25 Dekabr 2024, Çərşənbə

Bəzən bir insanla bir ölkəni, bir şəhəri və kəndi tanıyırsan, o yurd haqqında səndə müəyyən təəssüratlar yaranır. Məndə də illər öncə bir tələbə yoldaşımın timsalında Ordubad haqqında gözəl təəssüratlar, xoş hisslər yaranmışdı.  Nəhayət, bu bölgə ilə yaxından tanış olmaq imkanı qazandım. Rayon mərkəzinə gedərkən yolboyu salınmış yaşıllıq zolaqları ordubadlıların həm də təbiət vurğunu olduqlarından soraq verir, gördüyüm mənzərələr məndə xoş ovqat yaradırdı.

…Ordubad şəhərinin mərkəzindəyəm. Doymuram ətrafa baxmaqdan. Qədimliyini qoruyan, müasirləşən şəhəri daha yaxından görmək üçün küçələri ilə addımlayıram. Küçələr şaxələnərək şəhərin kənarlarına uzanıb gedir, bəziləri dağa, yaxud Dübəndi çayına birləşir. Bu küçələr həm də bir-biri ilə əlaqəli olaraq mərkəzdə “Came” məscidinə və ətrafdakı küçələrə qovuşur. Şəhəri gəzdikcə bir səyyahın yazdıqları yada düşür: “Ordubad kiçik şəhərlər içərisində Avropada birinci, dünyada isə ikinci yaşayış məskənidir ki, buraya qonaq gələn nabələd adam da azıb qalmaz... qədimtipli çiy kərpicdən tikilmiş evləri olan bu kiçik şəhərə gələn hər bir kəs hara keçib getsə də, yenə gəlib mərkəzi küçədə görüşəcəkdir”.

Naxçıvan-Bakı marşrut avtobusu ilə ölkəmizin paytaxtına gedəndə Araz çayı sahili ilə uzanan Ordubadı seyr edənlər heyranlıqlarını bildirirlər. Sonra rastlaşdıqları – Ordubadla həmsərhəd olan, gözdağına çevrilmiş yurd yerlərimizdən acı təəssüf hissi keçirdiklərini də xatırlayıram. Düşünürəm ki, o insan nəfəsinə həsrət evlər bax, Ordubadda da ola bilərdi. Axı ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikamızın digər bölgələri kimi, Ordubad da düşmən həmləsinə məruz qalmışdı. Burda “Soyuq” adlanan sərhəd bölgəmizdə az döyüşlər getmədi. Amma
Yol gedir Ordubada,
Salmasdan Ordubada.
Sərkərdə igid olsa,
Heç verməz ordu bada, –
deyimindəki kimi, məhz müdrik sərkərdənin sayəsində – ulu öndərin Naxçıvana gəlməsi ilə bugünkü Ordubad, ümummilli liderin “Azərbaycanın incisi” adlandırdığı qədim yurd yerimiz yaşadı, bugünkü inkişafa qovuşdu.
Dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılan Ordubadın şairanə aşırımlı qayaları, qoca çinarları, möhtəşəm dağları buraya yolu düşən hər kəsi heyrətləndirir. Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlayıb. Meyvə bağları, uzunömürlü çinar ağacları, ötən əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgilərdə 13 dəfə qızıl medal alan ipəyi ilə məşhur olub Ordubad. Yuxarıda bəhs etdiyimiz dövrdə yüz hektarlarla meyvə bağlarının kökünə balta vuruldu. Bu gün isə yurdsevər ordubadlılar meyvəçiliyin şöhrətini özünə qaytarmaqdadırlar.
Ordubad bu gün əsl inkişaf yolundadır. Şəhərdə inşa olunan yeni binalar, kənd yaşayış məntəqələrində aparılmış kompleks quruculuq işləri, müasir tələblər səviyyəsində salınmış yollar, körpülər, suvarma, içməli su təminatının yaxşılaşdırılması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər Ordubadı müasir rayona çevirib. Bu işlər cari ilin ilk yeddi ayında da davam etdirilib.
Bəhs olunan dövrdə Ordubad dəmiryol vağzalının yeni binasının, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfra­struktur İdarəsinin Ordubad Yol Sahəsinin inzibati binasının tikintisi aparılıb. Ordubad şəhərində yaradılacaq “Naxçıvanbank”ın filialı üçün binada, M.F.Axundov küçəsində 36 mənzilli yaşayış binasında əsaslı təmir işləri, onların ətraflarında və Heydər Əliyev prospektində abadlıq işləri hazırda davam etdirilir. Həmçinin Baş Dizə kəndində 156 şagird yerlik yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa edilir, kənddaxili yollar təmir olunur, kommunikasiya xətləri yenilənir, Ordubad şəhərində içməli su və kanalizasiya sisteminin çəkilməsi işləri aparılır.
Ekoloji tarazlığın qorunması bu gün bütün dünyanı düşündürən məsələdir və Ordubad rayonunda da bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir. Bu ilin ilk yeddi ayında Naxçıvan-Ordubad magistral yolunun kənarında, Dəstə və Aşağı Əylis kəndləri ərazisində 11,5 hektar sahədə yeni meyvə bağının salınması, 5 hektar sahədə meşə-bərpa işlərinin aparılması, yaz mövsümündə iməcilik yolu ilə 7600 ədəd meyvə, 2550 ədəd meşə tingi, 8900 ədəd gül kolu, 25 ədəd həmişəyaşıl ağac olmaqla, 19075 ədəd ting əkilməsi, Naxçıvan-Ordubad magistral yolunun Əylis kəndi ərazisində “Əylis düzü” deyilən sahədə 30 hektar meyvə bağına damcı üsulu ilə su çəkilməsi, park və xiyabanların yaşıllıq zolaqlarının sahələrinin səliqə-sahmanda saxlanılması ordubadlıların vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirmələrinin bariz nümunəsidir.
Rayon əhalisinin əksəriyyəti kənd yerlərində yaşadığından aqrar sahənin inkişafı üçün dövlət tərəfindən torpaq mülkiyyətçilərinə böyük qayğı göstərilir. Ordubadlılar cari ildə 1949 hektar sahədə taxıl əkini aparıb və sahələrdən 5290 ton məhsul yığıblar. Həmçinin 575 hektar sahədə kartof əkən təsərrüfatçılar hər hektardan 146,9 sentner məhsul toplayıblar. Torpaq mülkiyyətçiləri 673 hektar sahədə tərəvəz, 41 hektarda isə bostan bitkiləri əkərək sahələrdən 2705 ton tərəvəz, 254 ton bostan məhsulu tədarük ediblər.
Kənd adamları heyvandarlığın inkişafına da öz töhfələrini verirlər. Heyvandarlar 10520 baş iribuynuzlu, 85806 baş xırdabuynuzlu və 113860 baş quş bəsləməklə, sözügedən aylarda diri çəkidə 1188,8 ton ət, 4119 ton süd, 8995,3 min ədəd yumurta, 86,2 ton yun istehsal ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı 47,9 faiz, yun istehsalı 2,5 faiz artıb.
Kənd təsərrüfatının inkişafından bəhs edəndə meliorasiya-irriqasiya tədbirlərini də unutmaq olmaz. Axı əkin sahələrinin gülüstana çevrilməsi, bol məhsul götürülməsi bilavasitə su təminatından asılıdır. İlin ötən aylarında bu sahədə də məqsədyönlü işlər görülüb. Belə ki, Qaya yurdunda 4,5 kilometr uzunluğunda olan qədim “Zəvvar arxı”nın bərpası əkinçilərə yaxşı töhfə olub, Ordubad çayının suyunun artırılması və həmin suyun bir hissəsinin Nüsnüs kəndindən dağların ətəyi ilə 3,4 kilometr uzunluğunda yeni çəkilən kanala ötürülməsi Aşağı Əylis kəndində istifadəsiz qalmış 150 hektardan çox torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına şərait yaradıb. Dəstə, Düylün, Parağa kəndləri üçün kaptaj tikilib, Ordubad şəhəri, Aza və Düylün kənd­lərində kaptajlar təmir edilib, Aza, Dəstə, Xanağa və Vənənd kənd­lərində subartezian quyularının təmiri başa çatdırılıb.
Danılmaz faktdır ki, hər bir ölkənin inkişafı, ilk növbədə, onun təhsilindən asılıdır. Bu mənada, qədim diyarın ziyalıları da çalışırlar ki, bugünkü gənclər Ordubadın məşhur elm adamlarının yolunu davam etdirsinlər. Bu il orta məktəbləri 328 nəfər bitirib, onlardan 251 nəfəri ali məktəblərə sənəd verib və 167 məzun ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul imtahanlarında 45 nəfər 500-700, 13 nəfər 600-700 intervalında bal toplayıb.
Muxtar respublikada mədəniyyətə göstərilən qayğı bu qədim yurdun 1 rayon, 14 kənd mədəniyyət evi, 13 kənd klubu, 5 muzey, 1 mərkəzləşdirilmiş kitabxana sistemi və onun 35 kənd filialı, 1 uşaq kitabxanası, 2 uşaq musiqi məktəbindən də yan keçməyib, Ordubad şəhərində fəaliyyət göstərən muzeylər hər cür şəraiti olan binalarda yerləşdirilib. Ötən yeddi ay ərzində bu muzeylərdə 6 min nəfərdən çox xarici turist olub. Və onlar xoş təəssüratla geri dönüblər.
Ordubadda sakinlərin məşğulluğu da diqqətdə saxlanılıb, ilin yeddi ayında rayonda 174 yeni iş yeri açılıb ki, bunun 170-i daimi iş yerləridir.
Bəli, bu gün tarixi yurd yerimiz Ordubad sürətlə inkişaf edir. Ordubadlılar dövlətimizin dəstəyi ilə qurub-yaradır, qurulanların qorunub saxlanılmasını, gələcək nəsillərə olduğu kimi çatdırılmasını öz vəzifələri sayır, ölkədə, muxtar respublikada gedən inkişaf, tərəqqi prosesində fəallıq göstərirlər. Bunu rayon mərkəzində olduğumuz bir-iki saat ərzində də gördük.
Artıq sağollaşıb yola düşmək vaxtıdır. Mərkəzi meydana qədd-qamətli xan çinarların sərin kölgə saldığı küçədə adamlar axın-axın axşam gəzintisinə çıxıblar.

Ordubadlılara, onların yaşadığı nurlu şəhərə baxıb bir şairin dediyi:
Ordubadı nə deyim, vəsfi-gülüstana dəyər,
Bir əcəb guşədir ki, cənnəti-rizvanə dəyər, –
sözlərini xatırlayıram. Düşünürəm ki, bu qədim yurd yerinin bu günü daha böyük əsərlərdə tərənnüm olunmağa layiqdir.

Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR