Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Uşaq Musiqi Məktəbində “Yeniyetmə və gənclərin inkişafında internet və sosial şəbəkələrin rolu” mövzusunda dəyirmi masa keçirilib. Mədəniyyət, təhsil, idarəetmə orqanları nümayəndələrinin iştirak etdiyi tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Gülbuta Babayeva giriş sözü ilə açıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində İKT-nin sürətli inkişafı təmin edilib. Son illər muxtar respublika ərazisində fiber-optik xətlərinin çəkilməsi, kənd yaşayış məntəqələrində yeni nəsil ATS-lərin quraşdırılması internet istifadəçilərinin sayının artmasına da səbəb olub. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidmətləri göstərilir.
Bildirilib ki, uşaq və gənclərin internetin və sosial şəbəkələrin neqativ təsirindən müdafiəsi bu gün bütün dünyanı narahat edən qlobal problemdir. Və hər bir ölkə bu problemi həll etmək üçün yollar axtarır. İnternetin uşaqlar üçün təhlükəsi müasir ticarət dünyasının maraqlarından da asılı vəziyyətə gəlib. Belə ki,uşaqlar bəzi saytlar tərəfindən gələcəyin müştəriləri olaraq görülməkdə, şirkətlər öz satışlarını artırmaq üçün internetdə uşaqlara səslənən reklamlardan istifadə etməkdədir.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Pərvin Həsənov “İnternet; yaranması və cəmiyyətdə tutduğu yer” mövzusunda danışaraq bildirib ki, internetin insan həyatındakı rolu hər keçən gün daha da artmaqdadır. Həyatın elə bir sahəsi, elə bil nöqtəsi yoxdur ki, internet ora nüfuz etməsin. Müasir dövrdə internetin məlumat almaq, məlumat vermək, məlumatları müqayisə etmək, məlumatlardan şəxsi və ya ümumi istifadə etmək, ticarət aparmaq, münasibət qurmaq, fikir mübadiləsi aparmaq, virtual əlaqə yaratmaq və sadalamaqla qurtarmayacaq qədər çox iş görmək potensialına malikdir. Artıq istənilən məlumatlar asanlıqla, ucuz və sürətli şəkildə əldə olunur.
Dəyirmi masada iştirak edənlər internetin, sosial şəbəkələrin uşaqların təhsilinə, təlim-tərbiyəsinə, zehni və fiziki inkişafına təsir yollarından, bu sahənin faydalı və zərərli cəhətlərindən bəhs ediblər.
Əli RZAYEV