Bu münasibətlə keçirilən müşavirəni Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də bir sıra tapşırıqlar verilib.
Qeyd olunub ki, nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsi, Meşə Təsərrüfatı İdarəsi, Meşəsalma və Meşə Tingçiliyi Müəssisəsi tərəfindən 2016-cı ilin payız mövsümündə həyata keçiriləcək əkin və əkin-bərpa, yaşıllaşdırma və yeni meyvə bağlarının salınması işlərinin mütəşəkkil keçirilməsi üçün sentyabr və oktyabr aylarında əkin aparılacaq ərazilərin sxem-planları hazırlanmalı, ting ehtiyatı yaradılmalı, torpaq hazırlığı işləri aparılmalıdır. Xüsusilə dağlıq və meşə fondu ərazilərində toxumla əkin işlərinin aparılmasına üstünlük veriləcəkdir. Dövlət meşə fondu ərazilərində qurumuş ağacların təmizlənməsi və hərbi hissələrə verilməsi işi davam etdiriləcəkdir. Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsi, Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi, xüsusi mühafizə statuslu idarələr və balıq mühafizə stansiyası tərəfindən brakonyerliyə, qanunsuz ov edilməsinə qarşı ciddi mübarizə aparılacaq, yoxlama-reydlər, maarifləndirici tədbirlər davam etdiriləcəkdir. Bitki və heyvanat aləminin qorunmasına diqqət daha da artırılacaqdır.
Vurğulanıb ki, muxtar respublika ərazisində qış mövsümü sərt şaxtalarla müşayiət olunur. Bu da iqlim şəraiti haqqında vaxtında və dəqiq məlumatlara tələbatı artırır. Bu sahə ilə əlaqədar dövlət orqanlarının, vətəndaşların hidrometeoroloji, aqrometeoroloji məlumatlarla təmin edilməsi üçün nazirliyin Bioloji mühit və təbii sərvətlərdən istifadənin təşkili şöbəsi və Hidrometeorologiya İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilməli, texniki avadanlıqlarla təchizat yaxşılaşdırılmalıdır.
Qış mövsümündə ərazilərin qarla örtülməsi heyvanat aləminin qida ehtiyatının azalmasına səbəb olur. Ona görə də hər il xüsusi mühafizə olunan təbiət ərazilərində və digər təbiət ərazilərində biotexniki tədbirlər həyata keçirilir, həmin ərazilərə qida məhsulları – buğda, arpa, qaba yem, tərəvəz məhsulları, daşduz və digər qidalar paylanır. Bu ehtiyatların bir qismi nazirliyin təsərrüfat ərazilərindən toplanır və aidiyyəti idarələr tərəfindən tədarük edilir. Nazirliyin Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi və aidiyyəti xüsusi mühafizə statuslu idarələr vaxtında qida ehtiyatının yaradılması üçün tədbirlər görəcək, daşduz ehtiyatı yaradılacaqdır. Bu tədbirlərin yeni salınmış yaşıllıq sahələrində keçirilməsi də diqqətdə saxlanılacaqdır.
Nazirliyin tabeli müəssisələrinin rəhbərləri aid inzibati binalarda, meteoroloji stansiyalarda, gözətçi məntəqələrində qışa hazırlıqla bağlı zəruri tədbirləri həyata keçirəcəklər. Xüsusilə elektrik enerjisi və təbii qazdan istifadə edən müəssisələr israfçılığa yol verməməli, təhlükəsizlik tədbirlərinə diqqət göstərməlidirlər. Mühafizə işçilərinin isti geyimlərlə və digər zəruri avadanlıqlarla təmin edilməsi üçün tədbirlər görüləcəkdir.
Qeyd olunub ki, 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirənin qarşıya qoyduğu vəzifələr rəhbərliyə alınmaqla nazirlik hazırlıq işlərinin vaxtında və yüksək səviyyədə icra olunması üçün bütün imkanlarını səfərbər edərək səylə çalışacaqdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
Səbuhi Həsənov