Sentyabrın 4-də Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açıb.
Qeyd olunub ki, ölkə başçısının 5 sentyabr 2009-cu il tarixli “Təhsil haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Fərmanının icrasını təmin etmək və gənc kadrların iş şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli Qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli Qərarında dəyişiklik edilib. Yeni qərara əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişi ilə iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən 35 yaşadək gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 60 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində əməkhaqqına hər ay 160 manat məbləğində əlavələr ödəniləcəkdir. Üçillik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya əməkhaqqına əlavə olunacaqdır.