XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. “Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri Azərbaycan kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar.
Ermənilər, ilk növbədə, azlıq təşkil etdikləri və strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında sayca üstünlüyə malik olmaq istəyirdilər. Daha sonra isə Qarabağda qırğınlar törədərək həmin əraziləri ələ keçirmək və nəticədə, İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarının ərazisində erməni dövlətinin əsasını qoymaq istəyirdilər. 1905-1906-cı illərdə törədilən bütün qırğınların mahiyyətində məhz bu amil dayanırdı.
1905-1906-cı illərdə İrəvan quberniyasında baş verən qırğınlar həmin dövrün mətbuatında və o dövrün müəlliflərinin əsərlərində geniş şəkildə işıqlandırılmışdır. M.S.Ordubadi 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi) kitabında erməni silahlı dəstələrinin 1905-ci ildə Naxçıvan və İrəvan qəzalarında törətdikləri qırğınların miqyasını oxuculara ətraflı təqdim edir. Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı altında çap edilən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsərində erməni qmdatxanalarının (terror təşkilatlarının) muzdlu qatillərinin əli ilə neçə-neçə günahsız insanların, o cümlədən rusların və ermənilərin də ölümünə bais olduğunu yazır.
XX əsrin əvvəlində Naxçıvan qəzasında mövcud olan 170 kənddən 130-da azərbaycanlılar, 40-da isə tarixən bu ərazilərə yerləşdirilmiş ermənilər yaşayırdılar. Şərur-Dərələyəz qəzasına gəldikdə isə həmin vaxt qəzada 163 kənd mövcud olmuşdur ki, onlardan 109-u Dərələyəz nahiyəsində, 54-ü isə Şərur nahiyəsində olmuşdur. Şərur nahiyəsində yalnız 6 kənddə, Dərələyəz nahiyəsində isə 23 kənddə ermənilər yaşayırdı. Şərur-Dərələyəz qəzasının 76 min nəfər əhalisinin 55 min nəfərini azərbaycanlılar, 21 min nəfərini ermənilər təşkil edirdi.
Əslində, Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə ermənilər əvvəlcə Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən, İran və Türkiyədən, daha sonra isə 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilmişdilər.
M.S.Ordubadi Naxçıvan hadisələrini şərh edərkən yerli hakimiyyətin, xüsusilə də qəza polis rəisi kapitan Angilin (Aksel Enkel nəzərdə tutulur – N.M.) qırğınlara laqeyd qaldığını vurğulayır.
Naxçıvanda qırğınların başlanması barədə “Novoe Obozrenie” qəzetinə istinadən “Kaspi” qəzeti yazırdı: “…son günlər Naxçıvan şəhərində və onun yaxınlığındakı kəndlərdə nə isə qeyri-adi hadisələr baş verir. Əvvəlcə ermənilərlə tatarlar arasında hiss olunan gərginlik sonradan düşmənçiliyə çevrildi və tək-tək ölümlə nəticələndi. Nəhayət, mayın 10-da və sonra 11-də gündüz və gecələr bu münasibətlər daha kəskin forma aldı. Ayın 12-də gündüz şəhərdə, onun bütün küçələrində tüfəng və tapançalardan atəş yayılmağa başladı. Axşama yaxın ölən və yaralananların sayı onlarla idi. Ayın 13-nə keçən gecə çox ağır oldu. Şəhərin küçələrində və ayrı-ayrı hissələrində şiddətli mübarizə ilə yanaşı, yanğınlar başlandı. Evlər və köşklər yandı…”
“Kavkaz” qəzeti isə mayın 12-də Naxçıvandan vurulan teleqram əsasında yazmışdı ki, öldürülən, yandırılan və yaralananların sayı 100-ü ötmüşdür. Qəzet qarışıqlığın ətraf kəndlərə də yayıldığını xəbər verirdi.
Naxçıvanda qırğınların başlanması haqqında xəbər alan Voronsov-Daşkovun köməkçisi Sultan Krım-Girey (Gəray) Cəfərqulu xan Naxçıvanskiyə teleqram göndərmişdi ki, zorakılıqların və qan tökülməsinin qarşısını alsın. Cəfərqulu xan Naxçıvanski isə cavab teleqramında bildirmişdi ki, İrəvandan əlavə batalyon gələnədək barışığa nail olmaq çətin ki mümkün olsun. “Kaspi” qəzeti “Kavkaz” qəzetinə istinadən xəbər verirdi ki, mayın 14-dən 15-nə keçən gecə qoşunların Naxçıvana gəlməsindən sonra şəhərdə sakitlik bərqərar olsa da, vəziyyət ciddidir. Daha sonra qəzet Tumbul kəndinin yandırıldığını, 40 nəfərin həlak olduğunu yazırdı.
Mayın 15-də Qafqazın şeyxülislamı Abdussalam Axundzadə Naxçıvana gedir. O, İrəvan, Şərur və Naxçıvan qazıları, İrəvan arximandriti Karapetlə və Cəfərqulu xanla birlikdə Qaraxanbəyli, Tumbul, Qoşadizə və Şıxmahmud kəndlərinə baş çəkir. Ermənilər Naxçıvan qəzasında müsəlmanlardan layiqli cavab aldıqdan sonra qınlarına çəkilmiş, qırğınların mərkəzini Şərur-Dərələyəz və İrəvan qəzalarına keçirməyə cəhd etmişdilər.
Qafqaz Canişinliyindən sakitliyi bərqərar etmək üçün Naxçıvan qəzasına ezam edilən general Maqsud Əlixanov-Avarski Naxçıvandan Sultan Krım-Gireyə göndərdiyi teleqramda bildirirdi ki, yolüstü müsəlman və erməni kəndlərini sakitləşdirirdim. Şərur-Dərələyəzin dağlıq hissəsində və Ordubad məntəqəsində isə vəziyyət gərgindir.
Ermənilər növbəti qırğınları Dərələyəz mahalında törətmişdilər. İlk qırğınlar azərbaycanlıların ermənilərlə qarışıq yaşadıqları kəndlərdə – Qndevaz və Herher kəndlərində törədilmişdi. Mayın 12-dən iyulun 10-dək Dərələyəzdə milli zəmində toqquşmalar qısa fasilələrlə davam etmişdir. Oktyabrın 27-də ətraf erməni kəndlərindən cəmləşən silahlı dəstələr azərbaycanlılar yaşayan Hors kəndinə hücum etmişlər. Türklər müqavimət göstərərək 40 nəfər itki vermişlər. Ermənilər əvvəlcə kəndi talan etmiş, sonra isə bütün evlərə od vuraraq yandırmışdılar.
Gürcüstan Mərkəzi Tarix Arxivində saxlanılan “Ermənilər və müsəlmanlar arasında silahlı toqquşmalar haqqında canişinə hesabat məruzəsi” adlı sənəddə 1905-ci ilin oktyabr ayının sonlarında Dərələyəzdəki Azərbaycan kəndlərinin ermənilər tərəfindən yandırılıb talan olunduğu, dinc əhalinin isə kütləvi şəkildə qətl edildiyi qeyd edilir. Sənəddən məlum olur ki, 1905-ci il oktyabrın 27-də Şərur-Dərələyəz qəzasının 6 erməni kəndindən 700-ə yaxın silahlı erməni Hors kəndinə hücum etmişlər. Sənəddə 53 azərbaycanlının öldürüldüyü və 255 evin yandırıldığı, mal-qaranın oğurlanıb aparıldığı qeyd olunur. Horsdakı hadisələrlə əlaqədar İrəvan və Yeni-Bəyazid qəzasının müsəlmanlarını həyəcan dalğası bürüdüyü də sənəddə öz əksini tapmışdır.
Təqribən, bir ay sürən nisbi sakitlikdən sonra 1905-ci il noyabrın 26-30-da ermənilər yenidən Naxçıvanda iğtişaşlar törətmişlər. Bu barədə M.S.Ordubadi “Qanlı illər” əsərində yığcam da olsa, məlumat vermişdir. Noyabrın 30-da ermənilər və kazaklar əlbir olaraq Cəhri kəndini yandırmış və talan etmişdilər.
M.S.Ordubadinin “Angil” adlandırdığı Naxçıvan qəza rəisi kapitan Aksel Enkel 1905-ci ildə baş verən erməni-müsəlman davasında təxribatçılıqla məşğul olduğuna, günün günorta çağı öz gözətçilərinin köməyi ilə müsəlman kəndlərini qarət etdiyinə görə 1906-cı ilin dekabrında “Difai” partiyasının üzvləri tərəfindən qətlə yetirilmişdi.
Naxçıvan qəzasında yerli əhalinin mütəşəkkilliyi, özünümüdafiə dəstələrinin mütəşəkkil erməni silahlı dəstələrinə qarşı ciddi müqavimət göstərmələri ermənilərin yeni-yeni əraziləri ələ keçirmək planlarını alt-üst etmişdi. Ona görə də Naxçıvan qəzasında ermənilər uzun müddət qınlarına çəkilərək silahlı hücumlara son qoymuşdular.
1906-cı ilin avqust-sentyabr aylarında erməni silahlı dəstələri qırğınların ağırlıq mərkəzini Zəngəzurun Oxçu-Şəbədək bölgəsinə keçirdikləri zaman qırğınlara son qoyulması üçün Ordubad nahiyəsində yaradılan könüllü dəstələr hərəkətə keçmişdilər. 800 nəfərə yaxın ordubadlı könüllülərinin və 1000 nəfərə yaxın Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16- 17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilmişdi. Bundan sonra sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanmışdı.
Fakt odur ki, 1905-1906-cı illərdə erməni kilsəsinin və erməni siyasi partiyalarının maliyyələşdirdikləri silahlı dəstələrin Naxçıvan qəzasında silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməklə yeni erməni anklavı yaratmaq cəhdləri yerli əhalinin ciddi müqaviməti nəticəsində baş tutmamışdır.
Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 300-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qoyulmuşdur.
Ermənilərin İrəvan quberniyası ərazisində, o cümlədən də Naxçıvan və Şərur-Dərələyəz qəzalarında 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XIX-XX əsrlərdə xalqımızın məruz qaldığı soyqırımı və deportasiyalar silsiləsinin bir mərhələsidir.
Nazim Mustafa
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi,
yknews.az informasiya saytı,
4 sentyabr 2016-cı il