Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində də 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Anar Əhmədov bildirib ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısında da bir sıra vəzifələr qoyulub. Bu məqsədlə muxtar respublikada daxili bazarın qorunması, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması, istehsalçılar üçün normal şəraitin yaradılması, soyuducu anbar və istixanalardan səmərəli istifadə etməklə əhalinin tələbatının tam ödənilməsinə nail olunması istiqamətində icra planı hazırlanıb.
Tədbirdə vurğulanıb ki, hazırda muxtar respublikada fəaliyyəti bərpa edilmiş və yeni qurulmuş müəssisələrdə 366 növdə, 1100-dən çox çeşiddə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük olunması diqqətdə saxlanılıb və muxtar respublika ərazisindəki soyuducu anbarlara 27 iyun 2016-cı il tarixdən 29 avqust 2016-cı il tarixədək cəmi 2 min 421 ton kənd təsərrüfatı məhsulu, o cümlədən 2 min 44 ton kartof, 155 ton soğan, 2 ton alma və 220 ton ərik məhsulları tədarük olunub. Soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə anbarlardakı boş qalan kameralar sahibkarlar tərəfindən istehsalçılara icarəyə verilib ki, hazırda bu kameralarda icarə olaraq 582 ton məhsul saxlanılır. 2016-cı ilin ötən dövrü ərzində Şərur rayonunda ümumi tutumu 1000 ton olan 4 soyuducu anbar istifadəyə verilib. Ümumilikdə, muxtar respublika üzrə hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 13730 ton olan 26 soyuducu anbar istifadədədir.
Muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana kompleksləri mühüm əhəmiyyət kəsb edir. Cari ilin ötən dövründə ümumi sahəsi 4400 kvadratmetr olan 2 istixana kompleksi istifadəyə verilib və bununla da, muxtar respublikada istixana komplekslərinin sayı 20 olub ki, onların ümumi sahəsi 126 min kvadratmetrdən artıqdır.
Vurğulanıb ki, soyuducu anbarlara tədarük edilən meyvə-tərəvəz məhsulları və istixanalarda yetişdirilən məhsullar daxili bazarda qiymət sabitliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edir.
Ötən dövrdə muxtar respublikada taxıl tədarükü də diqqət mərkəzində saxlanılıb. Belə ki, 1 yanvar 2016-cı il tarixdən 29 avqust 2016-cı il tarixədək 23 min 622 ton taxıl tədarük olunub. 29 avqust 2016-cı il tarixə anbarlarda 11 min 594 ton taxıl və 460 ton un ehtiyatı yaradılıb. İstehsal olunan buğdanın mərkəzləşdirilmiş qaydada hər kiloqramının 30 qəpikdən satın alınması və muxtar respublikada mövcud olan 27 min ton tutumlu uzunmüddətli, 27 min 680 ton tutumlu qısamüddətli taxıl anbarlarının fəaliyyət göstərməsi taxıl ehtiyatının yaradılmasında mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, payız-qış mövsümündə əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində dövlət maliyyə dəstəyi göstərilmiş 237 heyvandarlıq, 82 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 13 balıqçılıq, 101 arıçılıq, 72 bağçılıq və üzümçülük təsərrüfatı mühüm rol oynayır. Ümumilikdə, cari ilin ötən dövrü ərzində əhalinin istehlak tələbatının yerli istehsal hesabına daha dolğun ödənilməsi məqsədilə 22 istehsal və xidmət sahəsi istifadəyə verilib, 18 istehsal və xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir.
Sonra çıxışlar olub.
Xəbərlər şöbəsi