25 Dekabr 2024, Çərşənbə

Akademik Həsən Əliyevin Azərbaycanda coğrafiya elminin inkişafında, xüsusilə qloballaşmış ekocoğrafi problemlərin həlli sahəsində əvəzsiz tövsiyələri və xidmətləri olmuşdur. Onun elmi-ictimai yaradıcılıq fəaliyyəti olduqca geniş və çoxsahəli olmuşdur. O, görkəmli təbiətşünas və coğrafiyaçı, eyni zamanda böyük torpaqşünas və ekoloq alim kimi tanınırdı. Yarım əsrdən artıq dövrü əhatə edən elmi yaradıcılıq salnaməsində Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq, coğrafiya elmləri yeni elmi-nəzəri və metodoloji yanaşmalarla zənginləşmiş və daha da müasirləşmişdir.
Keçən əsrin 30-cu illərində respublikamızın iqtisadiyyatının özülünün qoyulduğu bir vaxtlarda xüsusilə kənd təsərrüfatının yeniləşməsi, təbii sərvətlərin, o cümlədən torpaq ehtiyatlarının qeydə alınması və onların aqrar potensial imkanlarının öyrənilməsi tələb olunurdu. Torpaqla bağlı həm elmi-nəzəri, həm də təsərrüfat məsələlərinin həlli qarşıya qoyulmuşdu. Həsən Əliyevin torpaqşünas alim kimi ilk fəaliyyətə başlaması bilavasitə bu kimi məsələlərin həlli ilə bağlı olmuşdur. Ona görə onun bir vətəndaş, həm də görkəmli mütəxəssis alim kimi formalaşmasında bu dövrün milli-ictimai problemlərinin həlli mühüm rol oynamışdır.

Azərbaycanda, xüsusilə ətraf mühitin mühafizəsi, təbiətə böyük sosial-iqtisadi ziyan vuran ekocoğrafi və dağıdıcı təbii fəlakətlərə dair problemlərin həlli məsələlərində akademik Həsən Əliyevin elmi-təcrübi təklifləri və tövsiyələri həmişə nəzərə alınmışdır. Çünki o, vətənimizin torpaqlarını qarış-qarış gəzmişdir, onların paleogenetik təkamülünü və coğrafi zonallıq prinsiplərinin kompleks aqrotexniki aspektlərini yaxşı öyrənmişdir. Başqa bir tərəfdən, Azərbaycanda təbiətin, o cümlədən torpaq örtüyünün üfüqi və yüksəklik istiqa- mətində yayılmasının coğrafi qanunauyğunluqlarını o işləmişdir. Ona görə regionlarda aqrar təsərrüfatların bu qanuna uyğun formada yerləşdirilməsinə və torpaqlardan daha səmərəli və düzgün istifadələrinə əməl etməyi istəyirdi. Həsən Əliyev həmişə özünün böyük aqrotexniki tətbiqi təcrübəsinə əsaslanırdı. İlk dəfə Azərbaycanda istifadəsiz torpaqlardan dəmyə üzümçülükdə, bağçılıqda, otlaq təsərrüfatlarında istifadəsini və onların məhsuldarlıq dəyərini təcrübədə sınaqdan çıxartmışdır. Əldə olunan təcrübi nəticələrin tətbiqi Azərbaycanda 70-80-ci illərdə bu xarakterli təsərrüfatların, xüsusilə dəmyə üzümçülük sahəsinin artırılmasına geniş imkanlar vermişdir.
Vaxtilə Azərbaycanda Kür qırağı Tuqay meşələrinin biocoğrafi strukturunun və müasir vəziyyətinin kompleks tətbiqini yaxşılaşdırmaq, meşələrin kütləvi şəkildə qurumasının ekocoğrafi səbəblərini və onların arid xarakterli kserofit ağac kolları ilə əvəz olunmasının elmi əsaslarını işləmişdir. Bundan sonra Azərbaycanda Tuqay meşələrinin müasir vəziyyətini qoruyub saxlamaq tədbirləri və areallarını əks etdirən irimiqyaslı tətbiqi xəritələri hazır­lanmışdır. Nəticədə, ölkəmizdə nəinki Tuqay meşələrinin, bütünlüklə müasir meşələrimizin bərpası və mühafizəsi üçün dövlət səviyyəsində kompleks meliorativ tədbirlər planının işlənib hazırlanmasına zərurət yarandı. Tədricən, meşələrin məhsuldarlığı, onların struktur ərazi tərkibi, sıxlığı və milli mühafizəsi sahəsində yeni təkliflər verildi. Xüsusilə Azərbaycanda meşələrin və digər uyğun təsərrüfatların gələcək bərpasının intensivləşdirilməsi üzrə ardıcıl tədbirlər sisteminin əsası qoyuldu. 1972-ci ildən başlayaraq respublikanın ayrı-ayrı bölgələrində zərərli radioaktiv elementlərin öyrənilməsi və onların xəritələşdirilməsi bilavasitə Həsən Əliyevin təşəbbüsü ilə oldu. Regionlarda bəsit texniki üsullarla istehsal olunan və filizsaflaşdırıcı kombinatların ətraf mühitə və kənd təsərrüfatının məhsuldarlığına, xüsusilə insanların sağlamlığına ziyanlı təsirini açıq-aydın göstərmişdir.
Artıq XX əsrin ortalarında akademikin müasir elm aləmində təklif etdiyi ən yeni “quru meliorasiya” və “fitomeliorasiya” kompleks tətbiqi metodikası ilk dəfə olaraq Siyəzən-Dəvəçi istiqamətində arid dağ yamaclarında iynəyarpaqlı şam meşələrinin salınması müasir torpaq eroziyasının intensivliyinə, xüsusilə qlobal səhralaşmaya qarşı təcrübi tövsiyəsi yenilik oldu. Bu metodun tətbiqi öz zamanında müasir ekocoğrafi tədbirlərin həyata keçirilməsində, landşaftın planlaşdırılmasında, xüsusilə aqrar islahatların aparılmasında mühüm əhəmiyyət kəsb edirdi. Aran və arid zonalarda min hektarlarla torpaqların deqradasiyasının, eroziya və denudasiya proseslərinin qarşısı alındı. Milli meşələrimizin, yamacların, unudulmuş yararsız torpaqlarımızın ekocoğrafi dəyərləri artmağa başladı. Akademikin yaradıcılıq təşəbbüşkarlığı sayəsində Azərbaycanda min hektarlarla çirklənmiş torpaq sahələri yenidən rekultivasiya olunaraq istehsal dövriyyəsinə qatıldı. Bunların hamısı böyük təcrübəli alimin Azərbaycanda ilk dəfə “quru meliorasiya” və “fitomeliorasiya” metodlarının tətbiqi sayəsində davam etdirilmişdir. Azərbaycanın Kiçik Qafqaz, Talış zonası və Mərkəzi Aran regionlarında torpaq örtüyü ilə bitki örtüyü arasındakı ekocoğrafi və genetik bağlılığı təsnifləşdirildi. Respublikamızın dağətəyi rayonlarında, xüsusilə Böyük Qafqazın cənub ətəklərində yeni meyvə bağlarının salınması böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar akademik Həsən Əliyevin Pirsaatçay, Ağsuçay və Girdmançay hövzələrində irimiqyaslı torpaq tədqiqatları öz səmərəsini verdi. Bir müddət sonra, yəni 1940-cı illərdə bu tədqiqatların davamı olaraq “Pirsaatçay hövzəsinin orta və aşağı axınlarının torpaq şəraiti və onlardan istifadəyə dair”, “Ağsuçay və Girdmançay dərələrinin torpaqları meyvə bağlarının genişləndirilməsi fondu kimi” və “Böyük Qafqazın cənub-şərq yamacı çaylarının aşağı hissələrinin torpaqları” və sair yeni ideyaları, əsərləri işıq üzü gördü. Həmin tədqiqatların nəticələri onun bütün gələcək elmi yaradıcılığının əsas istiqamətlərini müəyyənləşdirdi. Bütün bu çoxillik yaradıcılıq illərində Həsən Əliyev özünün elmi-təcrübi potensialından vətəninin, xalqının və onun coğrafiyasının gələcəyi üçün səmərəli istifadə etmişdir. Xüsusilə Azərbaycan elminin inkişafı üçün tədqiqatlarını uğurla davam etdirmişdir. Torpaqşünaslıq elminin elmi-nəzəri və praktiki problemlərinin incəliklərini bilən alim həmişə torpaq coğrafiyasını torpaqşünaslığın ən mühüm sahəsi kimi qiymətləndirirdi. “Ayrı-ayrı relyef elementlərinə görə torpaq örtüyünün coğrafiyası” məqaləsində əslində Azərbaycanda bu elmi istiqamətin əsasını qoydu. Onun hərtərəfli elmi fəaliyyəti dairəsinə torpaqşünaslıq elminin nəzəriyyəsi, torpaqların coğrafiyası, ekologiya, botanika, biocoğrafiya, meşəşünaslıq, meşə meliorasiyası, təbii ehtiyatların mühafizəsi və onlardan səmərəli istifadə kimi çoxsaylı problemlərin həlli daxil idi. Hələ 1949-1952-ci illərdə onun rəhbərliyi ilə səkkizcildlik “Azərbaycanın florası” kitabının hazırlanmasında rolu alimin elmi marağının genişliyindən xəbər verirdi. Onun çoxsahəli elmi fəaliyyətində həmişə Azərbaycan təbiətinin varlığına və milli dəyərlərinə, vətənpərvərlik qayğısına üstünlük verilmişdir.
Coğrafiya İnstitutuna rəhbərlik etdiyi illərdə meşə torpaqları coğrafiyasının öyrənilməsinə, ekoloji tədqiqatların genişləndirilməsinə və xüsusilə meşəşünaslıq elminin inkişafına xüsusi fikir vermişdir. Azərbaycan ərazisində təxminən 40 min hektardan artıq qədim meşələrin altından çıxmış torpaqların bərpasını və daha səmərəli istifadə olunması yollarını müəyyənləşdirmişdir. Dağ yamaclarında meliorasiya və fitomeliorasiya metodlarını yenidən araşdırmış və yeni təcrübi əhəmiyyətli tövsiyələr əlavə etmişdir.
Hazırda Milli Elmlər Akademiyasının bilavasitə akademikin adını daşıyan Coğrafiya İnstitutunda xüsusi şöbələrdə bu tövsiyələrin və təkliflərin tətbiqi müvəffəqiyyətlə davam etdirilir və sanballı elmi nəticələr əldə olunur. Hələ 1898-ci illərdə məşhur rus alimi Dokuçayevin Qafqazda kəşf etdiyi torpaqların şaquli zonallıq prinsipinə dair akademikin xüsusilə Böyük Qafqaz dağlarının torpaqlarının genetik-coğrafi və strukturu cəhətdən formalaşmasına dair söylədiyi coğrafi fikirləri və ideyaları bir daha müvəffəqiyyətlə öyrənilir. Onun “Azərbaycanda qəhvəyi meşə torpaqlarının yayılması”, “Azərbaycanda qara torpaqların yayılması məsələsinə dair”, “Böyük Qafqazın şərq hissəsinin qəhvəyi meşə torpaqları” və sair elmi əsərlərindəki konstruktiv tövsiyələri elmi dəyərinə görə indi də yüksək nüfuz qazanmışdır.
Həsən Əliyev xüsusilə ömrünün son dövrlərində Azərbaycanda təbiətin qorunması məsələsində milli ağrılı bir problem kimi “Həyəcan təbili” (1976) kitabını yazdı. O, kitabında Azərbaycanda təbiətin kəskin deqradasiyaya uğramasının səbəblərini və onun qarşısının alınmasında hər bir azərbaycanlının əsas vəzifəsi hesab etmişdir.
Həmin kitabında akademik yazmışdır: “Torpaq dilə gəlib şikayətləndi. Kimdən? Özünün “süd verib, bəslədiyi” insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından birisi kimi haray saldım ...dedim ki, qoy səsimi hamı eşitsin. Bu “Həyəcan təbili”ni insanların qulağının dibindən asmaq lazımdır”.
Həmin kitabın nəşrindən 30 ildən çox keçməsinə baxmayaraq, indi də insanlarda onun təbiətə olan milli vətənpərvərlik çağırışları respublikamızda hər bir təbiət guşəsinin, istirahət mərkəzlərinin, bütövlükdə müasir landşaftların aqrotexniki planlaşdırılması texnologiyasında öz səmərəli aktuallığını qoruyub saxlamışdır. Hələ 40 il əvvəl zəhmətsevər alim öz ömür təcrübəsinə əsaslanaraq böyük həyəcanla yazırdı: “Düzənliklərdə münbit torpaqların ərsəyə gəlməsi üçün milyon illər lazımdır, lakin onun yararsız hala düşməsi üçün bizə uzun illər lazım gəlmir”. Həqiqətən, hazırda bəzi aran rayonlarımızda qədim drenaj-kollektor sistemlərinin fəaliyyətinin müasir texnoloji baxımdan aşağı səviyyədə olması, itib-batması torpaqlarımızın ciddi şorlaşmasına və sıradan çıxmasına səbəb olan ən yaxşı misaldır.
Uzun illərdən bəri sovet məkanında respublikamızın yeraltı və yerüstü sərvətləri, həqiqətən intensiv istismar olunurdu, lakin onların vaxtlı-vaxtında qorunmasına və bərpasına fikir verilmirdi. Nəhayət, 1969-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunda bilavasitə akademik H.Ə.Əliyevin təşəbbüsü ilə yaradılmış müstəqil təbiəti mühafizə şöbəsi bu problemlərin həllini və milliləşdirilməsi missiyasını öz üzərinə götürdü. Ölkə­mizdə ətraf mühitin mühafizəsi və problemlərin həlli ilə bağlı geniş elmi islahatlara başlanıldı. O cümlədən dağ mədənlərində pozulmuş torpaqların rekultivasiyası, pozulmuş meşələrin yenidən bərpası, meşə ziyanvericilərinə qarşı bioloji mübarizə üsulları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrinin yenidən təşkili, atmosferin çirklənməsi və sair yeni aqrar-istehsal metodları işlənildi. Dövlət səviyyəsində Azərbaycanın meşə təsərrüfatlarının inkişafına dair yeni tətbiqi xəritələr və layihələr hazırlandı. Meşələrin bərpası işlərində yerli şəraitə uyğun ağac növlərinə üstünlük verildi. Akademikin rəhbərliyi ilə Qarayazı məntəqəsindən başlamış Xəzər dənizinədək Kürboyu uzanan qədim Tuqay meşələrinin mühafizəsi və bərpasına yenidən baxıldı. Meşəçilik sahəsində əldə olunan yeni tətbiqi metodların və təcrübələrin nəticələrindən Qarayazı, İsmayıllı və Lənkəran dövlət qoruqlarının bərpasında və inkişafında geniş istifadə edildi. Əldə olunmuş elmi nəticələr “Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları” (1964), “Qəhvəyi meşə torpaqları” monoqrafiyalarında elmi yenilik kimi nəşr olundu. Yeni elmi-metodoloji fikir və ideyaların təbliği aparıldı.
Akademik H.Ə.Əliyev Azərbaycanda meşə torpaqşünaslığı üzrə torpaqların coğrafi qanunauyğunluqları və zonallıq prinsiplərinə müəyyən əlavələr etmişdir. Dövlət sahə qoruyucu meşə zolaqlarının layihəsini əsaslandırmaq məqsədilə uzun müddət Gəncə, Qazax göl massivi boyu hərtərəfli torpaq tədqiqatları aparmışdır. Xüsusilə quru yamaclarda terras xarakterli məsələlərin inkişafı ona həvalə olunmuşdu. Bütün bunları nəzərə alaraq Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda akademik H.Əliyevin rəhbərliyi ilə ayrıca meşə torpaqları laboratoriyası yaradıldı. Böyük və Kiçik Qafqazda, Talış dağlarında meşələrin torpaq-ekoloji tədqiqatları davamlı aparıldı.
Ardıcıl aparılan torpaq tədqiqatları göstərdi ki, Azərbaycan ərazisinin əksər hissəsində səthi yuyulma və külək eroziyası getdikcə fəallaşır. Ona görə hələ əsası 1945-ci ildən qoyulmuş torpaq eroziyasına dair tədqiqatların miqyası genişləndirildi. İlk mərhələdə respublikada eroziya törədən coğrafi amillərin xəritəsi tərtib edildi. Eroziyaya daha çox məruz qalmış torpaq sahələri müəyyənləşdirildi, eroziya ilə mübarizə üçün yeni aqrotexniki, meşə-meliorativ tədbirləri işlənildi. Müasir dövrün ən aktual problemlərindən biri olan təbiətin mühafizəsi kompleks məsələsi ön plana çıxarıldı, bu sahədə elmi-tədqiqat işlərinə geniş yer verildi.
Azərbaycanı qarış-qarış gəzməyi sevirdi, çoxillik təcrübəsinə əsaslanaraq meşələrin məhsuldarlığını artırmaq, onların sahəsini ildən-ilə genişləndirmək, meşə bitkiləri ilə torpaq örtüyü arasındakı mikrobioloji mübadilənin mexanizmini öyrənməyə çalışırdı. Həmişə xarici ölkələrdəki nümunəvi təcrübələri vətənimizə tətbiq edirdi. Məsələn, almanlar meşələrə çox mənalı və müasir səslənən ad veriblər: “Yaşıl ciyər”. Almanların meşələrə olan bu qayğı və məhəbbətini qəbul edərək, onların yaşıllıqlar səltənətinə təkrar-təkrar səyahət edib, oradakı səliqə və təmizliyə heyran olduğunu yazmışdır. Akademik H.Ə.Əliyev bu iki ölkənin coğrafiyasını müqayisə edərək çox təəssüflə qeyd edir ki, Almaniyanın sahəsi Azərbaycanın ərazisindən bir az böyükdür. Ancaq orada müxtəlif heyvanlar – maral, cüyür, qaban, dağ keçisi sürü ilə gəzdiyi halda, bizim meşələrdə bunlar barmaqla sayılır. Bunların səbəbini birinci növbədə, özümüzdə axtarmalıyıq və vətənpərvərlik, təbiətə məhəbbət hisslərini artırmağa çalışmalıyıq. Vaxtilə görkəmli akademik dəfələrlə təklif etmişdir ki, respublikamızda təbiətin, o cümlədən torpaqların mühafizəsi üçün xüsusi elmi təcrübi stasionarların yaradılması vacibdir. Bilavasitə Həsən Əliyevin təşəbbüsü ilə yaradılmış “Azərbaycan təbiəti” jurnalı bütövlükdə təbiətşünaslıq mədəniyyətinin kütləvi təbliğatını təşkil etdi. Bundan sonra respublikamızda təbii fitobioloji resursların potensial ehtiyatları, texniki yataqların genetik-coğrafi xarakteristikası tədqiq edildi. Akademik H.Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanda yeni qoruq və yasaqlıqlarımızın, milli parklarımızın sayı hazırda gündən-günə artır. Səmərəli elmi fikirlərə əsaslanaraq parklarımız yenidən layihələşdirilir, milliləşdirilir, yəni ərazi struktur tutum potensialı cəhətdən kompleksləşdirilir. Bunların hamısı milli parklarımızın coğrafi potensialından daha kompleks istifadə olunması ilə bağlıdır. Respublikamızın müxtəlif ərazilərində yerləşən bu təbii parkların və yasaqlıqların hərəsinin özünəməxsus ekobioloji müxtəlifliyi vardır.
Akademik H.Əliyev ölkəmizdə müasir ekocoğrafi problemlərin sırasında su probleminin həllinə də həmişə xüsusi fikir vermişdir. Məlum olduğu kimi, respublikamızda suya olan ehtiyacımız ildən-ilə artır. Ona görə də o, sudan kənd təsərrüfatında, adi məişətdə daha qənaətlə və səmərəli surətdə istifadə etməyi tələb etmişdir. Azərbaycan təbiətinin, hər qarış torpağının və suyunun mühafizəsi sahəsində H.Əliyevin təcrübi xidmətləri əvəzsizdir. O, radio, televiziya və mətbuat vasitəsilə cəmiyyətin ekoloji maariflənməsinə, mədəniyyətinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi.
Həmişə təbii ehtiyatların kompleks tədqiqi və təsərrüfat istifadəsini elmi cəhətdən əsaslandırırdı. Çünki təbii sərvətlərin mühafizəsində və istehsalında birinci növbədə insan amili, onların sosial vəziyyəti mühüm yer tutur. Həsən Əliyev bu barədə yazırdı: “Bir şeyi yadda saxlamaq lazımdır: yer üzərindəki bioloji mühit məhv olan deyil, onun nizamının pozulması yeni bir mühit yaradıb, bu mühiti yaşada bilər. Yerin geoloji inkişaf tarixində belə hallar olmuşdur. Lakin coğrafi mühitin dəyişdirilməsi müəyyən mənada bəşərin varlığını təhlükə qarşısında qoyur. Ona görə insan özü-özünün, həm də çevrələrindəki təbiətin keşikçisi olmalıdır, başqa heç bir canlı onun harayına çatmayacaq”. Həqiqətən, akademik Həsən Əliyevin bu tarixi müdrik kəlamları XX əsr Azərbaycan təbiətinin qorunmasının dağılmaz sipərinə çevrilmişdir. O, insanları sevdiyi kimi vətəninin çiçəyini də, çəmənini də, ağacını da, heyvanlarını da, ümumən, əsrarəngiz landşaftlarını ürəkdən sevirdi. Çünki akademik Həsən Əliyev həm özü yaşayırdı, həm də təbiəti yaşadırdı. Həsən Əliyev şəxsiy­yəti ictimai milli həyatımızda, yaddaşlarımızda təbiətin ən böyük mühəndis keşikçisi olaraq qalmışdır. Onun vaxtilə qaldırdığı milli ekocoğrafi problemlərin həlli bu gün də olduqca aktualdır. Ona görə vaxtilə qaldırdığı həyəcan təbili harayı indi də vətənini sevən hər bir kəsin qulağında daim səslənir, doğma ana təbiətin vətənpərvərlik harayına qoşulur. Bizim hər birimizin vətənpərvərlik borcumuz isə tanınmış akademik H.Əliyevin elmi ideya və tövsiyələrini daima qoruyub yaşatmaqdır.

Habil Haqverdiyev
Tünzalə İsmayılova
“Respublika” qəzeti, 31 avqust 2016-cı il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR