq qeyd edib ki, əgər 1993-cü ilin 15 iyun tarixi ümummilli liderimizin ölkəmizin xilası naminə Milli Qurtuluş tarixinin başlanğıcıdırsa, 1991-ci ilin 3 sentyabr tarixi də ulu öndər Heydər Əliyevin Naxçıvanın xilası naminə çətin və şərəfli yolun başlandığı gündür.
Konfransa Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli yekun vurub.
Konfrans iştirakçıları tədbirin sonunda “Ulu torpaq, ulu öndər” filminə və Heydər Əliyev Muzeyinin ekspozisiyasına baxıblar.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR