İnsan yaradılmışların ən alisidir. Yer üzündə Ulu Tanrının qüdrətindən yaranmış bütün maddi nemətlər də onun üçündür. Bəhrəsini torpaqdan alan insanın həyatının mənası isə onun xoşbəxtliyində, özündən başqa digərləri üçün də faydalı olmasındadır. Bu mənada, Yer üzündəki canlıların yaşaya bilməsi üçün hökm edilmiş yaşıllıqlara qulluq edilməsi və yeni yaşıllıqların salınması insana məxsus ən qədim şüurlu fəaliyyət növü olub, bu gün də aqil insanları düşündürən əsas məsələlərdəndir.
Ağac əkib böyütmək səbir və səriştə tələb edir. Ağaclara, yaşıllığa qarşı laqeyd olmayan hər kəs bilir ki, bir ağacın ərsəyə gətirilməsi, ona qulluq nə qədər diqqət tələb edir. Ancaq düşünürəm ki, bu həm də bir inanc işidir. Çünki xalq arasında min illərdən gələn bir inam var ki, məhz yaşıllıqlar içərisində ömür sürənlər təkcə uzunömürlü deyil, həm də səbirli, ətrafındakılarla dost və mehriban insanlardır. Bəlkə, hamının sevdiyi yaşıl rəngin bir qadağa simvolu olmaması da buradan yaranan bir məntiqdir? Amma, hər halda, nə qədər sirlərlə dolu olsa da, kökləri torpağın dərin qatlarına işləmiş, qol-budaqları ilə onu yaradana doğru boy atmış hər bir ağac Yer üzündə canlı həyatın bəzəyi, insanın ilham qaynağıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”də ağacla əlaqəli ayələrdə də bu təbiət möcüzəsinin gözəl bir İlahi hədiyyəsi olduğu göstərilir. Bu mənada, “İbrahim” surəsinin 24-cü ayəsindəki “Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir” sözlər yaşıllıqların gözəlliyini görə bilmək, ağacların, əslində, dilsiz-ağızsız, köməksiz bir canlı deyil, bəlkə də, insana ən yaxın bir sirdaş olduğunu bir daha göstərən İlahi kəlmədir. Doğrudan da, cəmiyyətdə gözəl söz kimi insanın ehtiyacı olduğu başqa bir mənəvi qida yoxdur.
Ağaclar bizə nə verir? Onların insan həyatı üçün əhəmiyyəti nədir? Şübhəsiz, insanın istehsal-təsərrüfat fəaliyyəti ilə bərabər, sırf ekoloji əhəmiyyəti baxımından ağacların bizə nə verdiyi haqda danışmaqla bitməz. Amma bəzən geniş bir yaşıllıq qədər çox deyil, yayın qızmarında ikicə nəfərin kölgəsinə sığınıb rahatlana biləcəyi bircə ağacı necə arzuladığımızı yada saldığımızda, onların, əslində, təmənnasız bir dost olduğunu görürük. Görürük ki, ağaclar öz təbiəti etibarilə ən zərərsiz canlı, insana yüz faiz itaət edən, lazım gəldiyində heç bir yerə getmədən onun gəlişini aylar, illərlə səbirlə gözləyən vəfalı yoldaşdırlar. Ona görə də hələ məktəb illərindən uşaqlara öyrədilən “ağacları qoruyun, onları sevin” məsləhətlərinə həyatın sonrakı illərində böyüyüb, kamil düşüncə sahibi olacaq hər bir insana dünyanın sirlərini, onun yaranışını başa düşməyə kömək edən açar sözlər kimi yanaşmaq lazımdır.
Ağaclar da insan kimidir. Fəlsəfi-sosioloji baxımdan yanaşdıqda, yüz minlərlə hektar sahədə bir-birinə sarınmış meşə ağaclarını və ya hardasa kəskin iqlimə və sərt küləklərə qarşı köməksiz qalan bir ağacı gördükdə güzgünün o biri tərəfi kimi cəmiyyətin real mənzərəsi göz önündə canlanır. Fikirləşirsən ki, doğrudanmı cəmiyyətdə milyonlarla insanın bir arada yaşaya bilməsi və ya kiminsə bu cəmiyyətdən ayrı düşüb təkbaşına iztirab çəkməsi Allahın qismətidir? Bəlkə, o tək ağacın da bir günahı var, bağışlanmasını gözləyir? Bəlkə, onun da sevgiyə, şəfqətə ehtiyacı var? Amma o heç danışa, dərdini deyə bilmirsə, bunu görüb hiss edən, bəzən kömək əlini uzadan, bəzən də etinasız yanaşanın yalnızca insan olduğunu hamılıqca bilirik.
Planetdə milyardlarla insan vardırsa, bəlkə, o qədər sayda da ağac vardır. Ömründə heç olmasa bircə dənə ağac əkib ərsəyə gətirmiş hər kəs ən azından onun üzərinə düşən vəzifələrdən birini yerinə yetirmiş kimi dünyasını rahat dəyişəcək, haqqa qovuşacaq. Çünki ağac əkib, ona qulluq etmək də Allah yolunda bir ibadət, ən savab əməllərdəndir.
Ağac sevdası bir yurd sevgisidir. Dədə-babadan özünə yurd-yuva salan hər bir kəs həyətinin ölçüsünə görə heç olmasa bir neçə ağac əkər, ona övladı qədər qulluq edər. Əkər ki, uşaqlar meyvəsindən yesin, kölgəsində oynasınlar. Bilir ki, bu dünyadan köçdüyündə özü ilə aparmayacağı bu ağaclara görə hamı ona rəhmət oxuyacaq. Təkcə bunu qazanmaq ona bəsdir. Çoxları özündən sonra hamının onu xatırlamasını istəyir. Yol çəkməyi, körpü salmağı, su çəkdirməyi, kiməsə əl tutmağı, ad çıxarmağı arzulayır. Nəsə etməyə çalışır. Hərənin bir qisməti var. Hamı uzun illər xatırlanacaq bir əsər, yaxud sevilərək oxunacaq bir kitab müəllifi olmaya da bilər. Amma sən demə, sadəcə, bir bağban olmaq kifayətdir ki, onun haqqında nəvə, nəticə və kötücələri uzun illər sonra danışsınlar. Budur əbədiyyət! İndi bildim ki, uşaqkən müdrik bağbanlar, onların xeyirxah əməlləri haqqındakı nağıllar niyə belə şirin gələrdi. Amma indi görürük ki, bu xeyirxah əməl sahiblərinin işləri, sadəcə, yuxugətirən bir qış nağılı deyilmiş. Bu işlər zəhmət tələb edən, səhərin sübhündə hamıdan erkən qalxıb ağaclarına su vermək üçün tələsən səksən yaşlı babanın cəfası qədər inadlı bir iş imiş.
Dünyada dağlar, düzənliklər qədər yaşıllıqlar da qeyri-bərabər paylanıb. Bizdə də belədir. Məsləhətinə şükür. Amma Uca Yaradan insana bir ağac əkməsi, boya-başa çatdırması üçün ağıl və dərrakə, kifayət qədər ömür bəxş edib. Buna da min şükür. Bir qalır, oturub düşünmək. Düşünməliyik ki, biz bu torpaqda nəfəs alıb yaşayırıqsa, burada xoşbəxtiksə, övlad, yurd-yuva sahibiyiksə, yaşadığımız torpağa sahib çıxmalı, onu gözəlləşdirməliyik. Bunun üçün ağlımızı, gücümüzü sərf edib Vətənimizin hər yerini cənnət etməyə çalışmalıyıq. Qoy təkcə indi deyil, yüz ildən sonra da bu torpaqda yaşayacaq insanlar xatırlayıb desinlər ki, bir zamanlar bu bağların, bu yaşıllıq zolaqlarının yerində quru çöllər var idi. Yaşıllıqsız, susuz səhrada yaşayanların təbiət sevgisi olmadığı kimi, insana sevgisi də az, tam əksinə, aqressiyası daha çox olur, – deyirlər. Odur ki, bu gün əkilmiş milyonlarla ağaca qulluq edən naxçıvanlılar təkcə torpaqda suyu saxlayıb sərt iqlimi yumşaldan və yurdumuzu gözəlləşdirən ağaclara qulluq etmirlər. Əgər bu gün bu torpaqda hamı bir-birini səbirlə dinləyirsə, hamı öz işində, ticarətində dürüstlük, əməlində vicdanlı olmaq nümunəsi göstərirsə və burada uşaqdan böyüyə hər kəsin ürəyində Vətənə sevgi hissləri qaynayırsa, bu, bəlkə də, kimsənin ağlına gəlmədiyi sirli bir qüvvənin bizə töhfəsidir. Amma bu, sehr deyil, gerçəkdir. Biz bunu bütün cəmiyyətcə qazanmışıq və bununla da fəxr edirik. Bu gün yaşadığımız coğrafiyada, yaxın xaricdə müxtəlif təhlükələrin baş alıb getdiyi, radikal qüvvələrin, sözün əsl mənasında, insan qanına susadığı bir dövrdə Naxçıvanda formalaşmış bu ali dəyərlərin sirri isə hələ uzun illər sonra hamının maraqla qulaq asacağı təbiətə, yaşıllıqlara qayğı hekayəsindədir. Çünki yaşıllığa qayğı həm də insana qayğıdır.
Əli Cabbarov